Yaddas kitabcasi

“Həkim” təxəllüslü qəhrəman

1980-ci il. Şəhər 3 nömrəli tam orta məktəbinin səsli-küylü dəhlizi. Biz – rayonun natamam kənd məktəbindən gələn şagirdlər belə iri bina görməmişdik. Yeni müəllim və şagirdlərlə görüşəcək, onlarla ünsiyyət qurmağa çalışacaqdıq.
“Həkim” təxəllüslü qəhrəman
1980-ci il. Şəhər 3 nömrəli tam orta məktəbinin səsli-küylü dəhlizi. Biz – rayonun natamam kənd məktəbindən gələn şagirdlər belə iri bina görməmişdik. Yeni müəllim və şagirdlərlə görüşəcək, onlarla ünsiyyət qurmağa çalışacaqdıq.

Zəng vuruldu. Yeni təhsil ilini hərbi dərslə başlamalı idik. Budur, hərbi geyimli müəllim qürurla qarşımızda durmuşdu. Onun hərbi geyimi və zəhmli duruşu diqqətimi çəkdi. Müəllim özünü təqdim etdi – Abdulhəkim Rüstəmov, sadəcə, Həkim müəllim.
Onda hərbi dərsliklər rus dilində idi. Mövzular müəllim tərəfindən Azərbaycan dilinə tərcümə olunurdu ki, şagirdlər deyilənləri daha rahat başa düşə bilsin. Dərs o qədər maraqlı və nizamlı keçirdi ki, bütün şagirdlərin diqqəti müəllimə yönəlmişdi. Həmin gündən qərara gəldim ki, mən də hərbi müəllim olub, şagirdlərə hərb elminin sirlərini öyrədəcəyəm.
Günlər öz axarı ilə keçirdi. Həmişə hərbi dərsin başlanmasını səbirsizliklə gözləyir, verilən tapşırıqları həvəslə yerinə yetirir, hərbi terminləri öyrənirdim. Bir neçə ay sonra müşahidələrinə güvənərək Həkim müəllim məni sinfin manqa komandiri təyin etdi. Bu təyinatdan sonra hərbiyə olan marağım və müəllimin etimadı bu fənnə həvəsimi daha da gücləndirdi.
Bir gün siniflərarası futbol yarışı keçirirdik. Kənd uşağı olduğumuzdan rəqib komandanın oyunçularının çoxunu tanımırdıq. Oyun başlayan kimi, qapımız qol atəşinə tutuldu. Birinci hissəni böyük hesabla uduzduq. Topların əksəriyyətini cüssəli, çevik və qarabuğdayı bir oğlan vurmuşdu. İkinci hissədə onu nəzarət altına aldıq, qapımıza yaxınlaşmasına imkan vermədik.
Mən də həmin oyunda qol vura bildim. Oyundan sonra həmin oğlanla tanış olum. Söhbətimiz doğrudan da tutdu: adı Cəlal idi. Cəlalla ilk tanışlığım belə başladı. Sonradan bildim ki, Cəlal Həkim müəllimin oğludur. Biz iki il bir komandada məktəbin idman şərəfini qoruduq, nailiyyətlərlə birgə sevindik.
İllər arxada qaldı, həyat hərəmizi bir sahədə sınağa çəkdi. Hərbi xidmətdən sonra mən sənədlərimi Nikolayev şəhərindəki hərbi məktəbə verib, kursant adını qazandım. Cəlal isə Azərbaycan Neft-Kimya İnstitutunun qiyabi şöbəsinə daxil oldu.
Uzun müddət bir-birimizlə əlaqəni itirdik. Həmin vaxtlarda heç ağlımıza gəlməzdi ki, mənfur qonşularımız fürsət tapıb SSRİ-nin tərkibindən çıxan, müstəqilliyi uğrunda mücadilə edən respublikamızın torpaqlarına göz dikəcəklər. 1990-cı ilin 20 yanvar faciəsi vətənini canından artıq sevən azərbaycanlılara dinclik vermədi. Onların bir çoxu tələbə, məsul vəzifə sahibi olmasına baxmayaraq, Vətən sevgisi, torpaq məhəbbəti ilə Azərbaycana qayıtdı. Onlardan biri də Cəlal idi.
Tale bizi 1991-ci ildə Bakı avtovağzalında görüşdürdü. Xeyli söhbət etdik, ölkəmizdə gedən prosesləri özlüyümüzdə analiz edəndən sonra necə çətin bir vəziyyətə düşdüyümüzü bir-birimizə açıqladıq. O da, artıq öz qərarını vermişdi. İşini, vəzifəsini, bütün imkanlarını qoyub, Vətənə qayıtmışdı. Həmin ərəfədə Cəlal Tümen vilayətində Novıy Urenqoy şəhərində neft sənayesi sahəsində baş mühəndis vəzifəsində işləyirdi.
1992-ci il Xocalı faciəsi, erməni cəlladlarının törətdiyi vəhşiliklər Cəlalın qəlbində intiqam hissini daha da alovlandırdı. O, xəstəxanaları gəzərək yaralılarla görüşüb, öz qanını belə onlardan əsirgəmədi. Vücudundan baş qaldıran hiddət, onu silaha sarılmağa, Vətənin layiqli oğulları kimi cəbhəyə yollanmağa, mənfur düşmənlərin layiqli cəzasını verməyə sövq etdi.
Qısa müddətdə göstərdiyi şücaətlərə və hərbi bacarığına görə komandirlərin diqqətini cəlb etdi. Onu ən strateji və vacib tapşırıqları yerinə yetirməyə göndərirdilər. Artıq Cəlal peşəkar bir kəşfiyyatçı kimi ermənilərin canına qorxu salmışdı.
Döyüşçü yoldaşlarının yadındadır ki, düşmənlər onun başına külli miqdarda pul mükafatı ayırmışdı. Onu bir çoxları Cəlal kimi tanımasınlar deyə, özünə “Həkim” təxəllüsü seçmişdi.
Bu təxəllüsü ilə atası Həkim müəllimin ruhunu sevindirir, bundan ruhlanaraq İsmayıllı qartalı kimi döyüşdən-döyüşə atılır, ermənilərin başına od ələyirdi. Qəhrəmanlığının sədası Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də çatmışdı. Bu qanlı-qadalı günlərdə “Həkim”i yeni-yeni təyinatlar, dövlət əhəmiyyətli tapşırıqlar gözləyirdi.
Döyüşlərin birində “Həkim” hələ də heç kimə məlum olmayan səbəbdən “alovlu mələk” kimi yox oldu.

İsmayıllının Mican kəndində doğulan, Azərbaycan boyda qəlbi olan bu qəhrəmanımız itkin düşən şəhidlər sırasını artırdı. Hələ də dilim gəlmir ki, bu qəhrəman döyüşçümüzə “Allah rəhmət eləsin” deyim. Elə bilirəm ki, nə vaxtsa “Həkim” qayıdacaq, öz əzizləri ilə yanaşı, biz – dostlarının da göz yaşlarını siləcəkdir.
Cevindirici haldır ki, Cəlal Abdulhəkim oğlu Rüstəmovun xatirəsinə Micanın ən görkəmli yerində milli memarlıq üslubunda gözəl bulaq-abidə kompleksi tikilib. Bu abidə Cəlalı tanıyanların, onların əzizlərinin və micanlıların qürur, fəxr yeridir.
Bu günlərdə məktəbimizin şagirdləri ilə xatirə abidəni ziyarət etdik.
Əminəm ki, abidənin önündən keçən hər kəs bir anlığa ayaq saxlayıb “Həkim”in intizarlı gözlərinə baxacaq, təmiz bulaq suyundan içib, vətənimizin neçə belə qəhrəman igidini xatırlayacaqdır.
Tahir Abdullayev,
Cülyan kənd tam orta məktəbinin gənclərin çağırışaqədərki hazırlığı müəllimi

Şərh Yaz