Ömür kitabından səhifələr

Ömür kitabından səhifələr
Yaxşı insan Allahın Yerdəki elçisidir – demişlər. Dostları, onu tanıyanlar haqqında danışanda, dilə gətirdikləri ilk fikir, deyə biləcəkləri ifadə məhz “yaxşı insan, gözəl ziyalı” sözləri olur. Ömür kitabından səhifələr

Yaxşı insan Allahın Yerdəki elçisidir – demişlər. Dostları, onu tanıyanlar haqqında danışanda, dilə gətirdikləri ilk fikir, deyə biləcəkləri ifadə məhz “yaxşı insan, gözəl ziyalı” sözləri olur.
Ömür kitabından səhifələr
Bu insan birinci görüşdən yadında qalır, qarşı tərəfdə xoş və səmimi ovqat yaradır. O, həmişə söhbətlərində deyir:
– Ağıl və kamal ən qiymətli xəzinədir, vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq yandırır. Ziyalılıq müdriklikdir, müdriklik isə xeyirxahlıqdan doğulur.
Həyatın bərkindən-boşundan çıxmış bu insan kömək, məsləhət məqsədi ilə qapısını döyən hər kəsə xeyirxahlıq əlini uzatmağı, onlara dayaq durmağı yaşadığı ömür, həyatının şərəfli anları hesab edir.
Vaxtın dəyirmanında ovulan, ömür karvanında ötüb keçən illər bu maarifpərvər insanın saçlarına dən salıb, onu el ağsaqqalına çevirib, baba edib.
Əslinə qalanda, o, gəncliyində də ağsaqqal olub. Ağaran saçları pərvazlandırıb müstəqil həyata vəsiqə alan yetirmələrindən, əziz, doğma övladlarından ona qalan yadigardır.
Haqqında söhbət açdığımız bu gözəl el ağsaqqalı, sevimli ziyalı, əqidə və mövqe sahibi Fərman Zakir oğlu Bəşirov 1944-cü il yanvarın 17-də İsmayıllı rayonunun İsmayıllı kəndində dünyaya göz açıb. Şəhərin 1 nömrəli məktəbində aldığı orta təhsil qızıl medala layiq görülüb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsini bitirib. Rayonumuzun sayılıb-seçilən ziyalısı əmək fəaliyyətinə gənclər şəhəri olan Sumqayıtda başlayıb. 1967-1971-ci illərdə şəhərin 8 nömrəli fəhlə-gənclər məktəbində fizika müəllimi işləyib. Həmin il İsmayıllıya qayıdıb və 1971-1978-cı illərdə İsmayıllı rayon qiyabi orta məktəbində, 1979-cu ildən isə şəhər 3 nömrəli orta məktəbə direktor vəzifələrində çalışıb.
Fərman Bəşirov sadə, təvazökar, mülayim, əməkdaşlara qarşı həssas və qayğıkeş münasibət göstərən bir insan olub və bu gün də elədir. O, eyni zamanda işdə son dərəcə tələbkardır, öz vəzifə borcunu vicdanla yerinə yetirməyənlərə güzəştə getməyib. Bunun dəfələrlə şahidi olanlardan biri də mənəm.
1989-cu ilin dekabrında F.Bəşirova böyük etimad göstərildi. Rayonda ilk dəfə olaraq İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri olmaq üçün 19 nəfərin qoşulduğu seçki keçirildi. Fərman müəllim böyük üstünlüklə qələbə qazandı.
Böyük ənənəsi olan İsmayıllı təhsilinin inkişafı üçün Fərman müəllim ziyalılıq nümunəsi göstərdi. O, həmişə güclülər, bacarıqlılar, istedadlar üçün mayak, öz üzərində çalışmaq istəməyənlər üçün isə keçilməz sədd olub, elmdə, təhsildə heç vaxt güzəştə getməyib.
Biz onu belə görmüşük. Fərman müəllim saf adamdır, dostluqda olduqca sadiqdir. Həyatda belə insanlar az-az olur.
Bir dəfə Təhsil Nazirliyində oldum. İsmayıllıdan olduğumu bilənlərin hamısı Fərman müəllimi soruşdu, ona salamlarımızı çatdırın dedilər. Respublikada müxtəlif illərdə təlim kurslarında, sanatoriyalarda, xəstəxanalarda, sadə insanlar arasında olanda, söhbət İsmayıllıdan getdiyi halda, Fərman müəllimi soruşanlara çox rast gəlmişəm. Yəqin ki, bütün bunlar onun dostluğa sədaqətinin, səmimiyyətinin, işgüzarlığının, təəssübkeşliyin, nəhayətdə, alicənablığının nəticəsidir.
Fərman müəllim qətiyyətli, aydın mövqe sahibidir. Həlledici fikir söyləmək məqamında ən doğru, düzgün yolun seçilməsi, lazımı anda cəsarət nümayiş etdirə bilməsi onun mühüm xüsusiyyətlərindəndir. Arxada qalan ilin məlum yanvar hadisələrində bunun bir daha şahidi olduq. Fərman müəllim dediyi sözə sahib duran ziyalıdır.
Yeni tikilmiş şəhər 5 nömrəli tam orta məktəbinə Fərman Bəşirov 2004-2011-ci illərdə direktorluq edib. Bu təhsil ocağında da yeni bir ənənə, nümunəvi bir kollektiv yaradıb. Qısa müddət ərzində məktəbi respublika səviyyəli məktəblər sırasına çatdırıb. Məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Hazırda da bu təhsil ocağını bitirən məzunların sorağı respublikanın müxtəlif ali məktəblərindən gəlir. Rayon üzrə ən yüksək bal qazanan şagirdlər, Prezident təqaüdçüləri daha çox bu məktəbin ünvanına yazılır. Fərman müəllimin bu məktəbdə direktor işlədiyi illərdə direktorun müavini işləmiş, Azərbaycan dili və ədəbiyyatı müəllimi Elçin Məmmədov artıq neçə ildir ki, bu estafeti uğurla davam etdirir. O, Fərman müəllim haqqında danışarkən bu sözləri deyir:
– Fərman müəllim bizə və şagirdlərə möhkəm iradəyə malik olmağı tövsiyə edib, həmişə deyirdi ki, N.Ostroviskinin “Polad necə bərkidi”, Q.Xəlilovun “Yaşamaq istəyirəm”, C.Londonun “Həyat eşqi” əsərlərini təkrar – təkrar oxuyun. O, ustad müəllim, Vətənə bağlı böyük ziyalıdır. Xoşbəxtəm ki, onunla işləmək, ondan nəsə öyrənmək mənə də nəsib olub. Onun həyatı davamçıları üçün örnəkdir.
70 yaşa yetişməsi münasibətilə kollektivimiz adından ağsaqqal müəllimimizi təbrik edirəm. Bu böyük ziyalıya uzun ömür, can sağlığı arzulayıram.
Dostları Fərman Bəşirovun səmimiliyinə, sadəliyinə yüksək dəyər verirlər. Bütün məclislərində onu görməyə alışıblar. Fərman müəllim hesab edir ki, var-dövlət dost deyil, dost isə var-dövlətdir. Fərman müəllimin təkcə yaşadığı rayonda deyil, respublikanın bütün bölgələrində dostları var. Yaxın dostlarından Cümşüd Hacıyev onun haqqında belə deyir:
– Rahat yaşamaq üçün pulun, var-dövlətin yeri var. Amma insan həyatı hər şeydən qiymətlidir. Fərman müəllim heç vaxt pul qazanmaq fikrində olmayıb. Qazandığını da ailəsi, dostları üçün xərcləyib. Yüksək intellekt sahibi olan bu insanla istənilən sahədə rahatlıqla danışmaq olur. O, gözəl həmsöhbət, kimi maraqlı şəxsdir. Harada çalışmasından asılı olmayaraq, o, heç zaman dostlarını unutmur, onları daim yad edir, əlaqə saxlayır.
Nizami Əhmədovun Fərman müəllim haqqında fikirləri:
– Fərman Bəşirovun zəngin daxili aləmi, müsbət aurası var. Bir dəfə onun müsahibi olan hər kəs bu insanı yaddan çıxara bilmir. Milli-mənəvi dəyərlərə bağlılıq, yüksək mədəniyyət, alicənablıq kimi keyfiyyətlər Fərman Bəşirovun portretinə xas ştrixlərdir.
Təqaüddə olan müəllim, hazırda şəhər 6 nömrəli tam orta məktəbinin direktor müavini Əşrəf Hüseynov isə Fərman müəllim haqqında fikrini belə ifadə edir:
– Fərman müəllim həyatda xeyirxah, işdə tələbkar ziyalıdır: Hər şeydən öncə, o, əsl vətəndaşdır, alovlu vətənpərvərdir. Onun bütün fəaliyyəti vətənpərvərlik mövqeyi üzərində qurulub. Onun rəhbərliyi altında məktəb işində müxtəlif vəzifələrdə çalışmışam. Qayğısını həmişə hiss etmişəm.
Fərman müəllim yaşı ilə əlaqədar işdən uzaqlaşdırılmışdı. Çox az-az görünürdü. Bəlkə də hisslərə qapılıb evdə, nəvələrlə vaxtını keçirməyə çalışırdı. Yaxşı ki, yaxşı kişilər, yaxşını görənlər də var. Hörmətli Mirdaməd müəllim rayona İcra Hakimiyyəti başçısı təyin olunduğu gündən Fərman müəllimə bir ağsaqqal kimi dəyər verdi, uğurlu işlərin başlanğıcı üçün ondan məsləhətlər aldı. Bu, Fərman müəllimi yenidən cəmiyyətə qaytardı, ömrünün üstünə ömür gətirdi. Bunun üçün Fərman müəllimi sevənlər adından RİH başçısı, Əməkdar Elm Xadimi Mirdaməd Sadıqova təşəkkür edir, ona öz dərin minnətdarlığımızı çatdırırıq.
10-dan çox elmi məqalələrin, metodik materialların müəllifi olan Fərman Bəşirov “Əbədi yaşayanlar”, “İsmayıllı toponimləri” və “İsmayıllı təhsil tarixindən” adlı kitabların həmmüəllifidir. O, təcrübəli pedaqoq kimi, müntəzəm olaraq dövri mətbuatda çıxışlar edib. F.Bəşirov Azərbaycan müəllimlərinin II və III qurultaylarının nümayəndəsi olub. Qurultayda “Azərbaycan təhsilinin bu günü və sabahı” mövzusunda məruzəsi dinlənilib.
Uzun müddət Fərman müəllimlə bir yerdə çalışmış, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Hafiz Kərimov onun haqqında fikirlərini bu cür açıqlayır:
– Fərman müəllim insanlığı bütün rəsmi titullardan üstün tutur. Onun böyüklüyü obyektivliyində və sadəliyindədir. Bu sadə insanı – Fərman Zakir oğlu Bəşirovu 70 illik yubileyi münasibətilə rayonun bütün təhsil işçiləri adından ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayıram.
Tanıyanlar tərəfindən ustad müəllim, el ağsaqqalı kimi sevilən Fərman müəllim həm də mehriban ailə başçısıdır. Üç övlad atasıdır. İki oğlu, bir qızı, yeddi nəvəsi var. Onlara da Fərman müəllimin ucalıq yolunu arzulayırıq.
Biz bu yazıda yaxşı bir ziyalının, həyat yolu örnək olan bir kişinin ömür kitabının səhifələrini vərəqlədik. Fərman Zakir oğlu Bəşirovun portretini yaratmağa çalışdıq.
F.Bəşirovun həyatı və fəaliyyəti bir nümunə məktəbidir. Ziyalılığı, ağsaqqallığı ilə seçilən və sevilən 70 yaşlı Fərman müəllimə könül xoşluğu, cansağlığı arzulayırıq.
Hacıməmməd Məmmədov,
rayon Ağsaqqallar Şurasının üzvü

Şərh Yaz