Ədəbi irsimizdən Kərbəlayi Allahi Arif Şirvani – Lahicani

Bu şair haqqında 1951-ci ilin yayında mərhum ədibimiz Manaf Süleymanovdan eşitmişdim. M.Süleymanov və akademik Soltan Mehdiyev yay zamanı Basqalda dincəlirdilər. Demək olar ki, hər gün biz Məşədi Kamil əminin kiçik emalatxanasında görüşür, onların keçmişin acılı-şirinli xatirələrinə böyük həvəslə qulaq asırdım. Onların hər ikisi şair Arif Allahinin qəzəllərini, bir neçə həcvini bəhsəbəhslə əzbər söyləyəndə, əfsus ki, onları yalnız dinləmiş, yazmamışdım. Dəfələrlə Lahıcda olanda qəsəbənin qocaman sakini Məşədi Məhəmmədəli əmi rəhmətlik də Arif Allahi haqqında çox şey bilirdi. Yazılı mötəbər istinad məxzi olmadan fikir söyləmək məsuliyyətindən çəkindiyim üçün yalnız onlardan eşitdiyimi yaza bilərəm. Danışırdılar ki, Arif Allahinin bədahətən şeir demək qabiliyyətindən xəbər tutan Azərbaycan xanlığının son nümayəndəsi olan Mustafa xan (? – 1844) onu Lahıcdan öz sarayına aparmış, onun şəxsiyyətindən, istedadından razı qalırmış. Ədəbi irsimizdən

Kərbəlayi Allahi Arif Şirvani – Lahicani

Bu şair haqqında 1951-ci ilin yayında mərhum ədibimiz Manaf Süleymanovdan eşitmişdim. M.Süleymanov və akademik Soltan Mehdiyev yay zamanı Basqalda dincəlirdilər. Demək olar ki, hər gün biz Məşədi Kamil əminin kiçik emalatxanasında görüşür, onların keçmişin acılı-şirinli xatirələrinə böyük həvəslə qulaq asırdım. Onların hər ikisi şair Arif Allahinin qəzəllərini, bir neçə həcvini bəhsəbəhslə əzbər söyləyəndə, əfsus ki, onları yalnız dinləmiş, yazmamışdım. Dəfələrlə Lahıcda olanda qəsəbənin qocaman sakini Məşədi Məhəmmədəli əmi rəhmətlik də Arif Allahi haqqında çox şey bilirdi. Yazılı mötəbər istinad məxzi olmadan fikir söyləmək məsuliyyətindən çəkindiyim üçün yalnız onlardan eşitdiyimi yaza bilərəm. Danışırdılar ki, Arif Allahinin bədahətən şeir demək qabiliyyətindən xəbər tutan Azərbaycan xanlığının son nümayəndəsi olan Mustafa xan (? – 1844) onu Lahıcdan öz sarayına aparmış, onun şəxsiyyətindən, istedadından razı qalırmış.

Bədxah, şeytan fikirli adamlar bütün dövrlərdə olur. Belə adamlardan biri və ya bir neçəsi çuğulluq edərək Mustafa xanda Kərbəlayi Arif Şirvani – Lahicani haqqında bəd fikirlər yaradırlar. Xanın edamına (Fit dağından səbətə qoyularaq atılmağına) tuş gələcəyindən qorxan şair sübh namazını qılaraq “Allaha pənah!” deyib Sulut kəndindən Mücüyə gedir, oradan da Şəfi yurdu yaylağı ilə Lahıca qaçır. Bir neçə gündən sonra Şamaxıya qayıtdıqdan sonra asudəlik tapdığını bilib Mustafa xana təqsirsiz yerə günahlandırıldığı haqqında çox gözəl üslubla, nəzmlə yazdığı məktub-qəsidəsini ünvanlayır.
Çox axtarışdan sonra Hacı Seyid Əzim Şirvaninin 1934-cü ildə dərc olunmuş külliyyatında “Şüərayi- Qafqazi-vacibil –ezaz” kimi sərlövhələnmiş bölməsinə rast gəldim. Burada Qiyasəddin Şirvani, Bədr Şirvani, Seyyid Zülfüqar Şirvani, Mövlana Mücirəddin Beyləqani və sair şairlərlə yanaşı Arif Allahi Şirvaninin də iki qəzəli və “Şirvan xanı Mustafa xana qəsidəsi“ də yer alıb.
Azərbaycan Sovet Ensiklopediyasında isə bu şair haqqında çox az məlumat verilib: “Arif Şirvani – Kərbəlayi Allahi Arif XVIII əsr Azərbaycan şairi. Qəzəl və həcvlər yazmışdır. Şeirlərində dövrünün zülm və haqsızlıqlarından, vəfalı sirdaşın yoxluğundan şikayətlənmiş, Şirvan hökmdarı Mustafa xanı və onun əyanlarını pisləmişdir.”
Həmin şeir nümunələrini oxucuların ixtiyarına verməklə şair Arif Allahi Şirvani – Lahicani haqqında daha çox məlumatı olan həmvətənlərimizin köməyinə ümid edirik.
Miryavər Hüseynov


Allahi Arif Şirvani – Lahicani

Can zaru-tənim nizari sənsiz,
Ömrüm başa yetdi, yar, sənsiz.
Qəddim bükülüb kəmanə döndü,
Dil qəmdən olub fikar sənsiz.
Hicrində olubdu taqətim taq,
Əldən gedib ixtiyar sənsiz.
Yox məndə qərarü-səbri taqət,
Etməkmi olur qərar sənsiz?!
Fəryad ki, dövri namüvafiq
Qoydu məni, ey nigar, sənsiz!
Dil qönçəsi qan olub açılmaz,
Gər yüz min ola bahar sənsiz.
Ey gül, gecə-gündüz Arif ağlar,
Bülbül kimi zar-zar sənsiz.

* * *
Üz qoyub qəm hər tərəfdən qalmışam qəmxarsız,
Mayeyi-ömrü təmamən sərf qıldım yarsız.
Mübtəlayi-möhnəti-hicranü zari firqətəm,
Ruzigarım tirədir ol türreyi-qərrarısız.
Qəm məni pamal qıldı, ey müsəlmanlar, haray!
Olmasın kafər də, ya rəb, mən kimi qəmxarsız!
Qəbrimin daşına yaz, ey əhli-dil, bu misranı:
“ Verdi Arif canını min həsrət ilə yarsız.”

Şirvanın xanı Mustafa xana qəsidə

Ey nənə tövbə verən Mustafaxani-Şirvan,
Bax bu dibacəyə, məzmunun eşit, ərzimi qan!
Bu necə fikr idi, əvvəl məni xoşhal etdin,
Bilmədim noldu səbəb aqibəti oldu yaman.
Bu necə lütfü-ətadır, bu necə qəhrü-qəzəb,
Sabit et, varsa günahım, elə adil divan.
Mən əgər etdiyim iqrarıma inkar olsam,
Hökm qıl boynumu vurdur, sənə canım qurban!
Sən kimi şəxsə nə layiqdi ola vədəxilaf,
Həq rizasi bu deyil, ismi-şərifindən utan!
Ər kişinin sözü mərdanə gərək, mərd olsun,
Sahibi- rütbə olan şəxsdə olmaz ki, yalan!
Yoxdu bu əsrdə bir sən kimi xoşnəqş hərif
Edəsən etdiyin iqrarına əhdü-peyman
Kimiyadır nəzərin surəti-əhvalına bax,
Hər gədazadələrə verməgilən şövkətü-şan.
Bir məsəldir ki, gəda oğlu gədazadə olur,
Başına cıqqa qızıldan vura, olmaz sultan.
Sənə ixlası olan dostun edərsən məhrum,
Nəzəri-mərhəmətin düşmənə var bipayan.
Məni çılpaq görüb qeyri xəyal eyləmə kim,
Mahi-növ qaudəsidir olur üç gün üryan.
Gənci-bəhrimdə mənim dürrü-cəvahir çoxdur,
Bu xəridarə gərək talibi-sərrafi-cahan.
Çəkməyən həbsi-sədəf əhsəni-barani-bahar,
Alicaha, mənim eybim budu: şirvanılıyam.
Yoxdur ərbabi-kəmal içrə vəzirü-xaqan,
Sədri-məclisdə mənə laf vuran kəs çoxdur,
Şəxsi bir kimsənədir sahibi-mərdi-meydan,
Bu səxavət ki, sənin var, bu mirzə, bu vəzir,
Kərəmin cuşə gəlib gələ Hatəmi eylər dərban.
Bir nəfər şəxs bu dərgahidə var əsl nəcib
Eşik ağası Ağa bəy, özü tək yoxdu cavan,
Hacıya həcc qənim oldu ki, gəldi qapuva,
Həcərül-əsvədi sövda eləyir, yoxdur alan.
Vələdi Ağasəlim Mirzə Əlirzayi- təbib,
Ələ düşməz belə məluni-ləinü-şeytan.
Baxma şeytan sözünə, qövlü onum batildir,
Həzrəti Adəmi yoldan çıxarıb büyman.
Bu vilayətdə mənim zərbimi hər kəs ki, tutar
Özü bicdir, anası ….., atası rəhban.
Mənim həqqimdə sənə həp kişi bədguluq edə
Nəslini pis eləsin batini şahi-mərdan!
Bundan artıq danışam pərdeyi-nemət açılar
Ki gərək olmaya naməhrəmə bu sirr bəyan.
Dadirəs hakimisən qövrə yetiş, eylə nəzər,
Heç kimin rəyi ilə dönmədi çərxi-dövran.
Bu fəna, xərabatiyə bel baxlama çox,
Neçə İskəndəri mənzildə qoyub sərgərdan.
Noldu Kavus ilə Key, Xosrovu Cəmşid ilə Cəm
Həşmətü-dəbdəbəyü təntənəyi- Nuşirəvan?!
Hind ilə Rumu Dağıstandan alan bacu-xərac
Ciqqeyi- Nadiridən qalmadı asaru nişan.
Fikri –üqba elə, bu şövkətə məğrur olma,
Məsnədi-təxti Süleymanı qılıbdır viran.
“Ya şərikü əhədü qadiri-yekta” özüdür,
Cümlə müşgüllər açan, ismi ğəfurü-rəhman.
Sənə bəxşeyiş edib ruzü- zər ilə həşmət,
Mənə bəxşeyiş edibdir nəfəsi- tiğizəban.
Saxlasın hifzü- pənahında səni rəbbi-cəlil!
Düşmənin zillət ara xak ilə olsun yeksan!
Həqqə mürvətdimi bir parça çörəkdən ötəri
Öldürərsən məni, axırda olarsan peşman!
Ya mənə rüsxət ver bir də cahankəşti olum,
Zəhrimardır mənə bu şəhrdə bir parçeyi-nan.
Mirzə Cəfər ola Şirvanda çavuşbaşı,
Gəncədə rəqsə gələr qəbrdə ol Şeyx zaman.
Bu nə namusu, nə qeyrətdi, bu nə hikmətdir,
Öz itin ac qoyuban, qeyrə edirsən ehsan?!
Arifa, bəndədən əl çək, sığın Allaha pənah,
Mustafa vasitəm, Allahdan allam fərman.

Şərh Yaz