Bütün Azərbaycanın bayramı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunması barədə verdiyi sərəncamdan sonra ölkəmizin hər günü bayram təntənəsi ilə müşaiyət olunur. 10 may – ulu öndərimizin Azərbaycan dünyasına bəxş olunduğu gün isə milli bayramımızdır, dövlət bayramımızdır, ümumxalq sevincimizdir.
01 may 2013-cü il tarixdə qədim Basqal qəsəbəsində əsil bayram sevinci, fərəhi, coşğusu yaşandı. Qonşu kəndlərdən də Basqal tam orta məktəbinin iclas zalına ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini qeyd etməyə gəlmişdilər. Məktəb rəhbərliyi inzibati ərazi dairəsi üzrə nümayəndəliklə birgə bayrama çox yüksək səviyyədə hazırlaşmışdı. Girəcəkdə ulu öndərin kitablarından, şəkillərindən, ona həsr olunmuş rəsmlərdən, toxuculuq məmulatlarından ibarət sərgi düzəldilmişdi. İdmançıların nailiyyətləri də burada medallar və fəxri fərmanlarla əks olunmuşdu.
Təntənəli mərasimi Basqal inzibati ərazi dairəsi üzrə nümayəndə Novruz Əsədov açdı. YAP rayon təşkilatının sədri Əzizə Vahabova “Heydər Əliyevin həyatı və fəaliyyəti” mövzusunda məruzə etdi.
RİH-nin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Valeh Salehov çıxışı zamanı daha çox ümummilli liderin İsmayıllıya səfərləri üzərində dayandı.
Aparıcıların yüksək nitq mədəniyyəti, ifadələrindəki səmimiyyət və ulu öndərə məhəbbət, bədii qiraətçilərin ustalığı, ifaçıların qətiyyətli mahnıları iştirakçıların çox böyük rəğbətini qazandı. Kimisə kimdənsə fərqləndirmək mümkün deyildi. Ona görə də ad çəkməyi lazım bilmirəm. Hamının ürəyi fenomen şəxsiyyət Heydər Əliyevə məhəbbətlə dolu idi. Basqalda keçirilən yubiley təntənəsi digər yerlər üçün də nümunə, model kimi götürüldü.
Rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı yubiley mərasiminə daha böyük təntənə gətirdi.
Azər Abbasov

Şərh Yaz