Bir arxa ki, su gələ….

Bir arxa ki, su gəldi, ümid var bur də gələ. Əziz həmyerlilərim, mətləbə keçməzdən öncə, zamanın sınaqlarından keçərək bu günümüzə gəlib çatmış bu müqəddəs kəlama müraciət etməyi özümə borc bildim. Söz demək üçün şərait yaradan, zəmanət verən zaman və məkan məni bu kiçik yazını qələmə almağa sövq etdi.
Mən dünyaya Lahıcda göz açmışam. Ulularımız bu torpağın adını ucaltmaq, tarixini yaşatmaq üçün ömürləri boyu zəhmət və sədaqət, səxavət və mədəniyyət nümayiş etdiriblər. Lahıcda dünyaların neçə qərinə bundan əvvəl dəyişənlərin ölməzliyi, hələ də anılması və xatirələrinin ehtiramla yad edilməsi də məhz bu əxlaqi keyfiyyətlərin qorunması və dəyərləndirilməsindən irəli gəlir.
Heç kəsə sirr deyil ki, Lahıc əhli həmişə bəşəri və islami dəyərlərə xüsusi önəm vermişdir. Burada yetişən alimlərin, söz və sənət adamlarının, dövlət və din xadimlərinin say göstəricisi də bunu aydın göstərir.
Müqəddiməni uzatmadan mətləbə keçirəm:
Yaxın keçmişə qədər Lahıcda saflıq, halallıq, şəfa və son ümid yeri kimi tanınan və ziyarət olunan Mirməmmədəmin və Seyid Gülsüm, Mirdaməd ağa və Seyid Fatma ocağından insanlar çətinə düşdükləri anda müraciət etmiş, kömək ummuşlar.
Son hadisələr göstərdi ki, ayrı-ayrı şəxslərin deyil, ümumilikdə İsmayıllı camaatının müdrik ağsaqqala, saf və səmimi, hörmətli və işgüzar bir rəhbərə ehtiyacı var. Biz ismayıllıların bu ehtiyacını ödəmək üçün isə ən düzgün seçimi möhtərəm prezidentimiz cənab İlham Əliyev etdi. O, müqəddəs bir ocağın övladını, İsmayıllı torpağının yetirməsini, Mirdaməd Mirsadıq oğlu Sadıqovu “şəfa”ya, loğmana ehtiyacı olan İsmayıllımıza İcra Hakimiyyəti başçısı təyin etdi.
M.Sadıqov tanınmış el ağsaqqalı, dərin nüfuz sahibi, ölkəmizdə və onun hüdudlarından kənarda tanınan və sevilən elm xadimidir. Bu xeyirxah, təmiz qəlbli insanın vəzifəyə təyin olunduğu gündən göstərdiyi çalışqanlıq, tətbiq etdiyi iş modeli göstərir ki, qısa müddət ərzində İsmayıllı bölgənin inkişaf etmiş, müasir görkəmi, işgüzar, dövlətə və dövlətçiliyə sədaqətli insanları ilə yenə ön sıralarda olacaq.
Özümün və İsmayıllını qəlbən sevənlərin adından Mirməmmədəmin ağanın nəslinin davamçısı Mirdaməd müəllimə ona göstərilən etimadı doğrulda bilmək üçün möhkəm can sağlığı arzulayıram. Həm də əminəm ki, ismayıllılar çətin anda onlara dayaq duran seçilmiş el nümayəndəsini eşidəcək, onun rəhbərliyi altında arzuladığı firavan günləri yaşayacaqlar.
Suyu kəsilmiş arxlarımıza yenidən su gəldi. Qoy bu suyun özü ilə gətirdiyi xeyir-bərəkət, aydınlıq davamlı olsun!
Məşədi Əbülfəz Əliyev

Şərh Yaz