“Qala”da 8 Mart bayramı

Ana haqqında mahnının ürəkləri riqqətə gətirən musiqisi məclis boyu yayılır. Tədbirə dəvət alanların üzündən sözün əsil mənasında bayram əhval-ruhiyyəsi oxunur.
– Salam, hörmətli tədbir iştirakçıları, əziz, sevimli xanımlar! – deyə aparıcı mərasimin başlandığını bildirir: – Ömrümüzə gələn yaza, Novruza qucaq açdığımız bir vaxtda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş belə möhtəşəm bayram tədbirində xoş gördük sizləri!
Sorğu aparmadan, tarixə varmadan, geriyə boylanmadan bu günə baxıb 8 Martı günlərin, bayramların ən gözəli hesab edirik. Bu bayram sədaqətin, məhəbbətin, dəyanətin, ləyaqətin, xoş ülfətin, səmimiyyətin, fəzilətin, sevginin təcəssümü olan qadınların – sizlərin bayramıdır.
Baharın gəlişindən ruhumuzun qidalandığı bir vaxtda əziz xanımlarımızın bayramı bizə bir daha xoş ovqat bəxş edir.
Bu gün üçqat bir şənliyin iştirakçılarıyıq. Bahar fəsli öz təravəti ilə ana torpağımızı qucaqlayır. 8 Martı yüksək səviyyədə, istəkli insanlarımızın əhatəsində bayram edirik. Üçüncü bayram odur ki, İsmayıllı torpağının yetirməsi, hörmətli Mirdaməd müəllim İsmayıllı rayon İcra Hakimiyyəti başçısı kimi bizimlə bərabər bu məclisdədir. Rayon ictimaiyyətinin, eləcə də əziz qadınlarımız adından Mirdaməd Sadıqovu bu təyinat münasibətilə təbrik edir ona möhkəm can sağlığı, bu şərəfli, ağır və məsuliyyətli işində uğurlar arzulayırıq Bu təntənəli bayram günündə bildiririk ki, bütün ismayıllılar Sizə arxa-dayaqdırlar, mövcud problemlərin həllində Sizinlə birgə olacaqlar!
Hədsiz fəxr, qürur hissi ilə deyə bilərik ki, dövlət siyasətinə sədaqət göstərən prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında fəaliyyətə başlamış, həyata keçiriləcək hər bir layihədə rayon əhalisinin maraqlarını əsas götürən İcra Hakimiyyətinin başçısı M. Sadıqovun müdrikliyi, ağsaqqallığı və rəhbərliyi ilə həlledici vəzifələri yerinə yetirəcək, rayonumuzu arzuladığımız şəkildə görə biləcəyik. Əziz qadınlar, sizi təbrik etmək üçün sözü Mirdaməd müəllimə veririk.
RİH-in başçısı M.Sadıqov tədbirdə iştirak edən xanımları, onların timsalında rayonun bütün qadınlarını, öz adından və rayon ictimaiyyəti adından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Başçı yeri gəlmişkən, rayon ictimaiyyəti adından ona ünvanlanan təbriklərə görə təşəkkürünü bildirdi. O həmçinin qeyd etdi ki, ona göstərilən etimadın məsuliyyəti ondan və ümumilikdə hamımızdan əl-ələ verib işləməyi tələb edir. Başlıca məqsədimiz hamını işlə təmin etmək, hamının qayğısına qalmaq olacaqdır. İsmayıllını əvvəlki işgüzarlığı, gözəlliyi və firavanlığı ilə bütün ölkə tanıyacaq. Qonaqlarımız buradan ən xoş, ən şirin xatirələrlə ayrılacaqlar.
Bu arada həzin layla səsi gəldi:
Lay-lay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgüllər içində
Şirin yuxu tapasan.
Bəli, bəşər övladının beşiyi başında oxunan ən şirin nəğmə layladır. Bu nəğmə ömür boyu ruhumuzun qidasıdır. Bu nəğmədən ürəyimizə sevinc, üzümüzə təbəssüm qonur. Heç bir bəstəkar belə şirin, ruhu oxşayıb, insanı yuxuya verən ikinci bir nəğmə yarada bilməyibdi.
Bayram tədbiri çərçivəsində tarixdə ad qoymuş, dahilər yetirmiş qadınlarımız – Tomris, Sara xatun, Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, İzzət xanım Əliyeva Zərifə xanım rəhmətlə anıldı. Bu əziz gündə çoxsahəli siyasi və ictimai-mədəni fəaliyyəti ilə Azərbaycan qadını missiyasını şərəflə daşıyan, fəaliyyəti ilə hamımıza nümunə olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri millət vəkili Mehriban xanım Əliyeva və geniş ictimai fəaliyyəti ilə seçilən, Azərbaycan gəncliyinin beynəlxalq arenada təmsilçisi Leyla xanım Əliyevanı alqışlarla təbrik edir, onlara gələcək fəaliyyətlərində yorulmazlıq və uğurlar arzulayırıq.
Xanımların şəninə gözəl bir mahnı oxumaq üçün rayon xanımlarının ön cərgəsində duran, İsmayıllını vəsf etməkdən şərəf duyan, rayondakı inkişafdan sevinən Sahibə Abdullayevaya söz verilir. Muğamdan sonra mahnıya, rəqsə yer ayrılır.
Yaddaşlar təzələnir, ana, Vətən, dünyanı yaşadan məhəbbət haqqında bəyənilən mahnıların, rəqslərin, rayonumuzun adlı-sanlı qadınları haqqında bilgilərin müsabiqəsi keçirilir. Qalibləri öncədən seçilmiş münsiflər heyəti müəyyənləşdirir. Ən yaxşı ifalar, düzgün cavablar mükafatlandırılır. Əksər hallarda olduğu kimi, bu dəfə də hədiyyələr Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon Komitəsi tərəfindən gəldi. Tədbirdə iştirak edən məktəbli qızlar “Erkən nikaha yox deyək” mövzusunda səhnəcik nümayiş etdirdilər. Şəhər 1 saylı Körpələr və Uşaq Evinin təmsilçiləri anaya, qadına aid şeirlər söylədilər. Aşıqbayramlı kənd tam orta məktəbinin şagirdi Aytacın ifasında hind rəqsi gözləri, könülləri oxşadı. Onun bu tədbirdəki çıxışı RİH başçısı tərəfindən kompyuter dəsti ilə mükafatlandırıldı.
Təşkil olunmuş digər viktorinaların maraqlı suallarına cavab tapmaq xanımlar üçün o qədər də çətin olmur. Sınaqdan qalib çıxanlar qiymətli hədiyyələrə sahib olurlar.
Hörmətli xanımlar, bu bayram günündə sizin şəninizə təbriklər, xoş sözlər demək nə qədər rahatdır, – deyə aparıcı sözünü davam etdirir.
Aşıq Yanvar Bədəlov, nəfəsli alətlər ifaçısı Əlicavad Cavadovun birgə çıxışı ilə tədbir iştirakçılarının saza, sözə olan istəklərinə qol-qanad verir. Sahibə xanımın, Rövşən Teyyubovun, Piralı Şıxıyevin və Bəhruz Haşımovun ifasında səslənən mahnılar tədbirin musiqi bəzəyi olur. Qızlar, qadınlar əl-ələ tutub yallı gedirlər. İncəsənət məktəbinin oğlanlardan ibarət rəqs qrupunun ifası da alqışlarla qarşılanır. Başçı bu qrupun növbəti bayramlarda milli geyimdə çıxışı üçün fərdi geyimlərin hazırlanacağını bildirdi. “Niyal” xalq çalğı alətləri ansamblının hər bir üzvü tədbirin şən keçməsi üçün kifayət qədər əmək və bacarıq sərf edir.
Tədbirin sona yetdiyi ərəfədə rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup qadına İsmayıllı rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.
Aparıcı:
– Hörmətli xanımlar, analar və bacılar, rayon İcra Hakimiyyətinin istəyi, təşəbbüsü və təşkilatçılığı ilə sizin şəninizə keçirilən, rayonun əksər təşkilatlarından nümayəndələrin iştirak etdiyi gözəllik və məhəbbət bayramı sona yetir.
Sevimli qızlarımız, əziz qadınlarımız, bir daha bayramınız mübarək! Nəsibiniz, səadət, xoşbəxtlik, sağlamlıq, şən həyat olsun!
Əziz qadınlar! Qüdrətlənən, yüksələn və çiçəklənən Azərbaycanın daha firavan sabahlarını yaşamaq xoşbəxtliyi hər birinizə nəsib olsun!
Bayramınız mübarək!
Ş.Dağlaroğlu

Şərh Yaz