Yaddas kitabcasi

Ənənə davam edir

Ənənə davam edirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda görülmüş işlər dərin təhlil olunmuş, qarşıda duran vəzifələr və onların həlli yolları ətraflı şərh olunmuşdur.
Möhtərəm Prezident giriş nitqində görülən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində cari ilin doqquz ayında ölkəmizdə kənd təsərrüfatı sahəsində 6,3 faiz artım əldə olunduğunu, bu sahənin prioritet sahə olaraq qaldığını və gələcəkdə bu sahəyə daha böyük diqqət göstəriləcəyini vurğulamışdır. Ölkə rəhbəri iri fermer təsərrüfatlarının yaradılmasının əhəmiyyətini qeyd etmiş, mövcud torpaqlardan səmərəli istifadə etməklə, suvarma-meliorasiya layihələrini icra etməklə, yeni torpaqların dövriyyəyə buraxılmasının vacibliyindən danışmış, fermer təsərrüfatlarında taxılın məhsuldarlığının 50 sentnerə çatdırılmasını və öz tələbatımızı daxili resurslar hesabına ödənilməsinin vacibliyini vurğulamışdır.
2012-ci ilin ötən dövrü ərzində rayonumuzda aqrar sahədə böyük uğurlar qazanılmışdır. Belə ki, doqquz ay ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 52 milyon 244 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 53 min manat çoxdur. Məhsul həcminin əsaslı şəkildə artmasının əsas səbəblərindən biri ötən illə müqayisədə dənli paxlalı bitkilərin istehsalının 7378 ton artmasıdır. Ümumiyyətlə, rayon üzrə 65550 ton dənli paxlalı bitki istehsal olunmuş, məhsuldarlıq əvvəlki illə müqayisədə 2,4 sentner artmışdır.
Cari ilin 9 ayında rayon üzrə 3780 ton diri çəkidə ət, 25601 ton süd, 386 ton yun, 6108 min ədəd yumurta, 6364 ton kartof, 6802 ton tərəvəz, 4684 ton meyvə, 2481 ton üzüm istehsal olunmuşdur. Göründüyü kimi, bütün məhsulların istehsalı əvvəlki illə müqayisədə çoxdur.
01 oktyabr 2012-ci il tarixə rayon üzrə 51242 baş iri buynuzlu, 177803 baş xırda buynuzlu, 704 baş donuz mövcuddur. Donuzların baş sayı istisna olmaqla digər sahələr üzrə baş sayları ötən illə müqayisədə çoxdur.
Rayonumuzda kənd təsərrüfatının əsas sahələri taxılçılıq, üzümçülük və heyvandarlıqdır. Rayon üzrə mövcud olan 33901 hektar əkinə yararlı torpaq sahəsinin 29198 hektarında cari ilin məhsulu üçün dənli paxlalı bitkilər əkilmişdir. Bu, ümumi əkin sahəsinin 86 faizi deməkdir. Odur ki, taxılçılıq sahəsində məhsuldarlığın artırılması məqsədilə daha çox iş görülməlidir və qeyd etmək istəyirəm ki, dövlət tərəfindən bu sahənin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar rayonumuzun istehsalçılarına hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə hər hektar buğda və çəltik səpininə görə 2007-ci ildən indiyədək 10 milyon 430 min manat vəsait ödənilmişdir ki, bu da taxıl əkini sahələrinin genişlənməsinə səbəb olmuşdur. 2000-ci illə müqayisədə rayon üzrə taxıl əkini sahələri 5500 hektar artmışdır.
Məhsul istehsalının həcminin və məhsuldarlığının artmasının əsas səbəblərindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və bu cəmiyyət vasitəsilə yeni texnikaların alınaraq aqroservis filiallarına paylanması, eləcə də istehsalçıların mineral gübrələrlə və pestisidlərlə təmin olunmasıdır.
Məlumat üçün bildirmək istəyirəm ki, cari ildə 877 ton mineral gübrələr gətirilərək istehsalçılara paylanmışdır.
Son 3 ildə “Aqrolizinq” ASC-nin xətti ilə rayonumuza 60 ədəd müxtəlif tipli yeni kənd təsərrüfatı texnikası gətirilmişdir.
Rayonda kənd təsərrüfatının ənənəvi və ən gəlirli sahələrindən biri üzümçülükdür. Son illər salınan yeni bağlar hesabına rayon üzrə üzüm sahələri 848 hektara çatdırılmışdır. Həmin bağların 701 hektarı bar verəndir. 2020-ci ilə qədər daha 2600 hektar sahədə yeni üzüm bağlarının salınması planlaşdırılır. Bu barədə kəndlər və illər üzrə məlumatlar hazırlanaraq Respublika Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinə təqdim olunmuşdur.
Heyvandarlıq rayonumuzun kənd təsərrüfatında ən geniş yayılmış sahəsidir. Müsbət haldır ki, bu sahə üzrə istər baş sayları, istərsə də məhsuldarlıq göstəriciləri ilbəil artır. Son 10 ildə rayon üzrə iri buynuzlu mal-qaranın baş sayı 10700 baş, xırda buynuzlu heyvanların sayı isə 56800 baş artmışdır. Ət istehsalı 4 min ton, süd istehsalı isə 28 min ton artmışdır. Hal-hazırda rayon üzrə hər inəkdən sağılan süd Respublika səviyyəsindən 220 kq çoxdur.
Süd istehsalının artmasının səbəblərindən biri rayonumuzda süni mayalama tədbirlərinin mütəşəkkil qaydada həyata keçirilməsidir. Hesabat dövründə rayon üzrə 2612 baş qaramal süni yolla mayalandırılmış və həmin heyvanlardan 1399 başdan artıq yüksək məhsuldarlıq göstəricilərinə malik bala alınmışdır.
Süd istehsalının artmasının səbəblərindən biri isə “Aqrolizinq” ASC-i vasitəsilə Respublikamıza gətirilən cins düyələrdən bizim rayona da verilməsidir. 4 il bundan əvvəl Nikitin adına kolxoz tərəfindən Almaniyadan gətirilmiş düyələrdən 96 baş bala alınmışdır. Ötən dövrdə həmin heyvanlardan 205 baş buzov alınmışdır. İnək qrupuna keçmiş həmin düyələrin hər birindən 3500 kq süd sağılır. Ümumiyyətlə, Nikitin adına kolxoz üzrə hər inəkdən sağılan südün həcmi Respublika səviyyəsindən 2000 kq. çoxdur.
Rayonumuzda yeni emal müəssisələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Hal-hazırda İvanovka kəndində sutkalıq istehsal gücü 18-20 ton olan çörək zavodunun tikintisi başa çatmaq üzrədir. Zavodda işlədiləcək avadanlıqlar Belarus Respublikasından gətirilmişdir. Hal-hazırda həmin avadanlıqların quraşdırılması və son tamamlama işləri aparılır.
Hacıhətəmli kəndində illik istehsal gücü 20 min ton olan və “İsmayıllı Şərab-2” ASC-nə məxsus şərab zavodunun tikintisi başa çatmışdır. İndi zavodda 11 adda şərab məhsulları, eləcə də müxtəlif şirələr istehsal olunur.
Xəlilli kəndində “Bismak” şirkəti tərəfindən 24 min tonluq taxıl terminalının tikintisi başa çatmışdır.
Ölkə rəhbərinin tapşırığına əsasən iri fermer təsərrüfatlarının yaradılması istiqamətində bizim rayonda da iş aparılır. Kürdmaşı kəndində belə bir təsərrüfatın yaradılması istiqamətində çox ciddi tədbirlər həyata keçirilir.
Respublikada damazlıq quşçuluq təsərrüfatlarının inkişaf etdirilməsi ilə əlaqədar “Quşçuluq” ASC-də bu istiqamətdə iş aparılır. Belə ki, fabrikdə mövcud olan 4 sexdən artıq ikisində damazlıq istiqamətində fəaliyyət göstərmək məqsədilə işləri aparılmış, 1 sexin tikintisi başa çatmışdır. Güzəştli şərtlərlə zavoda 400 min manat kredit verilmiş və bu vəsaitin bir hissəsinə Türkiyə və Çindən avadanlıqlar alınaraq gətirilmişdir. Bundan başqa, zavodda 100 min başlıq inkubator stansiyasının tikintisi də davam etdirilir. Bu gün zavodda 10 minə yaxın quş bəslənilir. 9 ayda zavod üzrə 170 ton quş əti istehsal olunmuşdur.
Rayonumuzda müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində də işlər aparılır. Son vaxtlar “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi-2”-nin rayonumuzda həyata keçirəcəyi işlərlə əlaqədar tələb olunan sənədlər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir. Hazırda həmin layihəyə Nazirlər Kabinetində baxılır. Layihənin məqsədi təsərrüfatdaxili suvarma sistemlərinin yaxşılaşdırılması, səmərəli məsləhət və maliyyə xidmətlərinin təşkili sayəsində suvarılan və dəmyə ərazilərdə bitkiçilik və heyvandarlıq sahələrindən daha yaxşı və davamlı məhsuldarlığa nail olmaq, mövcud resurslardan qənaətlə və səmərəli istifadə etməklə dair kiçik fermerlərə dəstək verilməsidir.
Hamımıza yaxşı məlumdur ki, rayonumuz kənd təsərrüfatı rayonudur və vaxtilə bu sahə üzrə respublikada ən qabaqcıl rayonlardan biri olmuşdur. Bu ənənə bu gün də davam edir.
Məqsədimiz elmin, texnikanın və texnologiyanın ən yeni nailiyyətlərini istehsalata tətbiq etməklə daha böyük uğurlar qazanmaqdır.
H.Həsənov,
İsmayıllı RİH başçısının aqrar məsələlər üzrə müavini

Şərh Yaz