Yaddas kitabcasi

Etimadı doğrulda bildim

Etimadı doğrulda bildimİdman elə bir cəzbedici qüvvəyə malikdir ki, yaşlaşanda da ondan ayrılmaq mümkün olmur. Gəncliyini arxada qoymuş, adlı-sanlı idmançılar da vaxtaşırı müəyyən yarışlara çıxır, özlərini bir daha sınaqdan keçirməyə çalışırlar. Belələri heç vaxt geri çəkilmirlər, ön sıralarda olmağa can atırlar. Bu, çox təbiidir. Yüksəklərdə olanlar həmişə o səviyyədə qalmağa çalışırlar və çox vaxt buna nail də olurlar. Belə idmançılardan biri də həmyerlimiz, bir sıra Avropa, dünya və olimpiya oyunlarının müxtəlif medallarını qazanmış, beynəlxalq dərəcəli idman ustası Asif Məlikovdur.
Asif bir neçə ildir ki, peşəkar idmandan uzaqlaşmışdır. Əslində, buna uzaqlaşmaq da demək düzgün deyil. Axı o hələ də məşqlərdən əl çəkməyib. Düzdür, bu məşqlər əvvəlki kimi, ağır və gərgin olmur. Məşq elə məşqliyində qalır, çünki bu, artıq vərdiş halına keçib. Asif indi də usta idmançılar arasında keçirilən dünya birinciliklərində iştirak edir.
Etimadı doğrulda bildimBu günlərdə xoş bir xəbər çatdı bizə. 15-23 sentyabr 2012-ci il tarixlərdə Ukrayna Respublikasının Lvov şəhərində ustalar arasında keçirilmiş XXVIII dünya çempionatı baş tutmuşdur. 118 ölkənin ağırlıqqaldıranları yarışmışlar. Onların arasında Azərbaycanın yığma komandası da olub. Yığma komandamız yaxşı çıxış edərək 3 qızıl və 2 gümüş medala sahib olmuşdur. Komandanın tərkibində həmyerlimiz Asif Məlikov da çıxış etmişdir. 69 kiloqram çəki dərəcəsində çıxış etmiş Asif birdən 137 kiloqram, təkanla 177 kiloqram qaldıraraq ustalar arasında dünya çempionu adını qazanmışdır. Zəfər Tağıyev 77 kiloqramlıq çəkidə (Gəncə şəhəri), Vladimir Jelyayev 85 kiloqramlıq çəkidə (Bakı şəhəri), Natiq Həsənov 94 kiloqramlıq çəkidə, Emin Əliyev 105 kiloqramlıq çəkidə respublikanın idman şərəfini qorumuşlar. Onlar da çempionatın qızıl və gümüş medallarını almışlar.
Bu yarışa getməsində ona yardımçı olanlar çox xeyirxah iş görmüşlər. Veteran idmançı – Sabunçu rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı, “Şöhrət” ordenli Asif Məlikov deyir:
– Mənim bu yarışda iştirakıma yardımçı olan Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubova, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasova, minnətdarlığımı çatdırıram. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova mənə göstərdiyi maddi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Çox şadam ki, mənə etimad göstərmiş bu xeyirxah insanların etimadını doğrulda bilmişəm.
Rayonumuzun ictimaiyyəti, idman sahəsində çalışanlar adından təcrübəli, peşəkar idman ustası Asif Məlikovu növbəti dəfə dünya çempionu adı qazanması münasibətilə təbrik edirik.
Tofiq Hümbətov,
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru

Şərh Yaz