Sınaqlardan keçən ömür

Sınaqlardan keçən ömürÜz-üzə oturub onunla söhbət edirəm. Xəyal məni çox uzaqlara aparır. Tarix boyu adı dastana dönüb dillərdə dolaşan qadınlarımızı, Sovet dönəmində tarlalarda, bağlarda can qoyan əmək qəhrəmanlarımızı, müharibələrdə kişilərlə bərabər qələbə uğrunda mübarizə aparan, yaralı əsgərlərə ana-bacı şəfqəti göstərən, ər qeyrətli qadınlarımızı, qızlarımızı düşünürəm. O qadınlarımızı, qızlarımız ki, el içində “Aslanın erkəyi, dişisi olmaz” – atalar sözünün yaranmasına səbəbkar olub. Arxa cəbhədə fədakarlıqla çalışıb ərindən “qara kağız” alandan sonra bir hörüyünü qara, birini ağ hörüb, cavan ömürlərini balalarının xoşbəxtliyinə qurban veriblər. Haqqında söhbət açdığım qadın da belə qadınlardan, analardan biridir. Onun da qismətinə, bir qədər fərqli şəkildə olsa da, belə bir acı tale düşüb.
Həyat yoldaşını itirəndə 29 yaşı vardı. 5 il idi ki, ailə qurmuşdu. 5 il idi ki, özünü dünyanın ən xoşbəxt qadını hiss edirdi. 3 körpə balası vardı – Dilarə, Sənan və Babək. Hər gün öz balalarının, canı qədər sevdiyi yoldaşının, elə onlar qədər dəyərləndirdiyi sənətinin nurunda özünü xoşbəxtliyin səmalarında hesab edirdi. Amansız fələyin açacağı oyunlardan, bu xoşbəxt günləri ömür boyu yana-yana xatırlayacağından xəbəri yox idi…
Qara xəbər nəinki Bəşirovlar nəslini, bütövlükdə İsmayıllı camaatını sarsıtdı. Eyni vaxtda 4 nəfər, 4 yaxın qohumu avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdu: Arifə müəllimənin həyat yoldaşı Vahid də həlak olanlardan biri idi…
– Bu xəbəri eşidəndə mənim üçün həyat bir anlığa dayandı. Necə dözəcəyimi, bundan sonra necə yaşayacağımı ağlıma belə gətirə bilmirdim. Lakin bütün gücümü topladım. Anladım ki, bu anda mən təkcə özümü düşünə bilmərəm. Axı eyni vaxtda oğlunu, qızını itirən qayınanamın, bacısını, qardaşını itirən baldız və qayınlarımın, bu qəzada ata-analarını ömürlük itirən uşaqların faciəsini, kədərini də düşünməli idim. Bütüm iradəmi, səbrimi səfərbər edib özümü onların qarşısında toxtaq tutmağa, onlara təsəlli verməyə çalışdım… Göz yaşlarımı qəlbimə axıtdım… Onları ovudum deyə … Körpə balalarım göz yaşlarımı görməsin deyə… Təsəllim isə həyat yoldaşımdan mənə qalan işıqlı xatirələr, həyatım qədər sevdiyim övladlarım və bu çətin anlarda güvəndiyim sənətim oldu.
Belə bir vəziyyətdə özünü ələ almağı bacaran, təkcə özünü deyil, başqalarını da düşünən, özünün təsəlliyə ehtiyacı olduğu halda başqalarına təsəlli verməyi bacaran qadının ağlı, səbri, iradəsi qarşısında heyrətlənməyə bilmirsən.
Gündüzlər sənəti, övladlarının qayğısı ilə başını qatan gənc qadın gecələr sevimli həyat yoldaşının xəyalı ilə danışırdı, onun şəkillərindən albomlar hazırladı. Hamıdan gizlədiyi sözləri bu albomların səhifələrinə yazdı. İnsan bu sözləri, bu şeirləri oxuduqca nə boyda böyük sevginin, nə boyda böyük kədərin şahidi olur. İlahi? (Onu da deyim ki, Arifə müəllimə bu albomları həmişə övladları görməsin, oxumasın deyə bağlı sandıqçada saxlayıb. Onları mənə verəndə dedi ki, bu albomları ilk dəfə sən oxuyacaqsan). Albomları vərəqlədikcə, oxuduqca xüsusiyyətinə, xasiyyətinə yaxşı bələd olduğum bu qadını sanki yenidən kəşf edirdim. Onun necə böyük ürəyə, necə zərif qəlbə malik olduğunun şahidi oldum. Bu böyük sevgi, hədsiz kədərlə Arifə müəllimənin şəxsiyyəti gözlərimdə bir az da böyüdü, ucaldı.
Həyat yoldaşını faciəli şəkildə itirəndə Arifə müəllimənin böyük övladının 4, ortancılının 3, kiçiyinin isə 1 yaşı vardı. Bu ananın o zaman hansı çətinliklər qarşısında qaldığını hər bir oxucu anlaya bilər. Körpə balalarına həm ana, həm də ata olmaq, onların ata nisgilliyini ovutmaq, onların tərbiyəsi, təhsili ilə məşğul olmaq, ailənin bütün qayğılarını öz çiyinlərində daşımaq… Bir tərəfdən də çox sevdiyi sənəti. Axı səhər açılanda övladları qədər sevdiyi şagirdləri də Arifə müəllimənin yolunu gözləyirdilər… Bütün bunların öhdəsindən gəlmək üçün Arifə müəllimə, Arifə ana var-qüvvəsi ilə çalışır, gecəsini gündüzünə qatırdı. Elə bu zəhmətin, bu fədakarlığın nəticəsində övladlarının hər üçü orta məktəbi yüksək qiymətlərlə bitirib ali məktəblərə qəbul oldular.
Bu yazı ilə əlaqədar Arifə müəllimənin evində olmuşam. Onun səliqə-sahmanlı, qonaqsevər bir ev sahibəsi olduğunu görmüşəm. Övladlarının tərbiyəsinə, onların analarına göstərdiyi ehtirama heyran qalmışam. Bir ananın illərlə çəkdiyi zəhmətinin hədər getmədiyinə sevinmişəm. Onun bu gün də övladlarına necə diqqət və qayğı göstərdiyini öz gözlərimlə görmüşəm.
Arifə müəllimə övladlarını nə qədər sevirsə, məktəbdə də şagirdləri o qədər sevir və dəyərləndirir. Mən özüm də onun şagirdi olmuşam. Arifə müəllimə elə müəllimlərdəndir ki, şagirdləri hər gün onun yolunu səbirsizliklə gözləyirlər. Ədəbiyyat və ana dili dərslərinin nə vaxt başlayacağına tələsirlər. Çünki Arifə müəllimə dərslərini çox maraqlı qurur, onları ədəbiyyatın sirli-sehrli aləminə aparır, şagirdlərinə bir ana qayğısı ilə yanaşır və onlar dərsin necə tez başa çatdığından təəssüflənirlər.
Arifə müəllimə nəinki şagirdlərinə, eyni zamanda iş yoldaşlarına da diqqət və qayğı ilə yanaşır. Onun məktəbdə (İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəb) yaratdığı “Dayaq Məntəqə Mərkəzi” sözün əsil mənasında müəllimlər üçün, bir dayaq rolu oynayır. Dayaq məntəqəsinin rəhbəri kimi, 8 məktəbin dil-ədəbiyyat müəllimlərinə nəzarət edir, onlara dərslərinə müasir dövrün tələbləri səviyyəsində hazırlaşmaqda yardımçı olur, dayaq məntəqəsinin xətti ilə açıq dərslərin təşkilinə, dinlənilməsinə və müzakirəsinə nail olur. Arifə müəllimənin respublikada yaratdığı ilk Dayaq Məntəqə Mərkəzinin təcrübəsindən istifadə etməklə artıq Azərbaycanın bir sıra şəhər və rayon məktəblərində Dayaq Məntəqələri fəaliyyətə başlamışdır.
Bir sözlə, Arifə Bəşirova gözəl insan, qayğıkeş ana, təcrübəli pedaqoq, mehriban iş yoldaşı, sözün həqiqi mənasında, bütöv şəxsiyyətdir. İsmayıllı təhsilinin uğurlarında onun da zəhmət payı var. Ömrünün 40 ilini pedaqoji fəaliyyətə həsr edən, daim təhsildə yeniliklər yaratmağa çalışan bu insan əsil elm fədaisidir.
Onun yetişdirdiyi yüzlərlə şagird bu gün elmin müxtəlif sahələrində çalışır, Azərbaycanımızın qüdrətlənməsinə xidmət edir. Bu illər ərzində onun şagirdləri dəfələrlə olimpiadalarda və inşa yazı müsabiqələrində fərqlənmiş, yüksək yerlər tutmuşlar. O, məktəb və rayon səviyyəsində keçirilən bir sıra tədbirlərin təşkilatçısı olmuşdur.
40 illik pedaqoji fəaliyyəti dövründə dəfələrlə Fəxri fərmanlar və tərifnamələr ilə mükafatlandırılmışdır. Əlbəttə, Arifə müəllimənin təhsildəki 40 illik fədakar xidməti daha yüksək mükafatlara və fəxri adlara da layiqdir.
Arifə müəllimənin istər şəxsi həyatında, istərsə də müəllimlik fəaliyyətində görüb-götürməli çox şey var. Biz bəzən qəhrəmanları tarix kitablarında və ya kinolarda axtarırıq. Amma bəzən unuduruq ki, qəhrəmanlar bizim aramızdadır, gözümüzün qabağındadır. Sadəcə olaraq, biz onları tanımalı və qiymətləndirməliyik.
Sınaqlardan keçən ömür
Südabə Abdurzaqova,
İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz