Qədim Lahıcın yeni günləri

Tarixiliyinə, qədimliyinə, milli-mənəvi dəyərləri yaşatdığına, milli memarlıq üslubunda tikildiyinə, elmə, təhsilə böyük töhfələr verdiyinə və bir çox digər keyfiyyətlərinə görə Lahıc qəsəbəsi beynəlxalq miqyasda tanınan yaşayış məskənidir. Rayon İcra Hakimiyyəti yeni-yeni layihələrin həyata keçirilməsi ilə Lahıcı daim diqqətdə saxlayır.
Küçə və meydanların yeni tərtibatı, yolların abadlaşdırılması, turizmin inkişafı üçün tədbirlərin görülməsi məhz belə layihələrdəndir. Qəsəbə bu günlərdə yeni bir sevincini yaşadı. Yaponiya səfirliyi ilə rayon icra hakimiyyətinin birgə müəyyən etdiyi “Lahıc qəsəbəsində kanalizasiya sisteminin yaxşılaşdırılması” layihəsinin açılış mərasimi oldu. Qədim Lahıcın yeni günləriTədbiri Azərbaycan İcma İnkişaf Mərkəzi milli QHT-nin icraçı direktoru Yasin Dadaşov giriş nitqi ilə açdı. Azərbaycanın və Yaponiyanın Dövlət himnləri səsləndirildi. Çıxış üçün söz bir neçə layihənin təşəbbüskarı, rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərova verildi. O dedi:
-Hörmətli cənab səfir!
Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar!
Əziz Lahıc camaatı!
Öz qədim tarixi ilə beynəlxalq miqyasda tanınan Lahıc müasir sosial-iqtisadi inkişafı sayəsində bu gün diqqəti daha çox cəlb edir.
Lahıc qədimiliyini, milli memarlıq üslubunu, tarixi ənənələrini saxlamaqla, xalq sənətkarlığını yaşatmaqla tikilir, qurulur, yeniləşir. Burada insanların sosial həyatı zənginləşir. Beynəlxalq turizm marşrutuna daxil olan Lahıc Ümummilli liderimiz Heydər Əliyevin, cənab prezident İlham Əliyevin verdikləri dəyər və dövlət qayğısı əsasında sürətli inkişafı, yüksəlişi ilə rayonumuzu təmsil etmək səviyyəsinə çatmışdır.
Qədim Lahıcın yeni günləriKeçmişinin tanıdılması və bu gününün yeniləşməsi baxımından Lahıc həmişə rayon İcra Hakimiyyətinin diqqətində olmuşdur. Nəticələr də göz önündədir.
Biz rayonumuzla sıx əməkdaşlıq edən Yaponiyanın ölkəmizdəki səfirliyinin də diqqətini Lahıca yönəltmişik. 400 tonluq su anbarının tikintisi yapon dostlarımızın layihəsi əsasında başa gəlmişdir.
Səfirliyin nümayəndələrində, bilavasitə cənab səfirdə Lahıc qəsəbəsi dərin maraq oyatmış, onları yeni layihənin icrasına sövq etmişdir. Bu, Lahıc qəsəbəsində kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsidir ki, artıq burada işlər başa çatmışdır. Biz də bu münasibətlə sizinlə görüşə gəlmişik.
Hörmətli Lahıc sakinləri, insanların sosial həyatına rahatlıq gətirən yeni bir layihənin icrası münasibətilə sizi ürəkdən təbrik edirəm. Dövlətə, dövlətçiliyə xidmətdə, Lahıcın daha sürətli inkişafında sizə böyük uğurlar arzulayıram.
İsmayıllıya xüsusi qayğı ilə yanaşan Yaponiyanın ölkəmizdəki səfirliyinə dərin təşəkkürümüzü çatdırıram.
Məlumat üçün bildirmək istərdim ki, Yaponiya səfirliyinin rayon İcra Hakimiyyəti ilə əməkdaşlığı dostluq əsasında formalaşmışdır və inkişaf etməkdədir. Ruşan və Buynuz məktəblərinin inşası, İvanovka xəstəxanasında doğum şöbəsinin və uşaq poliklinikasının əsaslı təmiri, bir neçə yerdə artezian quyularının qazılması, məişət tullantılarının idarə olunması poliqonunun, Quşencə kəndində uşaq bağçasının tikintisi və digər layihələr məhz bu əməkdaşlığın səmərəli, xeyirli nəticələridir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Yapon fəlsəfəsini özündə əks etdirən bağın salınması Gündoğar ölkənin İsmayıllıya ən dəyərli hədiyyəsi kimi qiymətləndirilir.
Yaponiyanın İto şəhəri ilə İsmayıllının qardaşlaşması və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri üçün də dövlətlərarası münasibətlər səviyyəsində iş aparılır. Əminəm ki, bu qardaşlaşmadan sonra yeni infrastruktur layihələrinin sayı daha da artacaqdır. Qədim Lahıcın yeni günləriBir daha Sizi yeni layihənin başa çatması münasibətilə təbrik edirəm. Yaponiya-Azərbaycan dostluğunu alqışlayıram. Yaponiya dövlətinə, cənab səfir Şusuke Vatanabeyə təşəkkürümü bildirirəm.
Yaponiya hökumətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabe çıxışına Lahıca ilk səfəri zamanı rastlaşdığı qoca ilə söhbəti xatırlamaqla başladı. Dedi ki, mən yenicə səfir təyin olunmuşdum və o zaman xanımımla Lahıca səfər etdim. Bazar meydanında məni qarşılayan bir qoca ilə söhbət etdim. O yapon olduğumu biləndə mənə çox təşəkkür etdi. Məndən əvvəl burada içməli su təminatını daha da yaxşılaşdırmaq layihəsi səfirliyimiz tərəfindən həyata keçirilibmiş. Qocaman Lahıc sakini buna görə təşəkkür edirmiş.
Həmsöhbətim məni evinə çaya dəvət etdi. Mən vaxt imkanım olmadığını dedim. Mütəəssir olan qoca cibimə iki konfet qoydu. Ayrıldıq. Sonrakı səfərimdə öyrəndim ki, Lahıca birinci səfərim zamanı məni ilk qarşılayan qoca dünyasını dəyişib.
Mən bu gün icrasının təqdimatına toplaşdığımız layihəni qocanın ruhuna həsr etdim.
Cənab səfir daha sonra qeyd etdi ki, Lahıcda turizmin inkişafı üçün bundan sonra daha çox iş görəcəyik. Su çəkilişi və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsini başlanğıc hesab edirəm.
Cənab səfir Şusuke Vatanabe, işgüzar dostluq və qardaşlıq münasibətlərinə görə rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərova təşəkkürlə çıxışını yekunlaşdırdı. Qədim Lahıcın yeni günləriQəsəbə əhalisi adından Nəzər Əliyev çıxış edərək layihənin həyata keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.
Tədbir başlamazdan əvvəl öyrəndim ki, “Lahıc qəsəbəsində kanalizasiya sisteminin yaxşılaşdırılması” layihəsinin smeta dəyəri 100112 ABŞ dolları həcmindədir. 2150 metr uzunluğunda kanalizasiya xətti çəkilib. Mərkəzi küçədən keçən qədim daş kürəbənd formasında olan kanalizasiya xətti də əsaslı təmir olunmuşdur. Yeni xətt 4 məhəllənin 500-ə qədər həyətini əhatə edir. Artıq 40-dan çox ev yeni xəttə qoşulmuşdur.
Açılış mərasiminə sevinərək mütəşəkkil qaydada gələn Lahıc sakinləri bir daha sübut etdilər ki, qonaqpərvərdirlər, yaxşı işi yaxşı da qiymətləndirməyi bacarırlar, dövlət qayğısından razıdırlar.
Beləcə, qədim Lahıcda yüksəlişlə zəngin olan yeni bir gün yaşandı.
Valeh Salehov

Şərh Yaz