Yaddas kitabcasi

Uşaq bağçalarında yeni təlim üsulları

Uşaq bağçalarında yeni təlim üsullarıMəktəbəqədər tərbiyə təhsil sisteminin inkişaf pilləsi olub, körpəlik və bağça yaşı dövründə uşaqların şəxsiyyətinin formalaşmasına, onların hərtərəfli tərbiyəsinin inkişafına və məktəbə hazırlanmasına xidmət edir.Uşaq bağçalarında yeni təlim üsullarıYeni pedaqoji təlim üsulları uşağın intellektual, yaradıcı inkişafına, məntiqi və mücərrəd təfəkkürün formalaşmasına, təhliletmə, əqli nəticə çıxarma, ümumiləşdirmə aparma bacarığı və vərdişlərinin yaranmasına kömək edir. Həmçinin, öyrənməyi öyrətmək texnologiyası əsasında qurulan təlim, uşağın təfəkkürünü maksimum dərəcədə inkişaf etdirir.
Dövrün tələbinə uyğun olaraq, bu gün bağça tərbiyəçiləri müasir təlim texnologiyalarına yiyələnməli və keyfiyyətli məktəb təliminə hazırlanmalarına ailəni də cəlb etməlidirlər. Məşğələlərdə tətbiq olunan müasir təlim texnologiyalarının məqsədi uşağı daim yeni biliklərə yiyələnməyə, müstəqil şəkildə öz biliyini artırmağa yönəltmək, onlarda tənqidi təfəkkürü formalaşdırmaqdır. Müasir təlim metodlarının tətbiqi təkcə uşaqları deyil, tərbiyəçiləri də xeyli fəallaşdırır, onları yeni axtarışlar aparmağa, uşaqları tədqiqatçılığa alışdırmağa, öyrənməyi öyrətmək yollarını necə aşılamağa sövq edir. Uşaqların mənəvi zövqlərinin formalaşmasında yeni təlim üsullarının tətbiqi daha məqsədəuyğundur.
İsmayıllı rayonunda da bu sahədə inkişaf gedir. Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun istər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə bu sahədə qayğısı xüsusi hiss olunur. Rasim müəllimin göstəriş və məsləhəti ilə rayonumuzun bağçalarında yeni təlim üsullarının tətbiqinə başlanıldı. Belə ki, ötən tədris ilində rayon bağçaları arasında ilk dəfə İsmayıllı şəhər 3 saylı bağçanın musiqi tərbiyəçisi Lalə Kəbirova məşğələdə yeni təlim üsullarından və İKT-i tətbiqindən istifadə etmişdir. Məktəbəqədər yaş qrupunda açıq məşğələ zamanı yeni mövzunun öyrənilməsi üçün motivasiya quruldu, uşaqlara qrup işində düşündürücü suallar verildi. Uşaqlar məşğələ zamanı həm öyrəndilər, həm də əyləndilər.
Növbəti məşğələ Talıstan kənd bağçasında məktəbəqədər yaş qrupunda təşkil olundu. Bağçanın tərbiyəçisi Nəcibə müəllimə yeni təlim üsullarını və kompyuter texnologiyalarını tətbiq edərək məşğələ keçdi. Məşğələdə motivasiya, qrup işi tətbiq olundu, qrup işinin təşkilində uşaqlar öz bacarıqlarını üzə çıxara bildilər. Müəllimə uşaqlara düşündürücü suallar verməklə onların sərbəst fikir ifadə etmələrinə şərait yaratdı. Sonda qruplar bir-birlərinin işlərini qiymətləndirdilər.
İsmayıllı kəndindəki bağçada Zümrüd müəllimənın məktəbəqədər yaş qrupunda keçirdiyi məşğələdə də yeni təlim üsullarına istinad olundu. Bu məşğələdə uşaqlar dərsin mövzusuna münasibətlərini, bacarıqlarını və öyrəndikləri biliklərini nümayiş etdirə bildilər. Hər 2 bağçada yeni təlim üsulları ilə keçirilən açıq məşğələnin tətbiqində İsmayıllı şəhər 3 saylı bağça və körpələr evinin musiqi müəlliməsi Lalə Kəbirova köməklik göstərmişdir.
Bu günlərdə Lalə müəllimə işlədiyi 3 saylı bağçada növbəti açıq məşğələ keçirdi. Bu dəfə 4-5 yaş arası olan böyük qrupda. Məşğələ zamani yenə də yeni təlim üsullarından istifadə edildi. Təlim zamanı mövzuya aid olan öyrədici cizgi filmi və slayd proqramında göstərilən görüntü uşaqların xüsusi marağına səbəb oldu. Sonra uşaqlar öyrəndikləri mövzunu kartlarla göstərərək nümayiş etdirdilər. Məşğələdə İKT-nın tətbiqi ilə qrup işini və öyrədici musiqili ritmik oyunu həm uşaqlar, həm də tədbirə dəvət edilmiş valideynlər, digər bağçaların tərbiyəçiləri xüsusi maraqla qarşıladılar. Uşaqlar məşğələ zamanı dinlədikləri fikirlərə, müşahidə etdiklərinə sərbəst münasibətlərini bildirdilər, şəkillər üzrə danışdılar.
Lalə müəllimənin keçirdiyi məşğələlərin videoyazısı internet saytlarında, o cümlədən youtube.com saytında yerləşdirilmişdir. İsmayıllı şəhər 3 saylı bağçanın veb saytı hazırlanmaqdadır.
Açıq məşğələlərdə rayon Təhsil Şöbəsinin metodisti Sevinc Məmmədova, İncəsənət məktəbinin müəllimi Ceyran Məmmədova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Cülyan, Talıstan, Quşencə, Mican, Təzəkənd, Sumağallı, İsmayıllı kənd bağçalarının müəllimləri və müdirləri iştirak edərək keçirilən məşğələyə münasibətlərini bildirmişlər.
Bu dərs ilində rayon bağçalarında yeni təlim üsulları və İKT-nın tətbiq olunması ilə bağlı bir neçə konfrans və seminar keçirilmişdir. Rayon Təhsil Şöbəsinin metodik kabinetin direktoru Hümbət Əsədov, metodist Sevinc Məmmədova yeni təlim üsullarının tətbiqi ilə bağlı fikirlərini bildirmişlər. Dəfələrlə vurğulanmışdır ki, bu gün hər bir tərbiyəçi təhsilin keyfiyyətinə müsbət təsir göstərən müasir təlim texnologiyalarının tətbiqinə üstünlük verməlidir. Məşğələlərdə müasir təlim texnologiyalarının tətbiqi təlimdə müvəffəqiyyət qazanmağa daha çox imkan verir.
B. Babayev

Şərh Yaz