Dilimiz, sərvətimizdir                                    

 

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.

Heydər Əliyev

 

Dil cəmiyyət daxilində yaranan, inkişaf edən ünsiyyət vasitəsidir. Tarixən müxtəlif xalqlar, toplumlar irsini, mədəniyyətini məhz öz dilləri vasitəsilə təqdim etmiş, gələcək nəsillərə ötürmüşdür. Həmin xalqlar indi mövcud olmasa belə, onların dili elmə, sənətə və bir çox sahələrə töhfələr vermiş, təməlini qoymuşdur. İndi ölü dil sayılan Latın dili tibb, hüquq, təhsil və digər sahələrlə bağlı terminlər, ifadələr qazandırmışdır. Öz dilinə sahib çıxmaq, dünyaya tanıtmaq, yaşatmaq hər bir millətin əsas amalı olmalıdır.

Bu ideyadan yola çıxaraq 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO 2000-ci  fevral ayının 21-də “Beynəlxalq Ana Dili Günü” kimi keçirilməsi ilə bağlı qanun təsis etmişdir. Banqladeş səfirinin bu addımının əsas səbəbi hələ 1952-ci il fevral ayının 21-də 4 nəfər Banqladeşli tələbənin öz dillərinin rəsmi ana dili olması uğrunda apardığı mübarizə və bu yolda ölməsi olmuşdur. Bu gənclərin öz dillərinin müstəqilliyi uğrunda canından keçməsi bir daha göstərir ki, hər bir millətin dili ona nə qədər əziz və qiymətlidir.

Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili olub, qədim tarixə malik zəngin  bir dildir. Altay dil ailəsinin Türk dilləri qrupunun Oğuz yarımqrupuna aid olan Azərbaycan dilində 87 ölkə və 50 milyondan çox adam dildə danışır.

Oğuz qrupuna aid olan Türkiyə türkcəsi, türkmən və qaqauz dilləri ilə yaxın olan Azərbaycan dili morfoloji təsnifat baxımından iltisaqi dildir. Bu təsnifata aid olan dillərdə şəkilçilər və sözlər sözün kökünə sonradan artırılır.

Xoş avazı, zəngin söz ehtiyatı, sabit qrammatik quruluşu olan Azərbaycan dilində əsrlər boyu ədəbi, elmi əsərlər yaradılmış, xalqın gündəlik həyatında əsas ünsiyyət dili olmuşdur.

Xalq məişətinin təcəssümü olan əmək nəğmələri, atalar sözləri, nağılları ilə zəngin olan bu şirin dil dinləyəni öz sehrinə salır, qəhrəmanlıq dastanları ilə riqqətə gətirir, fərəhləndirir. XI əsrdə yazıya alınmış “Kitabi-Dədə Qorqud” dastanı ana dilində yazılmış ən qədim yazılı abidədir. Dilinin saf türk dili olması, türk cəsarətini, mənəviyyatını, əks etdirən bu dastandakı hadisələr VII əsrdə baş vermişdir. Bu da bir daha sübut edir ki, Azərbaycan dili çox qədim tarixə malik, köklü dildir.

Dilimiz əsrlər boyu ərəb, fars, monqol, rus istilalarına məruz qalmışdır. Nə qədər məhv edilməyə çalışılsa da öz milliliyini itirməmiş, dövrünün görkəmli şəxslərinin yaradıcılığında istifadə olunmuşdur. XIII əsrdə İzəddin Həsənoğlu, XIV əsrdə İmadəddin Nəsimi, XVI əsrdə Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digərlərinin yaradıcılığında ana dili önəmli yer almışdır. Belə ki ilk dəfə Azərbaycan dilini rəsmi dövlət dili kimi təsdiq edən də Şah İsmayıl Xətai olmuşdur. Ana dili dövlət sənədlərində istifadə olunmuş, rəsmi-işgüzar üslubun əsası da buradan götürülmüşdür.

XVII əsrdən Azərbaycan dili xəlqlilik qazanmış, aşıq şeiri ilə təşəkkül tapmışdır. Bu dövrün yetişdirmələri olan, Aşıq Ələsgər, Sarı Aşıq, Xəstə Qasım və digər ustad aşıqlar həm musiqi, həm də şeir sənəti ilə dillər əzbəri olan nümunələr yaratmışlar. Qəhrəmanlığı, mərdliyi ilə ün salmış bu xalq “Koroğlu” kimi dastan yaratmış, namı elləri bürümüş, dillər əzbəri olmuşdur.

Bədii təsvir və ifadə vasitələrinin zənginliyi, yeniliyi ilə Molla Pənah Vaqif XVIII əsrdən yeni bir məktəb yaratmışdır. O qoşmalarını, müxəmməslərini  doğma vəzn olan heca vəznində yazmışdır.

XIX əsrdən yeni fikirli ziyalıların təşəbbüsləri ilə dilimizi ərəb-fars, rus sözlərindən təmizləmək, vahid əlifba yaratmaq, xalqı maarifləndirmək istiqamətində işlər görülür.

Bir çox qrafikalı əlifbalardan (ərəb, rus, latın) istifadə olunan dilimizdə ilk əlifba islahatı fikrini Mirzə Fətəli Axundzadə irəli sürmüşdür. Ərəb əlifbasının çətinliyindən qurtulmaq, yeni qrafikalı əlifba yaratmaq cəhdləri hər nə qədər qarşılıqsız qalsa da onun yolunu müasirləri davam etdirdilər.

1875-ci il iyul ayının 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə çıxan “Əkinçi” qəzeti ilə Azərbaycan dilində publisistik üslubun əsası qoyuldu. Qəzet xalqın həyatından, çətinliklərindən və digər maarifləndirici mövzularla çıxış edirdi. “Əkinçi” dən sonra inkişaf edən mətbuatımızda bir çox jurnal və qəzetlər fəaliyyətə başladı.

1906-cı il aprel ayının 7-də işıq üzü görən Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i istər mətbuat, istərsə də cəmiyyətin tərəqqisində böyük addımlar atdı. Ətrafına millətini, dilini sevən, onun gələcəyi üçün çalışan ziyalıları toplayan “Molla Nəsrəddin”in əsas qayələrindən biri Azərbaycan dilinin təmizliyini qorumaq, başqa dillərdə danışmağı özünə fərəh bilib, öz dilindən bixəbər olanları tənqid edərək onları xəbərdar etmək idi. “Anamın kitabı”nın ətrafında ayrı düşən vətən övladlarını birləşdirməyə çalışan Mirzə Cəlil birliyin yolunun öz dilini, keçmişini unutmamaqda olduğunu, yalnız bu yolla işıqlı gələcəyə aparacağını deyirdi.

Vətənini, dilini sevən, bu yolda olmazın zülmlər çəkən şairlərimiz, yazıçılarımız hər dövrdə yaşayıb, yaratmışdır. Mikayıl Müşfiq, Əhməd Cavad kimi saf, kövrək qəlbli simalarımız dövrünün əzablarına, təqiblərinə baxmayaraq öz yolundan dönməmiş, sona qədər savaşmışdır. Həyat dolu nəğmələr yaradan Mikayıl Müşfiq, hər bir azərbaycanlının əzbər bildiyi himinimizin yaradıcısı Əhməd Cavad öz dilinə olan məhəbbəti, sadiqliyi ilə hər zaman xatırlanacaqdır.

Türkün azadlığını hayqıran Xəlil Rza Ulutürk, “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır”, – deyən Bəxtiyar Vahabzadə, Azərbaycan dilindən bəhs edən bir çox elmi məqalələr yazan Mirzə İbrahimov  və digər bu yolun yolçusu olanlar hər zaman baxıb örnək ala biləcəyimiz şəxslərdir.

Azərbaycan dilinin dövlət yenidən dövlət dilinə çevrilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin apardığı siyasətin nəticəsidir ki, məhz biz bu gün müstəqil şəkildə ana dilində danışa bilirik. XX əsrin 70-ci illərində SSRİ tərəfindən milli dillərə qarşı təzyiq göstərilirdi. Azərbaycan dili “Türk-tatar” dili kimi təqdim olunurdu. Heydər Əliyev isə təzyiqlərə baxmadan hər zaman çəkinmədən Azərbaycan dilində çıxışlar etmiş, SSRİ-nin konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili olması fikrini bəyan etmişdir. Bütün bu istəklərinə Ümumilli lider 1993-cü ildə hakimiyyətə gəldikdən sonra nail olmuşdur. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili olmuşdur. 2001-ci il iyul ayında imzaladığı fərmana əsasən 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.

Heydər Əliyev həm də qüsursuz natiq idi. Onun nitqi ədəbi dilin bütün normalarına uyğun, səlis və axıcı idi. Çıxışlarında, söhbətlərində fikirlərini aydın və dəqiq ifadə edir, dinləyicilərin diqqəti tamamilə özünə çəkirdi.

Ümummilli liderin ana dilinə göstərdiyi qayğını layiqincə davam etdirən Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı sərəncamla latın qrafikası ilə Azərbaycan dilində kütləvi nəşrlər həyata keçirilmişdir. Bir çox dillərdən kitablar tərcümə olunmuşdur. Ana dilinə göstərilən bu qayğının, dövlət siyasətinin nəticəsidir ki, biz hazırda bir çox elmi, bədii materialları öz dilimizdə əldə edib oxuya bilirik. Məktəblərdə, ali təhsil ocaqlarında Azərbaycan dili rəsmi tədris dili kimi keçirilir, dərsliklər ana dilində çap edilir. Rəsmi-işgüzar yazışmalar Azərbaycan dilində aparılır, beynəlxalq müstəvidə Azərbaycan dili öz statusu ilə tanınır.

İllərin sınağından bütöv şəkildə çıxmış dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bunun üçün dilimizi sevməli, onu korlayan, ağırlaşdıran ifadələrdən uzaq durmalı, oxu və yazı qaydalarına düzgün əməl etməli, söz ehtiyatını zənginləşdirmək üçün çoxlu mütaliələr etməli, natiqlərin çıxışlarını dinləməli, düzgün nitq mədəniyyətinə yiyələnməliyik. Unutmayaq ki, dilimiz kimliyimizdir. Çalışaq öz kimliyimizi unutmayaq, onu qoruyaq, yaşadaq.

Arzu Baxşiyeva

Şərh Yaz