Türk qardaşım, yanındayam… Şahməmməd Dağlaroğlu                    

 

Türk qardaşım, yanındayam,
Dar günündə, çətin anda.

Damarında, qanındayam,

Var olduqca bu cahanda.

 

Mənimkidir ağrın, acın,

Bayramımız, toyumuz bir.

Yalnız birlik ehtiyacın,

Kökümüz bir, soyumuz bir.

 

Sənə görə bu bir sınaq,

Mərd olmusan dar gündə sən.

Türk elində əldə bayraq,

Sən millətin önündəsən.

 

Can qardaşım, qan qardaşım

Dərdin olsa, ortağam mən.

Oda dönüb gözdə yaşım

Təkdir ana, təkdir Vətən!

 

Türk qardaşım, səbirli ol,

Dözümünə dünya matdır.

Türk tutduğu, getdiyi yol,

Uğurludur, salamatdır!

                        6 fevral 2023-cü il

 

Böyük imtahan…

 

Bilmirəm nə yazım, oxuyan olsun,

Hə deyim, harayım qulağa çatsın.

Bəlanın, kədərin oxu yan olsun,

İnsan gələn dərdi başından atsın.

 

Bir quş yuvasını dağıtmaq günah,

Bunu edən olsa, qorxar cəzadan.

Bu qədər bəndəni, ey boyük Allah,

Ahlara bürüdün yerdən, fəzadan.

 

Zəlzələ adında bəlamız varmış,

Aldı ağuşuna turk dünyasını.

Kəsdi milyonları soyuq, qarlı qış,

Ölənlər sağların tutdu yasını.

 

Sınandı bir daha qan qardaşları,

Varını verənlər qürur qazandı.

Düşdü başımıza tamah daşları,

Ev tikən ustanın vicdanı yandı.

 

Böyük imtahandır bəşər üçün bu,

Qarışmır, bir olmur halalla haram.

Var ol, türk qardaşım, ulusan, ulu,

Həmişə yanında, hazıram, varam!

                               09 fevral 2023-cü il

 

Şərh Yaz