Bizim milli bayramımız                                            

İsmayıllı şəhərindəki Heydər Əliyev adına Parkda İsmayıllı rayon Heydər Əliyev Mərkəzi,  rayon Gənclər və İdman İdarəsi ilə birgə 28 May – Respublika Günü münasibəti ilə yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd 28 May – Respublika Gününün yaranma tarixinə bir daha nəzər salmaq, tarixi məqamları ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin yetişməkdə olan gənc nəsildə vətənpərvərlik, dövlətçilik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə edilməsi və eyni zamanda müsabiqə iştirakçılarının yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdan ibarət olub.

Mövcud karantin qaydalarına uyğun keçirilən müsabiqədə ilk olaraq İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayıb. Qeyd edib ki, 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşub. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib.

Tədbirdə həmçinin İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov çıxış edərək onu da qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən ulu öndər Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Müsabiqənin sonunda öz fikir və duyğularını rəsm tablosuna köçürən iştirakçılar sırasından qaliblərin təyin edilmiş münsiflər heyəti tərəfindən diqqətlə həyata keçirilib. Belə ki, birinci yerə Almarə İsgəndərova, ikinci yerə Zəhra Ağayeva, üçüncü yerə isə Könül Yaqubova layiq görülüb. Qaliblər və müsabiqədə fəal iştirak etdiyinə görə digər iştirakçılar İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman, Diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

 

Şərh Yaz