Zaman-zaman faydalanacağımız siyasi irs                       

YAP İsmayıllı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə bir qrup fəal partiya üzvünün iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəhər mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstləri qoymuşlar. Sonra İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş sənədli filmə, rəsm əsərlərinə, kitablara, onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlərdən və ümummilli liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Şərh Yaz