Türkiyədə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb                         

“Karabağ şehitleri ve Karabağ Zaferi” adlı müsabiqədə qalib gələn İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin IX və X sinif şagirdləri Lalə və Nərgiz Nemətli bacıları İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Görüşdə RİH-nin başçısı Nahid Bağırov, RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev və  I Qarabağ müharibəsinin döyüşçüsü, qazi Yalçın Nemətlinin ailəsi iştirak edib.

RİH başçısı Nahid Bağırov məktəblilərlə səmimi söhbət edib, onların nüfuzlu yarışmaya təqdim etdikləri şeirləri dinləyib. Rayon rəhbəri istedadlı gənc yazarların gələcəkdə də qayğı və diqqətdə saxlanılacaqlarını bildirib. O, qazi Yalçın Nemətlinin simasında Vətən uğrunda döyüşən  bütün oğullara dərin minnətdarlıq hisslərini ifadə edib.

Görüşdən məmnun qalan Lalə və Nərgiz qazi övladı olmaqları ilə, böyük Qələbə sevincini xalqımıza yaşadan cənab Ali Baş Komandan və onun müzəffər ordusu ilə çox qürurlu olduqlarını, fəxr etdiklərini bildiriblər. Məktəbli qızlar Türkiyənin Azərbaycandakı səfirinin onlarla sayğı ilə görüşünü qardaşlıq simvolu kimi sevinclə xatırlayıblar.

Sonda Nahid müəllim məktəbliləri bir daha təbrik edib, onlara yeni-yeni yaradıcılıq, təhsil uğurları diləyib. Qiymətli hədiyyələrlə təltif edilən şagirdlərin rayon rəhbəri ilə xatirə şəkilləri çəkilib.

Ülviyyə Zeynalova

Şərh Yaz