Gedim    Xalq şairi Musa Yaqubun dəfnində qızı Yaqutun nitqindən təsirlənərək

 

Tələsdirmək peşəsidir məni dərdin, istəyərdim,

Biçəcəyim hər zəmini tələsmədən biçim, gedim.

Don eyləyib zaman boyu geyinməyimçün əynimə,

Yüz yol, min yol ölçdüyümü birdəfəyə biçim, gedim.

 

Sevinəntək sevinməyib, gülən kimi gülməmişəm,

Üstümə dağ, qaya uçub, sağ qalmışam, ölməmişəm.

Məqsədim var gəlməyimdə, elə-belə gəlməmişəm,

Cəm içində təklənəni tərəfimə çəkim, gedim.

 

Soyuqluğu gətirməyib, isti olum ocaqlara,

Zərrə-zərrə, gilə-gilə səpələnim varaqlara.

Bilib gedəcəyim yeri, tox getsəm də haralara,

Qələmə görə susayım, şeir üstə acım, gedim.

 

Sərtlik edim sərtüzlüyə, istəyirsə, göstərim üz,

Lazımdırsa ona əgər, mərhəmətə qoyum yol, iz.

Ağırlığın, yüngüllüyün bilməkdən ötrü doğru, düz,

Gözdən olan tərəziylə vicdanları çəkim, gedim.

 

Tamam kimi yaralıdan, kimsəsizdən tutum xəbər,

Ovundurum təsəlliylə ürəklərini bir qədər.

Olmasın bizlərdə bu hal, görünərsə, varsa əgər,

Küçələrə atılanı əzizləyim, qucum, gedim.

                                                  08 may 2021-ci il

Tamam Nur Tağlabiyanlı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz