MUSA YAQUB – 84                                        

“Qalmışam mən də bu yol arasında” deyən Musa Yaqubun poeziyasında təbiətin tərənnümü

Şairi təbiət yaradır, cəmiyyət formalaşdırır, eşq hər şeyin fövqünə qaldırır!

Mənəvi güc-qüvvəni, zövqü təbiətdən alan söz adamlarının baş mövzusu da çox zaman təbiət özü olur. Bəlkə də təbiətin əsrarəngiz gözəllikləri olmasaydı insan öz şairlik duyğusunu, istedadını dərk etməkdə, üzə çıxartmaqda çətinlik çəkərdi. Unutmayaq ki, hər kəsə nəsib olmayan şairlik istedadı elə Yaradanın öz seçilmişlərinə bəxş etdiyi əvəzsiz nemətdir.

O seçilmişlərdən biri, parlaq istedad sahibi, şair, təbiətin övladı Musa Yaqubun ilk şeirlərinin baş qəhrəmanı da məhz təbiət olub. Onun poeziyasında təbiət və təbii hadisələrin təsvir, tərənnümü mühüm yer tutur.

Ümumilikdə təbiət şeirləri məna və məzmununa görə üç yerə, üç qismə bölünür:

Birinci qisim şeirlərdə yalnız sırf təbiət gözəllikləri vəsf olunur.

İkinci qisim şeirlərdə təbiət Vətənləşir. Burada ülvi, solmaz, unudulmaz Vətənin təbiəti poetikləşir.

Üçüncü qisim şeirlərdə isə təbiət insaniləşir. İnsan təbiətə, təbiətsə insana təsir edir.

Bu mənada M.Yaqubun poeziyasında təbiət hər üç halında əks olunub. Şair gah təbiətin özünü vəsf edir, gah onun dili ilə Vətəni tərənnüm edir, gah da təbiəti şairanə seyr edə-edə onunla insan kimi dərdləşir, danışır, bir sözlə, təbiəti insaniləşdirir. Bu səpkili şeirlər Musa müəllimin yaradıcılığında yetərincədi. Xüsusilə şair yaradıcılığının son dövrlərində birinci qisim təbiət şeirlərinə daha çox üstünlük verir.

Şah dağı şahımdır kürsüsü uca,

Babadağ babamdır müdrik bir qoca,

Birində əzəmət, birində hikmət.

Biri fərman verir, biri nəsihət –

Qalmışam mən iki dağ arasında.

Şair bu misralarla təbiətin ülvi gözəlliyindən göz oxşayan bir peyzaj yaradıb. Onun lirik qəhrəmanı bu mənzərənin önündə heyrətini, rəğbətini gizlətməyərək bihuş olub. Çünki qəlbi təbiətlə baş-başadır, onunla bir döyünür. Beləcə, səhərlər Günəşin al-qırmızı şəfəqlərlə göy üzünə qalxması, bu şəfəqlər altında gül-çiçəklərin üzə gülümsəməsi, quşların civiltisi, hay-həşirlə yuva qurması, dən axtarması, daha nələr… şairin ilk təbiət şeirlərinin baş mövzusudur.

Təbiət baharın nəğməsində ram,

Bulaqda nanətək titrədi misram.

Min əldə əridi gör neçə mizrab,

Bir telin sirrini bilənə kimi.

N.Günün bir çox şeirində təbiətin quş səsindən, quş nəğməsindən, sevincindən bəhs edir. Bu şeirlərin baş qəhrəmanı isə oxuyan quşlardır. Onların yaz çağı oxuması, dən axtarışı, uçuşu şair qəlbini riqqətə gətirir. O da istəyir ki, qüssə-kədərdən uzaq olub, beləcə quşlara qoşulsun, sevinsin, gülsün, bayram etsin:

Əllərim yetməyən hansı diləkdi,

Bircə təbəssümün mənə köməkdi.

Tələsən bənövşə bilsən nə çəkdi,

Yaz onun hayına gələnə kimi.

Musa Yaqub hər şeyə – quşa, böcəyə, torpağa, ağaca, yarpağa, çaya, dağa sevgi ilə yanaşıb, sevgiylə qələmə alıb. Çünki özü də təbii idi, təbiətin bir parçasıydı. Bu şeirlərdə o həm də özünü ifadə edib.

Mən səni bağrıma basanda bərk-bərk,

Gör nələr düşünüb, nələr duyuram!

Elə bil Göyçaydan Kamçatkayadək

Vətən torpağını qucaqlayıram.

Şairin ikinci qisim şeirlərində təbiət şeirləri Vətən şeirləri ilə birləşir, çuğlaşır, onları ayırmaq, fərqləndirmək qeyri-mümkündür. Məsələn, “Quş, məkan, şair və Vətənə dair aydın cavab”, “Torpaq yuxularım”, “Ora bizimki deyil”, “Yol uzunu arzular”, “Yalnız ilğım müstəsna” və s. kimi şeirlərində təbiət füsunkarlığı, gözəlliyi ilə bərabər həm də müqəddəsləşir, çünki o artır Vətənin təbiətidi, Vətənin otu, çiçəyi, torpağıdır!

Qayıtdım bu torpağa

Bu torpağa dönüncə

dizlərim titrəyir….

Bu torpağın önündəyəm,

Eləcə mil durmuşam,

dil tutulub, nəfəs təntiyir…

Şair hara gedir getsin, harda gəzib dolanır dolansın, yalnız Vətənə qayıdanda bu torpağın önündə dizləri titrəyir, nəfəsi təntiyir. Çünki bu torpaq əyilməz, basılmaz böyük Vətəndir! Öz ağrıları, həsrəti ilə bərabər onundur. Onun həyatıdır, arzusu, xəyalıdır.

Sarıköynəkləri dözmədi qaçdı;

Amma həmin torpaq, həmin ağacdı,

Qüdrəti qalıbmı bir gül bitirsin,

Ya bir xəzəlini yerdən götürsün.

Beləcə, misralarında üzünü təbiətə tutan Musa müəllim uzaq xatirələri, unudulmuş, yurdları, köhnə sevgiləri yada saldıqca onların rənglərini də yada salır, arxaikləşmiş kimi görünən sözlər onun şeirlərinin nəbzinə çevrilir, söz xalısına vurulan bu qədim, təbii rənglər, pası təmizlənmiş kəlmə çeşmələri onun ifadə tərzini fərqləndirən cəhətlərdəndir.

Heç isti görmədim bir yad nəfəsdə,

Ürəyim, kamanı bu eldən istə.

Vətənin bir qarış torpağı üstə

Yaşaya biləydim ölənə kimi.

M.Yaqub sözləri, ifadə vasitələrini çox diqqətlə, qayğı, sevgi ilə seçib, “lirik mən”ini ifadə edə-edə Vətəni də, onun torpağını, daşını da ifadə etmiş olur. Vətəndə hər şey gözəldir. Yaşıl çəmənin al-qırmızı çiçək qoxusu ilə birgə, yaşıl dünyanın özü bir xoşbəxtlikdir. Lakin ən böyük xoşbəxtlik Vətənin azadlıq qoxusudur! Azadlıq ab-havasıdır. Bu Musa Yaqub poeziyasının başlıca, qırmızı xəttidir. Bu xətdən başlayır Vətənin poetik təsvir və tərənnümü.

Bir yorğun torpağam dincə qoyulmuş,

Daha əkilməyim, biçilməyim yox.

Köhnə qarağacam içi oyulmuş,

Bir də körpülənib keçilməyim yox.

Tanınmış filoloq-alim Elnarə Akimovanın Musa müəllim haqqında dediklərindən bir parça: “Musa Yaqub İsmayıllının kiçik bir Buynuz kəndini Azərbaycan üçün bir Vətənə çevirə bildi. Musa Yaqub poeziyasının özəlliyi bundadır. Yəni bizdə heç bir şairdə bu işlənməyib. Musa Yaqub deyəndə birbaşa İsmayıllının Buynuz kəndi nə qədər doğma gəlir azərbaycanlılara. Bu artıq dar bir hücrə sayılmır. Musa Yaqub onu hər bir azərbaycanlı üçün Vətənləşdirə bilir. Məncə onun digərlərindən ayrılan cəhəti də məhz nəfəsindədir, poetik sistem kimi bütövlüyündədir, intonasiya özünəməxsusluğundadır. Mənə elə gəlir ki, Musa Yaqubun yaradıcılığını məhz elə burada axtarmaq lazımdır. O həm Səməd Vurğun, Əli Kərim ənənəsindən gəldi, həm də yeni cığır açdı. Ümumiyyətlə böyük istedadlar həmişə belədir, ənənədən gəlir, onlardan qorxmur. Amma özündə müəyyən balans yığır və müəyyən bir məqamda onlardan ayrılır. Artıq öz fərdi yaradıcılıq cığırına, atmosferinə, aurasına çıxır. Bu baxımdan Musa Yaqub elə o ənənədən gələn artıq fərdi başlanğıcını poeziyaya gətirən şair kimi fərqlidir”.

Təbiət – cəmiyyət – Vətən özü də ayrılmaz, bütöv varlıqdır. Bütöv də xarakterizə olunur. Onlar bir-birinə qarışmış, çuğlaşmış formada təzahür edir. Bizi də bugünkü təbiət lirikası birinci növbədə məhz humanizmin və Vətəndaşlığın ifadə olunduğu lirika kimi maraqlandırır. Həm füsunkar, həm də düşünən, müdrik, fəlsəfi təbiət obrazı bugünkü lirikada xalis ictimai bir obrazdır.

Musa Yaqub göründüyü kimi, təbiət şeirlərində təbiətə, onun sərvətinə, gözəlliklərinə daha böyük, geniş rakusdan yanaşır. Onun baxış bucağında yurdsevərlik, insanpərvərlik dayanır. O hər otun, çiçəyin dilini bilir, qəlbini oxuyur, sonra vəsf edir və təbiətin qayğısını, narahatlıqlarını da dilə gətirir, üzə çıxarır.

Oxucusunun əlindən tutaraq bu təbiəti gəzdirir və onun təbiiliyini qorumağa çağırır. Arada təbiətin nizamını, düzümünü pozmamaq üçün çaldığı həyəcan təbilində də bir ürkəklik, ehtiyat intizarı var.

Ovcuma da baxdım, bir xəzələ də,

Damarlar, cizgilər nə qədər oxşar.

Bizdən ayrı deyil bircə gilə də,

Ovcumun içində bir payız yaşar.

Beləliklə, Musa Yaqub poeziyasında təbiət və onun əsrarəngiz gözəllikləri, həmçinin Vətənin təbii, müqəddəs torpağı, ulu dağları, axar çayları, sirli meşələri, istənilən səviyyədə, yetərincə təsvir və tərənnüm olunub.

Şairin şeir dünyasında poetikləşmiş canlı bir təbiət obrazı yaradılıb. Bu obraz onun bütün poeziyası kimi, hətta deyərdik ki, şairin özü kimi daim canlıdır, təbiidir, səmimidir və hər cür süni boyadan, yalandan və riyadan uzaqdır.

Hələ yol gedirəm dərə boyunca,

Dolaylar dolaşıq, cığırlar haça

Kimdir cığırlara daş möhür basan?

Alım zirvələrdən soraq çətindir

Tülkü dərəsinə enməyim asan,

Qartal yuvasına qalxmaq çətindir,

Qalmışam mən də bu yol ayrıcında.

Və sonda ölümü ilə oluma 3 gün əvvəl əlvida deyən ustad şair Musa Yaqubun bu gün ad günüdür. Əcəl ona imkan vermədi ki, 84-cü baharını da yola salıb 85-ciyə xoş gəldin desin. Neyləmək olar? Bircə onu deyə bilərik ki, təbiətin dilində təbiət və cəmiyyət hadisələrindən böyük sənətkarlıqla yazan, poeziyamızı, dilimizi zənginləşdirən, adi sözə böyük poetik məna və can verən ustad şair Musa Yaqub ədəbiyyatımızın, söz sənətimizin ilham qaynağıydı. Vətən daşı olan milli şeirin özəyi, meyarı Musa Yaqub şeiri, Musa Yaqub sözü canlılığı, əbədiyaşarlığı ilə gələcək nəsillərə əvəzsiz bir yadigardır. Və bu yadigarı qoruyub saxlamaq isə Musasevərlərin, poeziyasevərlərin müqəddəs işi olmalıdır.

Daşdəmir ƏJDƏROĞLU

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz