2021-ci ilin yanvar-mart aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında

 

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2021-ci ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 36490,1 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının real ifadədə həcmi 33950,4 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz azalmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 0,5 faiz azalaraq 416,0 manata bərabər olmuşdur. Məhsul və xidmətlərin 50,5 faizi, yəni 18422,0 min manatı istehsal sahələrinin, 49,5 faizi, 18068,1 min manatı isə xidmət sahələrinin payına düşür. Ümumiyyətlə, azalma əsasən sənaye, tikinti, nəqliyyat və ticarət sektorlarında qeydə alınmışdır.

Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 12840,7 min manatlıq və ya ümumi məhsulun 35,2 faizi, sənayedə 4574,9 min manatlıq (müvafiq olaraq 12,5 faiz), tikintidə 1006,4 min manatlıq (2,8 faiz), informasiya və rabitədə 313,9 min manatlıq (0,8 faiz), nəqliyyat və anbar təsərrüfatında 547,7 min manatlıq (1,5 faiz) və ticarət və xidmət sahəsində 17206,5 min manatlıq (47,2 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 0,7 faiz, informasiya və rabitə 4,8 faiz artmış, ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda 1,2 faiz , sənaye istehsalında 30,4 faiz, tikinti sektorunda 51,4 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 30,4 faiz azalmışdır.

ÜMUMİ MƏHSUL BURAXILIŞININ İQTİSADİYYATIN SAHƏLƏRİ ÜZRƏ BÖLGÜSÜ AŞAĞIDAKI KİMİ OLMUŞDUR

 

2021-ci ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 7 ton, süd istehsalı 29 ton və yumurta istehsalı 16 min ədəd artmışdır.

Bu dövrdə yazlıq bitkilərin əkinininə başlanılmış və ümumilikdə aprelin 01 vəziyyətinə rayon üzrə 1448 hektar sahədə yazlıq bitkilər əkilmişdir.

Yazlıq bitkilər əkilmiş sahələrin 742 hektarını kartof, 139 hektarını tərəvəz, 376 hektarını dənli və dənli paxlalılar, 11 hektarını qarğıdalı və 180 hektarını isə yem bitkiləri  təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 hektar yazlıq bitkilər çox əkilmişdir. Havaların əlverişli keçməsi səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartof əkini 9 hektar çox əkilmişdir. Tərəvəz əkini 102 hektar, dənli və dənlipaxlalılar isə 46 hektar əvvəlki ilin eyni dövrü ilə müqayisədə az əkilmişdir. Hazırda yazlıq bitkilərin əkini sürətlə davam etdirilir.

Cari ilin məhsulu üçün keçən ilin payızında əkilmiş 30679 hektar taxıl sahələrində yüksək bitiş alınmış, əməkçilər tərəfindən sahələrə aqrotexniki qulluq davam etdirilir.

2021-ci ilin yanvar-mart ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 4574,9 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 30,4 faiz  azalma müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövrü ilə eyni səviyyədə 19,8 milyon kilovat saat elektrik enerjisi və əvvəlki ilin eyni dövründən 2,2 milyon kub metr çox, yəni 17,6 milyon kub metr qaz istehlak olunmuşdur

2021-ci ilin birinci rübündə rayonda 1139,0 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72,0 faiz azdır. Hesabat dövründə əsas kapitala 4574,6 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85,0 faiz çox təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən il ərzində 895,1 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ildən 640,1 min manat azdır.

Cari ilin yanvar-mart aylarında rayon əhalisinə 52821,0 min manatlıq istehlak malları satılmış, 6131,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 1,8 faiz artmış və əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 6,0 faiz azalmışdır.

Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 313,9 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 4,8 faiz çoxdur.

01 mart 2021-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq nominal əmək haqqı ilkin məlumatlara əsasən 446,0 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 2,8 faiz yüksək olmuşdur.

 

35DEMOQRAFİK VƏZİYYƏT:

 

İsmayıllı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşməklə median istiqamətində uzunluğu 56 km, paralel istiqamətində eni isə 73 km təşkil edir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində   3629 metr hündürlüyə malikdir.

İsmayıllı rayonu Bakıdan 185 km məsafədə yerləşməklə Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. İsmayıllı rayonunun ərazisi 2074 kv.km olmaqla əhalinin sıxlığı bir kvadrat kilometrdə 42,4 nəfər təşkil edir. Bu göstərici ölkənin kənd rayonları arasında orta göstərici sayılır.

2021-ci ilin aprel ayının 01-i vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 87910 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 43 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,53 faizi yəni 59366 nəfəri kənd yerində, 32,47 faizi 28544 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,49 faizini kişilər, 49,51 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi son 3 ayda 0,1 faiz və ya 43 nəfər artmışdır. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 930 məcburi köçkün ailəsində isə 3395 nəfər məcburi köçkün məskunlaşmışdır.

Hazırki vəziyyətə əhalinin yaş strukturu aşağıdakı kimi səciyələndirilir. Əhalinin ümumi sayından 0-14 yaşda olan uşaq və yeniyetmələrin xüsusi çəkisi 22,97 faiz, 15-64 yaşda olan əhalinin xüsusi çəkisi 69,29 faiz, 65 yaş və yuxarıların isə 7,74 təşkil edir.

 

Demoqrafik göstəricilər (nəfər)

 

  2021-ci il

yanvar-mart ayları

2020-ci il

yanvar-mart ayları

Artma /+/

Azalma /-/

Doğulanlar 219 262 -43
Ölənlər 176 177 -1
Nikahlar 55 79 -24
Boşanmalar 26 27 -1
Təbii artım 43 85 -42
Miqrasiya 0 -7 -7
Ümumi artım 43 78 -35

 

2021-ci ilin yanvar-mart aylarında rayonda 219 körpə doğulmuş, 176 nəfər isə ölmüşdür, 1 yaşa qədər ölən uşaq qeydə alınmamışdır. Hesabat dövründə əhalinin təbii artımı 43 nəfər təşkil etmişdir. Cədvəldən göründüyü kimi keçən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı mütləq rəqəmlərlə 43 nəfər azalmışdır. Müqayisə olunan dövrə görə ölənlərin sayı 1 nəfər artaraq 176 nəfər təşkil etmişdir. Ölümün səbəblərinə görə təhlil göstərir ki, bu dövrdə rayonda ölüm halları əsasən ürək, qan damar sistemi, tənəffüs orqanları xəstə olanlar arasında daha üstünlük təşkil etmişdir.

2020-ci ilin ilk üç ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,0-dan 10,0-a qədər azalmış, ölənərin sayı isə 8,1-dən 8,0-a enmişdir. Əhalinin 1000 nəfərinə hesabı ilə təbii artım əmsalı 2020-ci ilin müvafiq dövrünə nəzərən 3,9-dan azalaraq 2,0-a düşmüşdür.

2021-ci ilin yanvar-mart aylarında rayonda 55 nikah bağlanmış, 26 nikah isə pozulmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanmış nikahların sayı  24 vahid, boşanmaların sayı isə 1 vahid azalmışdır. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bağlanmış nikahların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6-dan, 2,5-ə enmiş, boşanmaların sayı isə sabit qalmışdır.

Əziz Əzizov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                           

 

 

Şərh Yaz