Olmuş əhvalatlardan:   Zənbilli katibin işçiləri

Səhər müşavirələrinin birində birinci katib ərizə və şikayətlərə, işçilərin yazdıqları cavabları qırmızı qələmlə redaktə edib əlində yellədərək deyir:

– Ərizə və şikayətlərə heç biriniz normal cavab yazmamısınız.  Bir zənbilli katib gələcək, heç birinizi işlətməyəcək. Onda biləcəksiz ki, mən sizə nə qədər hörmət etmişəm.

Mən sakitcə ayağa qalxıb dedim:

– Onda zənbilli katib gələndə mən də işləməyəcəyəm.

Birinci katib soruşdu:

– Niyə, hara gedəcəksən?

Mən dedim:

– Zənbilli katibin özü kimi zənbilli işçiləri olacaq.

 

Zoopark

 

Bakıda yaşayan Könül xanım on il sonra qızı Səbinə ilə birlikdə rayonda yaşayan bacısına qonaq gedir. Xoş əhval-ruhiyyə ilə qonaqlarını qarşılayan Ceyran xala bacısı qızını ailə üzvləri ilə tanış edir:- Bu həyat yoldaşım Aslan, oğlanlarım Şiraslan, Şahpələnk, Cavanşir, Şirbala, Bəbir, Yelmar və Şahmardır. Qızlarım Maral, Turac və Göyərçindir. Səbinə anasına təəccüblə baxıb soruşur: – Ana, biz zooparka gəlmişik?

 

Nəbatət bağı

 

Uzun illər Rusiyada yaşayan Əli kişi oğlu Səmədlə birlikdə rayondakı bacısıgilə qonaq gedir. Öz adının Qızılgül olduğunu deyən bibi ailə üzvləri ilə qardaşı oğlunu tanış edir. Bunlar qızların Qızılgül, Qərənfil, Bənövşə, Lalə, Nərgiz Nilufər, Bağdagül, Sadəgül və Təzəgüldür. Səməd atasına tərəf dönüb təəccüblə soruşur: – Ata, biz Nəbatət bağına gəlmişik?

 

Sənə yox, maşına

 

İş elə gətirdi ki, birinci katibin maşını ilə Bakıya gedəsi oldum. Yolda bütün postlarda yol patrul xidmətinin işçiləri maşın onlara yaxınlaşanda sağ əlini gicgahına qoyub salam verirdilər.

Rayona qayıdandan sonra birinci katib məni çağırıb soruşdu: Bakıya necə getdin, narahatçılıq-filan olmadı ki?

– Yox dedim;  yol boyu polis işçiləri hətta mənə salam verirdilər. Birinci katib gülümsəyərək dedi:

– Sənə yox maşına salam verirdilər.

Yaşar Nuriyev

Şərh Yaz