İsmayıllıları daha çox sevindirən uğur

Startı üç ay əvvəl verilmiş VII Muğam Televiziya Müsabiqəsi iyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsində 7 iddiaçının ifası ilə başa çatıb.

Gözəl mədəniyyət hadisəsi kimi yadda qalan müsabiqənin finalı ölkəmizin salnaməsinə qızıl həriflərlə yazılmış ictimai-siyasi hadisəni – Milli Qurtuluş Gününü bayram etdiyimiz tarixi məqama təsadüf edib.

Mükafatlandırma mərasimi öncəsi çıxışlarda vurğulanıb ki, xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti qərinələrdən keçərək müasir dövrümüzə çatıb. Mədəniyyətimizin nəinki Şərq aləmində, Avropada, bütün dünyada tanıdılmasına səbəb olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənət nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusi yer tutur. 2005-ci ildən bu günə kimi ardıcıl olaraq iki ildən bir keçirilən müsabiqə muğam irsinin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir.

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.

Sonda münsiflər qalibləri müəyyənləşdiriblər. İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birincilik qazanıblar.

İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.

Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən müsabiqənin icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.

Bayram günündə yekunlaşan  müsabiqə,  İlahə Rüstəmovanın uğuru muğamsevərlər ordusu sırasında onun həmyerlilərini – ismayıllıları xüsusilə sevindirib.  Sevindirici qələbə münasibəti ilə İ.Rüstəmovanı təbrik edir, ona İsmayıllı ictimaiyyəti adından yeni və daha yüksək yaradıcılıq nailiyyətləri arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz