22 il əvvəl və bu gün

Musa Yaqubun 60 illiyində Respublikanın adlı-sanlı yazarlarının da iştirak etdiyi rayon mədəniyyət evində keçirilən möhtəşəm şənliklə bağlı “Cavanşir yurdu” qəzetinin kollektivi şairə təbrik ünvanlamışdı,

onun “Xalq şairi” fəxri adına layiq görülməsi münasibətilə həmin təbriki yenidən qəzet oxucularına çatdırmağı məqsədəmüvafiq bildik.

Məmməd Mirzə,
Azərbaycan Yazıçılar Birliyi və
Az
ərbaycan Jurnalistlər Birliyinin üzvü

ƏZİZİMİZ MUSA YAQUB!

 

Sizi – Azərbaycan torpağının gözəl nəğməkarını 60 illik yubileyiniz münasibətilə təbrik edirik! Azərbaycan çağdaş poeziyasında özünəməxsus yeri olan Musa Yaqubun əsərləri 40 ilə yaxındır ki, Vətənimizdə və onun hüdudlarından kənarda ülvi məhəbbətlə sevilir, oxunur və təqdir olunur. Sizin poeziyanız təkcə Azərbaycan şeirinin deyil, Azərbaycan təbiətinin sirli-sehirli bir parçasıdır. Sizin təbiətlə bağlı şeirləriniz, eləcə də başqa əsərləriniz o dərəcədə səmimi və orijinaldır ki, altında imza yazılmasa da, onları başqa şairlərin əsərləri ilə qarışıq salmaq mümkün deyil.

Yarpaq olub torpağına tökülsəm,

Torpaq olub sellərinlə sökülsəm,

Sel-sel olub dəryalara tökülsəm,

Doymaz gözüm, doymaz yenə bu eldən.

Bu deyim tərzi, bu ecazkar poetik ifadələr yalnız Musa Yaqub qələminə məxsus ola bilərdi. Sizin şeirlərinizdə yamacların quruca daşı da ağappaq çiçək açır, yarpaqlar həqiqətən oxuyur, bulaqlar həqiqətən pıçıldayır. Sizin şeirlərinizdə oxuyan təkcə yarpaqlar, çiçəklər, quşlar, bulaqlar deyil, torpaq da öz dilində nəğmə deyir, gülür, sevinir, həsrət çəkir, bahar gələndə bənizi tərləyir, qumlar da torpaqda rişələnir…

Əziz şairimiz, poeziya meydanında ilk kövrək addımlarınızı atmağa hazırlaşdığınız andan taleyin Sizə bəxş etdiyi istedadın dəyərini və qismətinizə düşən bu ağır yükün məsuliyyətini duyaraq, gələcək yaradıcılıq proqramınız adlandırıla bilən bircə bəndlik şeirdə:

“Bəlkə də borcundan çıxmadım, Vətən!”

– deyə bu məsuliyyətdən doğan narahatlığı ifadə etmişdiniz. Bu gün tam ixtiyarla deyə bilərik ki, Siz öz torpaq nəfəsli, çiçək ətirli, məhəbbət qoxulu şeirlərinizlə Vətən qarşısında borcunuzu layiqincə yerinə yetirirsiniz.

Musa Yaqub dünyanın ən xoşbəxt insanlarından biridir desək, səhv etmərik. Çünki Sizin bu gözəl Vətəndə dostlarınız da, pərəstişkarlarınız da çox-çoxdur. Dostlarınızın çoxluğunun sübutu budur ki, Respublikamızın yaradıcı ziyalıları arasında bu gün İsmayıllının, xüsusən də onun ən gözəl incilərindən biri olan Buynuz kəndinin yolunu tanımayan az adam tapılar. Pərəstişkarlarınızın çoxluğu bundan bilinir ki, Sizin hansı səbəbdənsə çap olunmayan şeirləriniz mətbu əsərlərinizdən daha sürətlə yayılır, sevilir və əzbərlənir.

Dostlarınız Sizi dəyərli dost kimi, poeziyamızın pərəstişkarları bir gözəl şair kimi, övladlarınız da bir valideyn kimi tanıyır və sevirlər. Məsəl var deyərlər, “qardaşın necə adamdır, deyir yoldaş olmamışam”. Çünki dostluqda, şairlikdə, hətta valideyn-övlad doğmalığında kölgədə qalan bir çox cəhətlər yoldaşlıq – yol yoldaşlığı, məktəb yoldaşlığı, əsgər yoldaşlığı, iş yoldaşlığı məqamında üzə çıxır. Bütün sadalanan məziyyətlərdən əlavə, biz Sizi həm də bir iş yoldaşı kimi tanıyıb-sevmişik. Yaradıcılığınızın daha yetkin bir mərhələsinə – ömrünüzün 7-ci onilliyinə qədəm qoymağınız ərəfəsində Sizə bu ulu dağların ömrü qədər uzun ömür, bu dağların havası kimi təmiz, suyu kimi saf bir cansağlığı, daha coşqun ilham, daha geniş yaradıcılıq üfüqləri arzulayırıq! Arzu edirik ki, bundan sonra da, pərəstişkarlarınızı hər gün yeni şeirlərinizlə, hər il yeni kitablarla sevindirəsiniz!

“Cavanşir yurdu” qəzetinin kollektivi:

“CAVANŞİR YURDU” 22 may 1997-ci il.

 

Şərh Yaz