Qarabağ torpaqlarının azadlığı iqtisadyyatımıza güclü təkan verəcək

 

Tarix boyu baş vermiş müharibəsinin böyük itki və fəlakətlərlə nətisələnməsi danılmaz faktdır.

İşğalda olan torpaqlarımızı erməni qəsbkarlarından geri aldıqdan sonra iqtisadyyatımızda yarana biləcək güclü təkan da bir gerçəklikdir. Əlbəttə bu sahədə görüləcək əsaslı işlər də olduqca çox və diqqətçəkəndir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev  mövzu ilə bağlı bildirmişdir ki, artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər. Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaq var. İşğal olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Ərazilərimizin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə böyük töhfə verəcək. Mineral su ehtiyatlarımızın 40 faizə qədəri işğal altındakı torpaqlardadır.

İşğaldan sonra cəmi 25 min nəfərin yaşadığı tarixi ərazilərimizdə vaxtilə 1 milyona yaxın azərbaycanlı yaşayırdı.

Qarabağ Ermənistan üçün iqtisadi yük, Azərbaycan üçün isə iqtisadi potensialdır.

Azərbaycan Ordusu Vətən müharibəsindəki qələbələri ilə hər gün xalqımıza qürur dolu sevinc bəxş edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yüzdən artıq yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli və Zəngilan, Qubadlı şəhərlərini işğaldan azad edib. Bütün cəbhəboyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

İşğal altında olan rayonlarımız azad edildikcə qarşıda bizi yeni vəzifələr gözləyir. Təbii ki, Böyük Qayıdış ilk növbədə bu ərazilərin yenidənqurulması ilə başlayacaq. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafı da gələcək prioritetlər sırasındadır.

İşğaldan azad olunan torpaqlarda iqtisadiyyatın bərpasının necə həyata keçiriləcəyinə gəldikdə, mütəxəssislər qeyd edirlər ki, bununla bağlı Azərbaycanın kifayət qədər təcrübəsi var: “Hətta ölkəmizdə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir. 2020-ci ildən başlayaraq Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin də uyğun qaydada bərpası həyata keçiriləcək.

1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – “Böyük qayıdışın başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq bir neçə dəfə Sərəncam imzalanıb. Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Bu da Azərbaycan və Ermənistanın inkişafa münasibətlərində fərqi göstərir. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük qayıdış” da davam edir”.

Ərazilər işğaldan azad olunduqca ermənilərin bizim torpaqlarda talançılıq və dağıdıcılıqla məşğul olması bir daha sübut olunur. Bu baxımdan Azərbaycana dəyən ziyanın nə qədər olması diqqət mərkəzinə gəlir. Statistikaya görə, – 1988-1993-cü illərdə işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb, soyğunçuluğa məruz qalıb.

Bundan əlavə, 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması, onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb. 2017-ci ilə olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində itki və tələfatların ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub. İşğaldan azad olunduqca Azərbaycan bu ərazilərə həyat gətirəcək. Ermənistana qarşı vurduğu ziyana görə təzminat iddiası da mümkündür.

İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sahəsində də böyük perspektivlər var. Mütəxəssislərin hesablamalarına görə, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizindən istifadə edilir. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü tam təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq.

Göründüyü kimi, Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Prezident İlham Əliyev dediyi kimi “Qarabağ Azərbaycandır!”. Tezliklə Qarabağ Azərbaycanın ən inkişaf etmiş mərkəzinə çevirəcək.

Namil Cəbiyev,

İsmayıllı Rayon Qeydiyyat Şösinin rəisi

Şərh Yaz