Nəciblik

Sürücü qanun-qaydanı pozub, avtobusunu dayanacaqdan kənar yerdə saxladı. Qapı ağzında durub düşməyə hazırlaşan nənə, sürücüyə minnətdarlığını bildirib içi qatıq balonları ilə dolu olan çantalarını götürüb yerə düşmək istəyəndə, zəif, damarları çıxmış qollarının onlara gücü çatmadı. Yardım üçün salona göz gəzdirdi. Nənənin bu halını görən iki yeniyetmə yerlərindən dik atıldılar. Biri nənənin qolundan, digəri isə çantalardan yapışıb, onları iri şüşə lövhə üzərində adı yazılmış müəssisənin giriş qapısınadək apardılar…

O, düz 30 ildir ki, bu ünvana gəlib gedir. Müdirdən tutmuş nəzarətçiyə qədər hamı ona “Sona nənə” – deyib böyük hörmət edirlər. O, həftədə bir, bəzən də iki həftədən bir buraya gəlib getməklə, gətirdiyi halal məhsulun keyfiyyətinə, təmizkarlığına, kübarlığına, xoşqılıq və gülərüz olduğuna görə hamının sevimlisi olmuşdu. Sona nənənin qatığına, südünə söz ola bilməzdi. Qatığı az qala bıçaqla kəsiləsi idi. Südü qabda iz buraxardı, qaymağı damağa yapışardı. Mayasını kimsədən almaz, özü düzəldərdi. Özü vurardı öz mayasını. Halal-haramdan çox qorxardı. Ağartı qablarını qaynar suda yuyub dəsmalla qurulayardı ki, birdən divarlarında su qala bilərdi. Onları xüsusi şəraitdə saxlayardı. Sona nənənin işləri Ramazan, Qurban, Novruz bayramlarında xüsusilə daha çox olardı. Hamı biş-düş üçün ona sifarişləri sifariş üstündən verərdilər. Kimsəni özündən narazı salmazdı Sona nənə. Şirin, nəvazişli “həri, mənim balam” sözlərilə könülləri oxşayardı. Heç vaxt satdığı məhsulun pulunu durub gözləməzdi. Sadəcə gətirdiklərini qapı ağzında nəzarətçiyə verib, tez oradan uzaqlaşardı, haqq-hesab qalardı gələn dəfəyə. Bu gün isə, nənənin səhhətində yaranmış problem hamını məyus etmişdi. Son vaxtlar uzun illərin əziyyətli işi, daşıdığı ağır yüklər nənənin səhhətində müxtəlif izlər buraxmışdı. Onurğa sütunu əyilmiş, iri qara gözləri kiçilib çuxura düşmüş, əl və ayaq ətrafları şuxluğunu itirib, atdığı xırda, kövrək, ehtiyatlı addımları ilə onu uşağa bənzədirdi.

Sona nənənin sağlamlığındakı bugünkü durum, təkcə ətrafdakıların deyil, müəssisə rəhbərinin də gözündən yayınmamışdı. O, xidməti otağında pəncərədən çölə boylanarkən, Sona nənənin avtobusdan düşməsni öz gözlərilə aydınca görmüşdü və bundan çox mütəəssir olmuşdu. Əl atıb daxili telefonla müəssisənin məsul işçisi Rəqsanə xanımı otağına dəvət edir, gördüklərini ona danışır. “Tez mənim xidməti maşınımı götürün, Sona nənəni həkim müayinəsinə aparın, əgər səhhətində ciddi problem olarsa, xəstəxanaya yerləşdirin, olmazsa evinə qədər aparın”, – deyib, tapşırığını vermişdi…

Şükürlər olsun ki, Sona nənənin səhhətində ciddi bir şey aşkarlanmadı. Həkim nənənin halının birdən-birə pisləşməsini, onun yaş həddi ilə əlaqədar çox yorğun olması və fiziki zəifliyi ilə əlaqələndirdi. Lazımi dəva-dərman təyin edildikdən sonra, Rəqsanə xanım böyük sevinc içərisində Sona nənəni yaşadığı Novxanı kəndinə aparmalı olur. O, heç vaxt dillər əzbəri olmuş Novxanı kəndində olmamışdı. Etimoloji mənaca “yeni ev” mənasını verən Novxanı kəndi, tarixi məkan olaraq repressiya qurbanları Seyid Hüseyn, Ümgülsüm və Ümmülbəni kimi şairlərin, həm də Məmməd Əmin Rəsulzadənin, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin, dünya şöhrətli bəstəkar Qara Qarayevin doğulub böyüdükləri kənddir. Müdir maşınını idarə edən sürücü, buralara yaxşı bələd olduğundan, yol gedə-gedə Rəqsanə xanıma bu məşhur şəxslərin evlərinin istiqamətini, kənd mərkəzindəki qədim qəbristanlığı göstərir və barələrində bilib eşitdiklərindən ona məlumat verirdi. Budur, “Mersedes” vaxtilə M.Ə.Rəsulzadənin doğulub böyüdüyü evin tinindən sola burulub, yenicə döşənmiş daşlı yolla 3-4 yüz metr getdikdən sonra Sona nənə: ”Saxla, oğlum, çatdıq” – deyir. Sona nənə kiçik bir qapını itələyib həyətə daxil olur. “Xoş gəlmisiniz, bura mənim imarətimdir”-deyib yüngülcə gülümsəyir. Gələnlər maraqdan donub qalırlar. Bura cəmi iki sot torpaq sahəsi ya ola, ya olmaya. Bəs Sona nənənin heyvanları, tövləsi hanı? Yaxşı, bəs özü harada gecələyir? Bu fikirdə ikən Sona nənənin səsi, qapısı cırılıb sallanmış parçadan olan, lay balıqqulağı daşlarının üst-üstə yığılmasından yaradılan bir komadan eşidilir: “Gəlin, gəlin içəri, indicə çay hazır olar, içərsiz, gedərsiz. Allah sizdən razı olsun”. Bura 4-5 kvadratmetr sahəsi olan kiçicik, pəncərəsi olmayan bir koma idi. Kustar üsulla düzəldilən taxta çarpayı güclə yerləşirdi. Torpaq örtüklü tavanı yağışda, qarda damdığından su izləri aydın bilinirdi. Sağda, solda uçulub dağılmış lay daş topalıqları, burada keçmişdə hansısa bir tikilinin olduğundan xəbər verirdı. Həyətin bir küncündə isə 5 daş hündürlüyündə qaldırılan, artıq uçub-dağılmaqda olan bir barı görünürdü. Yəqin ki, çox illər əvvəl burada ev tikmək istəyiblərmiş. Lakin hansı səbəbdənsə, o da yarımçıq qalıbdır. Nə isə…

Rəqsanə xanım gördüklərini kiməsə nəql etmək üçün lazımınca sözlə ifadə edə bilməyəcəyini nəzərə alıb, o, telefonunda Sona nənənin həyat və məişətini əks etdirən qısa bir görüntü yaradır. Görüntünü qəlbi yuxa, xeyirxah əməlləri ilə əməkdaşlar arasında yaxşı tanınan müdirinə göstərəcəyi qərarına gəlir. Rəqsanə xanım bundan əlavə, Sona nənənin uzun illərdir öz “evində” yox, Şah Sultan Hüseyn məscidində, bir gözətçi qadınla orada gecələdiyini də müdirinə xəbər verəcəkdir…

44 günlük Vətən müharibəsi, türk millətinin nə qədər böyük, nə qədər humanist duyğular sahibi, nə qədər  əzmkar bir millət olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Yağı düşmən üzərində çaldığımız  parlaq qələbə, türkə qarşı mərhəmət dolu duyğularımızı daha da aşıb daşdırırdı. Yardımlaşmalar, mənəvi və maddi dəstəklər ən yüksək həddə çatmışdı. Bu qayğılar arasında Sona nənənin də payına çatası bir sürpriz olacaqdı…

Sona nənə həyət qapısının tıqqıltısına çölə çıxdı. Gələnlər arasında Rəqsanə xanımı görüb tanıyanda, çox sevindi. Hal-əhval tutmağa macal tapmamış, onunla birgə gələn adamlar həyət-bacaya dağılışıb ölçü-biçi işləri ilə məşğul olmağa başladılar. Ertəsi gün isə inşaat materialları daşıyan yük maşınlarının ardı-arası kəsilmədi. Sona nənəni heyrət bürümüşdü. O, xəbərsiz idi ki, adının hallandırılmasını istəməyən xeyirxah, müdrik bir İnsanın təşkilatçılığı ilə bir qrup Türk iş adamı, qarşıdan gələn Müqəddəs üç aylar ərzində Sona nənəyə ev tikmək qərarını  öz üzərlərinə götürüblər.

Şaban ayının başlanğıcı Sona nənənin yaddaşına əbədi həkk olunacaq unudulmaz bir gün kimi daxil oldu. Həmin gün Sona nənə yeni dəbdə tikilmiş, müasir, hər cür kommunal rahatlığı olan, iki geniş otaqlı, yaraşıqlı mənzilinə köçdü. Bura daşınan hər şey – məişət avadanlıqlarından tutmuş yataq – mətbəx dəstlərinədək, çıl-çıraqdan tutmuş xalça-palazlarınadək, bütün əşyalar istehsalçıların qablaşdırdığı şəkildə gətirilmişdi. Sona nənə bu işin təşkilaçılarına minnətdarlığını ifadə etmək üçün söz tapa bilmirdi. O, bəlkə də ilk dəfə olaraq həyatının ən xoş anlarını yaşayırdı.

Qonaqlar, özlərinin təşkil etdiyi kiçik ziyafəti başa vurub çıxıb getdikdən sonra, Sona nənə dəri örtüklü stulu qoltuğuna vurub, bahar müjdəli havada uzun, geniş eyvanına gətirib üstündə oturdu. Buradan bütün Novxanı kəndi də,  bir qədər kənarda, vaxtı ilə gəlin gəldiyi, qoşa qaynanalı günlər keçirdiyi yurd da aydınca görünürdü. Xəyalı onu çox uzaqlara çəkib apardı. Ötən günlərini yada salıb, onları bir daha xatırladı:

“8 aylıq çağa olanda, 1941-45-ci illər müharibəsinə getmiş atasından, ölüm xəbəri gəlir. Anası ilə təkbətək qalır. 20 yaşında dul qalmış anasına çox ailələr elçi düşsə də, taleyi ilə barışıb, kolxoz işlərində işləyə-işləyə, bir üzü qız, bir üzü gəlin olub qızını böyüdür. Zəmanənin ağırlığından Sonaya təhsil verə bilmir anası. Sona 21 yaşının tamamında qonşuluqda yaşayan Balakişi adlı igid bir oğlanla ailə qurur. Nigahdan bir oğlanları olur. Əri Sonanı bir gün də olsun işləməyə qoymayır. Sona iki qaynanalı böyük, səmimi bir ailəyə gəlin gəldiyindən özünü xoşbəxtlər xoşbəxti sanır. Çoxları ona zarafatla: Ay Sona, başqaları bir qaynana ilə yola gedə bilmir, bəs sən necə yola verirsən bu iki qaynananı? Bezmirsən? Sona da dodaq qaçırıb cavab verərdi ki, ağez onlar günü deyillər eey, rəfiqədirlər. Sonra Sona başlardı bu mehriban günülüyün qısa tarixini onlar üçün danışmağa. Nəql edərdi ki, qayınatam Atakişi əvvəlcə Həlimə adlı bir qızla ailə qurur. Neçə il yaşasalar da uşaqları olmayıb. Sonra köçüb gedirlər Tehrana ki, bəlkə orda bir çarə taparlar bu sonsuzluğa. Xeyli müddət orada yaşayırlar. Necə olursa, bir gün qonşularla qaynatamgil arasında mübahisə yaranır. Mübahisə zəminində ağzı coşmuş qonşu, yanıq verib qaynatamın “sonsuzluğunu” başına sərgi edir: “Yaxşı adam olsaydın Allah sənə də övlad verərdi” – deyir. Həlimə xala bu sözdən qəmlənib çox ağlayır. Bir müddətdən sonra onlar yenidən Novxanıya qayıdırlar. Həlimə xala çarşabını başına örtüb ərinə uşaq doğacaq yeni həyat yoldaşı axtarır və yaxşı tanıdığı bir ailədən ona qız tapıb evləndirir. Allah Atakişiyə 3 oğul, 3 qız övladı bəxş edir. Həlimə xala doğulan uşaqların hamısını köynəyinin yaxasından keçirib doğmalaşdırır. Hər iki günü uzun illər bir dam altda yaşayır, fərq bilmədən uşaqları birgə, mehribanlıqla tərbiyə edirlər. Elə məni də ilk övladları olan Balakişiyə alan Həlimə xalanın özü olubdur. Qocalıb əldən düşmüş qocalar olduqları günə kimi həm qayınatama, həm də hər iki qayınanalarıma necə lazımdırsa elə də qulluq etmişəm. Halal xoşları olsun”.

Sona nənə yeni məskunlaşdığı evinə göz gəzdirib dərindən nəfəs alır. Bu gün ilk gün olacaqdır ki, daha məsciddə gecələmək üçün ora getməyəcəkdir. 40 ildən çox dünyasını dəyişmiş ömür-gün yoldaşı Balakişini xatırlayır. Ərinin ölümündən sonra xəstə oğlu ilə tək qalan Sona, imkansızlıqdan geniş torpaq mülklərini dövri olaraq hissə-hissə satıb, oğlunun müalicəsinə sərf edir. Yaşamaq naminə müxtəlif yollar axtarır. Nəhayət, kənddə heyvan saxlayan qonşulardan süd alıb qatıq çalmaq fikrinə düşür. Əvvəl-əvvəl utanardı bu peşəsindən. Zaman keçdikcə xeyirxah insanlar ona dəstək olurlar, məhsulunu bəyənirlər, başqasına tərifləyirlər, qol-qanad verib dəstək olurlar.

Həyat duyğulu insanları ilə daha gözəldir. Dəniz ona görə “böyük” sayılır ki, o heç bir çayı özündən rədd etmir. Bir də eşitmişəm ki, cibi zəngin, amma ruhu kasıb olan adamların halı çox acınacaqlıdır. Çünki, o, hər şeyin qiymətini bilir, dəyərini isə yox.

Vaqif Məmmədov

 

Şərh Yaz