Eldən gedən oğul anılıb

 

 

25 aprel 2024-cu il tarixdə şəhid polkovnik-leytenant Ağahüseyn Aslanovun adını daşıyan İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhadətə qovuşmuş qəhrəman polis zabitinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İldönümü mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Dağlıq Şirvan Regional İdman və Gənclər İdarəsinin rəisi Taleh Salehov, RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Əlişir Süleymanov, Vətən Müharibəsi Veteranları İctimai Birliyi İsmayıllı filialının sədri Bəylər Həlimov, şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, mətbuat və media mənsubları, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Ağahüseyn Aslanovun məktəb binası önündəki büstü qarşısına tər gül dəstələri qoyulub.

Tədbiri giriş sözü məktəbin direktoru Ramil Dadaşov açıb və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Şəhidin şərəfli ömür yolu barəsində Hacıməmməd Məmmədov və Şahməmməd Dağlaroğlunun müəllifliyi ilə çapdan çıxmış “Eldən gedən oğul” kitabında geniş məlumat verildiyini qeyd edib.

Tədbirdə söz alan dəvətlilər şəhidlərimizin əziz xatirəsinin əbədi ehtirama layiq olduğunu bildirib, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıblar. Göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.

Tədbirin gedişində məktəbin şagirdləri və 3 saylı uşaq bağçasının fidanları tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Tədbir şəhidin büstü ətrafında xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb  Dəvətlilər şəhidin ailə üzvləri tərəfindən açılmış ehsan süfrəsinin qonağı olublar. Şəhidin ruhuna dualar oxunub.

Ruhəngiz Qasımova,

məktəbin şagirdi

 

 

Şərh Yaz