TORPAQ ƏTİRLİ KİTAB                             

 

“Elini-obasını, kəndini-kəsəyini sevməyən, heç ailəsini də sevməyir. Vətənə xəyanətin kökləri də elə bu mənbədən qidalanır.” Bu sözlər publisist yazıları ilə tanınan istedadlı jurnalist Vaqif Məmmədovun  yenicə çapdan çıxmış “İsmayıllı həqiqətləri” adlı kitabından götürülübdür.  “İsmayıllı həqiqətləri” kitabı yarım əsrdən çox mətbuatda çıxış edən müəllifin  doğulub boya-başa çatdığı bölgəyə, doğma kəndinə bəslədiyi sonsuz məhəbbətindən irəli gəlib, qələmə aldığı ikinci kitabıdır. Bundan əvvəl nəşr etdirdiyi “Tircan” adlı etnoqrafik əsərində olduğu kimi, bu kitabın da əsas mövzusu XX əsrin əvvəllərində və sonrakı illərdə İsmayıllı rayonu ərazisində baş vermiş real hadisələrdən, olmuş həqiqətlərdən, unudulmaqda olan milli-mənəvi dəyərlərimizdən, adət-ənənələrimizdən götürülbdür. Barələrində bəhs edilən obrazlar heç də uydurma, xəyali, fantastik olmayıb, adları əhali arasında hörmətlə gəzib-dolaşan, hamının tanıyıb bildiyi, rəğbətini qazandığı insanlardır. Kitabı oxuduqca  hiss olunur ki, müəllif yazacağı hər bir qəhrəmanı barədə əvvəlcədən müfəssəl məlumat toplayır, xalq arasındakı nüfuzunu ölçüb-biçir və yalnız bundan sonra qələminə müraciət edir. Bu duyğular onun yazı stilindən irəli gəlir. Fakt bolluğundan geninə istifadə etmək Vaqif Məmmədovun öz üslubudur.

Oxuculara təqdim etdiyimiz “İsmayıllı həqiqətləri” kitabı, dörd fəsildən ibarətdir. Birinci fəsildə müxtəlif  kəndlərin etimologiya və etnoqrafiyası barədə topladığı tarixi faktlarla yanaşı, orada yaşayan, müasir gəncliyə nümunə ola biləcək insanların həyat tərzlərindən, nümunəvi əxlaqlarından, məişət davranışlarından, insani münasibətlərindən bəhs edilir.

Müəllif kitabda hər bir xalqın qürur mənbəi sayılan, varlığı ilə fəxr olunan, arxalandığı, yeri gələndə onlara bənzəmək istədiyi el qəhramanlarından ağız dolusu söhbət açır. O, bir çox ismayıllıların bu günkü günə kimi heç də yaxşı tanımadıqları, 1915-18-ci illərdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər zamanı misilsiz qəhrəmanlıqlar göstərmiş tircanlı Molla Kamil, pirəqanımlı Qaçaq Cümşüd, sərdaharlı Doşu (Oruc), yenə tircanlı Şeşim oğlu Salman, İbrahim Əkbəroğlu, Sofulu İbad, basqallı qəssab Heydər əmi, lahıclı Ağabala Qasımov (Ərəb əmi) kimi el fədailərini üzə çıxarıb barələrində geniş məlumat verir. Halbuki, sovet cəza dəzgahlarının var gücü ilə işlədikləri bir zamanda, bu vətənpərvər insanlar bəzi müəlliflər tərəfindən yazılan əsərlərdə qərəzli şəkildə pislənilir və əhali arasında gözdən salınırdılar.

Müəllifin “Hayıf, a dünya səndən” başlıqlı yazısı, diqqəti cəlb edən məqalələrdəndir. Bu yazıda, çulğalanan bu günkü dünyanın eybəcərlikləri ilə yanaşı, həsrətində qaldığımız keçmişimizin gözəllikləri müqayisəli şəkildə çılpaqlığı ilə təsvir edilir və bugünkü dövrümüz üçün çox səciyyəvidir. Müəllif yazısında suyu, havası, torpağı nüvə tullantıları və zəhərli qazlarla zəhərlənən dünyamızın, bu gün mövcudluğunu, əsrlərlə qurub-yaradılan hər bir şeyini itirmək qorxusu ilə üz-üzə dayandığını təşvişlə qeyd edir və bütün Dünya Liderlərini barışığa, sülhə, qarşılıqlı anlaşmağa dəvət edir. Kitabın “Mənim ölməz ideallarım” başlıqlı fəslində, müəllif əhali arasında heç vaxt unudulmayacaq dərin hörmət və nüfuz qazanmış bir neçə nəhəng dövlət xadiminin, şair və ədiblərin xalq qarşısındakı böyük xidmətlərini qeyd edir. Bununla bərabər qanlı, qırmızı rejimin bizə “xalq düşməni” kimi tanıtdırdığı Mir Cəfər Bağırovun da, çoxlarının bilmədikləri danılmaz, misilsiz xidmətlərinin bəzlərindən söhbət açır və bu Böyük AZƏRBAYCANLIYA Bakının ən yüksək nöqtəsində tuncdan heykəl ucaltmaq ideyasını irəli sürənlərə öz dəstəyini bildirir.

Ümumiyyətlə, “İsmayıllı həqiqətləri” kitabı, İsmayıllı barədə yazılan əsələr arasında əhəmiyyətli yer tutur. Əsərdə İsmayıllının yaranma tarixindən, onun səmimi insanlarından, təbiət və iqlimindən, coğrafiyasından, fauna və florasından geniş bəhs edilir. Kitabın hər bir səhifəsini vərəqləndikcə, oradan doğma torağın ətiri duyulur. Hesab edirəm ki, kitab geniş oxucu kütləsi üçün, o cümlədən, rayonumuza gələn hər bir qonaq, hər bir turist üçün faydalı olacaqdır.

Şahməmməd Dağlaroğlu,

şair, Prezident və Beynəlxalq mükafatlar laureatı                                 

Şərh Yaz