Sabaha iş saxlamırıq, amma hər sabah da işə yenidən başlayırıq və yaxud zəhmət həyatın duzudur                                                                                     

Hər  bir xalqın gələcəyə ümidi onun sağlam gəncliyi ilə ölçülür. İntellektual səviyyəsi, geniş və əhatəli dünyagörüşü olan gənclər dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi üçün öz vətənini dünya ölkələri arasında uğurla təmsil edir, ona tapşırılmış işi şərəflə yerinə yetirirlər. Bu gün müasir Azərbaycan gəncliyinin də vətənpərvərlik ruhunun  güclü olması qürur doğurur. Rayonumuzda uğur müəllifi olan, ona tapşırılmış işi yetərincə yerinə yetirən çoxlu gənclərimiz var. Onlar müxtəlif sahələrdə çalışmaqla həm özlərinə gələcək karyera imkanları qurur, həm də dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində öz töhfələrini verirlər.

Təqdim edəcəyimiz gənc – Anar Alızadə də onlardan biridir. Çoxları kimi o da, orta, ali məktəb bitirib. Tələbəlik illərindən başlayaraq ictimai fəaliyyətlə məşğul olan Anar mütəmadi olaraq müasir dünya iqtisadiyyatında baş verən proseslər, bu proseslərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası və eləcə də, müxtəlif münasibətlərlə bağlı analitik təhlil edir, nəticələr çıxarır. Bunlar başqa bir mövzunun yazısı olsa da Anar bildirdi ki, ona bu məsul vəzifəyə etimad İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı cənab Nahid Bağırovun təyinatı ilə göstərilib. Ona görə var-qüvvə ilə çalışır ki, göstərilən etimadı əməli işi ilə tam doğrultsun.

Anarı yaxşı tanıdığım üçün onun səmimiliyinə, vicdanlı, dürüst fəaliyyəti ilə harada çalışmasından asılı olmayaraq qarşıya qoyulmuş tələbləri doğru istiqamətdə yerinə yetirəcəyini bildiyim üçün çalışdığı müəssisənin işi ilə maraqlandım. Geniş bir söhbət apardıq:

– Sabaha iş saxlamırıq, amma hər sabah da işə yenidən başlayırıq. Peyğəmbərimiz Həzrəti Məhəmmədin 1400 ildən çox söylədiyi bir kəlam var: “Təmizlik imandandır”. Elə buna görə də xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və bütün çalışdığımız sahələrin təmiz saxlanması, yaşıllıqların od püskürən bu avqust ayından qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün geniş işlər aparırıq.

Bəli, İsmayıllımız bu gün böyük, boşalıb-dolan qonaq-qaralı bir məkana çevrilib. Gəlib-gedənimiz –  turistlərimiz çoxalıb. Odur ki, şəhərimizin təmizliyinə hər birimiz cavabdehik. Amma birbaşa cavabdeh olanlar İsmayıllı Kommunal Müəssisələr Kombinatının (KMK) işçiləridir. Burada çalışanların işini, işgüzarlığını izləmək üçün gərək yatmayasan. Onlar axşam küçələrdən gediş-gəliş azalandan və səhərin alaqaranlığında, hələ hamı oyanmamışdan yorulmaq bilmədən çalışırlar. Bu insanlar bütün xoş sözlərə layiqdirlər…

Kommunal Müəssisələr Kombinatı şəhər ərazisində 373 min kvadratmetr sahəsi olan 145 küçədən 23-nə qulluq edir. Süpürülən sahə 335510 kvadratmetrdir. Ulu öndərin adını daşıyan, abidəsi ucaldılmış parklara, “Uşaq Əyləncə Mərkəzi”nə, Şəhidlər xiyabanına, “Ana harayı” abidəsi ətrafındakı yaşıllıqlara qulluq və nəzarət  edirlər. İrili-xırdalı yaşıllıqlar 25,8 hektardır. 4509 ədəd işıqlandırma nöqtəsi, yeddi fəvvarəyə hər gün diqqət göstərilir, texniki qulluq edilir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kombinat tərəfindən göstərilən xidmətin həcmi 40-50 faiz dəyərində artmışdır. İdarə işində çalışanlarla bərabər 131 nəfər işçi var. Sosial işçilərin sayı isə 201 nəfər maşın və mexanizmlərlə işləyənlərdir, 15 nəfər işçi isə məişət tullantılarının daşınmasını təşkil edən fəhlə-çilingərlərdir.

Adi görünən işin mürəkkəbliyi çoxdur. Burada hərə öz işini bilir və öhdəsindən də bacarıqla gəlməyə can atırlar. Küçələr süpürülür, yaz-yay aylarında yaşıllıqlar, kollar, çiçəklər suvarılır, kommunal binaların kanalizasiya xidmətində yaranan nasazlıqlar aradan qaldırılır. Əslində, burada hamı bir işi görür- şəhər təmiz olsun, hamı razı qalsın. Sabaha iş qalmasın, amma hər sabah da işə yenidən başlasınlar, Anar müəllimin dediyi kimi.

Nailiyyət əldə etmək üçün sadəcə öz  sahəndə savadlı və əvəzsiz olmalısan. Hansı sahədə, harada olmağından asılı olmayaraq işini mükəmməl bilməli və gördüyün işdə rəqib tanımamalısan. Söhbət əsasında Anar müəllim söylədi ki, şənbə, bazar günləri də işləyirik. Bəlkə də 5 saatdan artıq yatmıram. Amma hər gün kitab oxuyuram. İşimiz çətin olsa da, qətiyyətlə öhdəsindən gəlirik.

Yaxşı işləmək üçün şərait vacib amildir. Kommunal Müəssisələri Kombinatı işçiləri üçün bütün şərait yaradılıb. Rəhbərliyin işgüzarlığı şəhərin gözəlliyinə əlavə bir gözəllik qatıb. Qrafik əsasında lazım olan sahələrə baxış keçirilir, iməcliklər təşkil olunur, nə lazımdırsa edilir. İşləyən üçün çətin olan işə başlamaqdır. Elə ki, başladılar heç biri işi görməmiş, təmizləmə başa çatmamış çıxıb getmirlər. Bu insanların yüksək savadları olmasa da yüksək vətəndaşlıq məsuliyyətləri və işgüzarlıqları var. Söz yox, hərə öz çörəyinə, ailəsini dolandırmaq  xətrinə işləyir, amma yeri gələndə onlar ölkə Prezidentindən,  rayon rəhbərliyindən ürək dolusu razılıqla danışırlar, gördükləri diqqət və qayğı qarşısında fikirlərini açıq etiraf edirlər.

Küçələr üzrə məişət tullantılarının daşınması qrafik əsasında müəyyənləşdirilib. Amma bəzən bu maşınların azlığı və nasazlığı ümumi işə xələl gətirir. Yeni texnikalara, tutumu 0,75 kubmetr olan qapaqlı dəmir zibil qutularına ehtiyac var. Texniki təchizat yaxşılaşdıqca işdəki fəallıq da yüksələcək.

İsmayıllı Azərbaycanın mirvarisidir. Müəssisədə də işlər bu ada layıq qurulmalıdır, qurulub. Burada hamı gec yatıb, tez duranlardır. Rayonun ən zəhmətkeş işçiləri bu kombinatda çalışanlardır. Onların istirahəti, bayramları da işdə keçir.

Müəssisədə hərə öz işi ilə məşğul olsa da, son nəticə kollektivin, ona rəhbərlik edənin adına yazılır. Bu baxımdan kimlərisə fərqləndirmək istədim. Amma Anar müəllim söylədi ki, bu insafsızlıq olar. Kimisə qeyd etmədən, bütün kollektivdən razıyam. Hamı öz sahəsində fərqlənir…

Bir məsələni də qeyd edim ki, hələ payız deyil, amma, havaların son dərəcə isti keçməsi səbəbindən erkən yarpaq tökümü gündəlik işimizi xeyli artırıb. Bir saat əvvəl süpürülən yer yenidən süpürgə çəkilməsini tələb edir. İşçilərimiz də yaxşı bilirlər ki, bu, müvəqqəti çətinlikdir.

Bütün sahələrdə gedən inkişaf proseslərini yaxından izləyir və dövlətimizin əldə etdiyi nailiyyətlərlə və 44 günlük müharibənin zəfərlə başa çatması ilə qürur duyuruq. Dövlət başçısının rəhbərliyi ilə dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqillyimiz günü-gündən möhkəmlənir, hərbi qüdrətimiz artır. Xalqımızın rifahı naminə görülən bütün işlər xoşbəxt gələcəyə olan inamı və əminliyi daha da artırır. Bu işlərdə zəhmət adamlarına uğurlar, müvəffəqiyyətlər, möhkəm can sağlığı arzulayıram. Axı, zəhmət həyatın duzudur.

Hacıməmməd Məmmədov

Şərh Yaz