Dövlət tərəfindən hər cür dəstək göstərilir                   

24 avqust 2021-ci il tarixində İsmayıllı İntellektual Oyunlar Klubunun nəzdində yaradılan İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, ASAN Könüllülük Məktəbi, Gənclərin Karyera və İnkişaf Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə pandemiya qaydaları çərçivəsində İsmayıllıda “Regional Gənclərin I İnkişaf Forumu” keçirilib.

Forumda ilk olaraq Dövlət himni səsləndirilib. Daha sonra şəhidlər bir dəqiqəlik sukutla yad olunub və  Forum açıq elan edilib. Forumun keçirilməsində əsas məqsəd region gənclərinin inkişafını təmin etmək, məşğulluğa cəlb etmək və regionda onların inkişafı üçün müəyyən şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, regionda gənclər sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması üçün İsmayıllı və Regional Mədəniyyət İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı Rayon Gənclər və İdman İdarəsi arasında anlaşma memorandumu imzalanmışdır. Bundan sonra regionda gənclərin inkişafı ilə bağlı layihələr birgə icra olunacaqdır.

Forumda qonaqları salamlamaq üçün ilk söz İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin Hüseynova verilib. O bildirib ki, regionda gənclərin inkişafı üçün dövlət tərəfindən hər cür dəstək göstərilir. İsmayıllıya yeni investorlar və layihələr cəlb edilir. Dövlət gənclər siyasəti regionlarda öz qaydasında davam edir. Region gəncləri yerli və beynəlxalq təmsilçilikdə ölkəmizi layiqincə təmsil edir.

Daha sonra isə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin gənclər təşkilatları üzrə sektor müdiri Fuad Babayevə söz verilib. O, Gənclər Siyasəti ilə bağlı çıxış edib. Daha sonra regionlarda bu formatda forumların təşkilinin və region gənclərinin inkişafının hazırda çox önəmli məsələlərdən olduğunu qeyd edib. Gənclərə göstərilən dövlət qayğısı yüksəkdə olduğunu və davam edəcəyini bildirib.

Forumun təşkilatçısı İsmayıllı İntellektual Oyunlar Klubu ictimai birliyinin sədri Azad Manaflı çıxış edərək gənclərin intellektual yetişməsində regionda fəaliyyət göstərən gənclər təşkilatlarının əvəzsiz rol oynadığını bildirib. Könüllülük proqramları, gənclərin inkişaf modeli və gənc kadrların yetişdirilməsində təşkilatlar hər zaman öndə olub. Bu gün də dövlət siyasətinin bariz nümunəsidir ki, gənclərimiz üçün bu şərait yaradılır və gənclərə yol göstərilir.

Forum panel sessiyası olaraq davam edib. Daha sonra Forumda məşğulluq, mədəniyyət, regionda gənclər siyasəti, könüllülüyün imkanları və sahibkarlıq barədə spikerlər dinlənilib, gənclərin maraqlı sualları spikerlər tərəfindən cavablandırlıb. Forumda İsmayıllı gəncləri ilə yanaşı Qəbələ, Şəki və Kürdəmir gəncləri də iştirak ediblər.

Sonda gənclərlə xatirə fotoları çəkilib.

Nurtən Əkbərova

Şərh Yaz