TƏSƏLLİ              42     (Sənədli hekayə)                                                

 

Qatardan düşər-düşməz müştəri gözləyən sürücülər  bir göz qırpımında onu əhatəyə aldılar. Döşünə düzülmüş orden və medallardan duyuq düşənlər onun cəbhədən qayıtdığını hiss edib,  daha çox canfəşanlıq göstərməyə başladılar. Bəziləri onu od-alov içərisindən sağ- salamat çıxıb gəlməsi münasibətilə təbrik edir, bəziləri qucaqlayıb bağrına basır, digərləri isə qolundan  yapışıb  öz tərəfinə çəkir, haraya gedəcəyini  soruşurdular. Əsgər ömründə bəlkə də ilk dəfə idi ki, bu cür qayğı və şəfqətlə əhatələnirdi. Yaşının az olması səbəbindən özündən böyüklərin ona göstərmək istədikləri nəvazişlərdən ürəyi sıxılır, qızarır, ona utanc gətirirdi. Bilmirdi kimə nə cavab versin. Bu vaxt, izdihamın o biri başından hay-küylə, camaatı  yara-yara əsgərə yaxınlaşan ucaboylu, canlı-cəsədli, yaraşıqlı bir oğlan diqqəti cəlb etdi. Çatar-çatmaz əsgəri qucaqlayıb o üzündən, bu üzündən marçıltı ilə öpdü. “Əəə, qaddan alım əə sənin, harda qalmısan eyy… Gözümüzün sapı saraldı yolunu gözləməkdən. Allaha çox şükürlər ki, sağ-salamat gəlib çıxdın, məhlə uşaqları səhərdən axşama kimi səndən danışır, yolunu gözləyirlər. Əəə maşallah, orden medalların da ki, öz yerində” – deyib, onların üstünə sığal da çəkdi, qoluna girib əsgəri öz maşınına tərəf apardı.

Əsgər qaranlıqda üzünü yaxşı görə bilmədiyi məhlə uşağının bu mərdliyindən çox məmnun oldu. Ürəyində: “Bu lap göydəndüşmə oldu mənimçün”- deyə, düşündü. Dil boğaza qoymayan, dilli-dilavərli sürücü, əsgəri maşınında oturdub: “Əəə, qadan alım qağa, mən indi gəlirəm”- deyib, yenidən stansiyaya qayıtdı.

Bütün gecəni qapılarından içəri dolan küləyin qılınc tək kəsən soyuğunda əsgər vaqonda nə yata və nə də otura bilmişdi. Maşının isidilmiş rahat oturacağında əyləşdikdən bir neçə dəqiqə sonra,  onun gözləri xumarlandı və dərin, şirin yuxuya getdi…

Səliqə ilə silinib-təmizlənmiş maşın, stansiyanın həyətindən çıxıb, dolanbac yolları arxada buraxaraq, şəhərin süd kimi işıqlandırılmış geniş küçələrindən birinə çıxdı. Sürücü, yanaşı oturduğu əsgərə tərəf boylandı. O, hələ də mışıl-mışıl yatırdı. Sükanı sağa burub maşını səkinin kənarında saxladı. Barmağını radionun düyməsinə basdı. Salon Şəmistan Əlizamanlının ifa etdiyi “İgid əsgər, möhkəm dayan”mahnısının sədaları ilə doldu. Əsgər gülümsəyərək yuxudan oyandı. O, mənzil başına çatdıqlarını zənn edib, maşının qapısını açıb yerə düşmək  istəyirdi ki, sürücünün ona zillənən sualedici nəzərlərini gördü. Sürücü:“Qaqaa, səhərdən sənin şirin-şirin yatdığını görüb yuxudan oyatmağa  ürəyim gəlmirdi. Həm də sənə baxıb qürur duyurdum. Deyirəm, sizin kimi mərd, cəsur, igid oğlanlarımız olmasaydı, bu it uşağı ermənilər Qarabağımızı əlimizdən alajaqdılar eee. Allah Baş Komandanımızı, Ordumuzu qorusun. Əəə, onlar haranın tulalarıdır ki, bizim gözəl, inci Qarabağımıza sahib çıxsınlar? Məgər biz ölmüşük?! Həə… qaqa, indi de görüm, hara gedəjəyik?” – dedi.

Əsgər təəcüblə ona baxdı: “Necə yəni hara gedəcəyik? Məhləmizə, Badamdara” – deyə cavab verdi. Əsgər sürücünün üz-gözünü indicə açıq- aydın görə bildi. Badamdar bəlkə də Bakı qəsəbələri arasında yeganə qəsəbədir ki, burada hamı böyükdən kiçiyə kimi bir-birlərini adları ilə belə gözəl tanıyırlar. Amma əsgər nə qədər fikirləşirdisə də, qəsəbədə bu vücudda, bu simada adamla rastlaşdığını heç cür yadına sala bilmirdi. İşin nə yerdə olduğunu anlayan sürücü, əsgərin diqqətlə ona baxdığını hiss edib,  şirin dilini işə saldı, əsgərin ona nə isə demək istədiyinə macal vermədi. Onu qabaqlayıb:

Qaqaa, bayaq səni perronda görəndə ürəyim sızladı. Rəngin ağappaq idi. Çox yorğun görünürdün.Üz-gözündən yuxu tökülürdü. Az qalırdı yıxılasan. Fikirləşdim ki, bu xilaskar qağamı necə olur-olsun, bu sınıq-salxaq  maşınlı “çemodanşiklərin” əllərindən qoparıb, onu mənzil başına – öz ailəsinə, öz ceyran“Cip”imdə çatdırajağam. Ona görə də o variantı işlətdim.

“Cip” həyətə girəndə gecənin qara pərdəsi yenicə süzülürdü. Mənzillərdə yandırılan işıqların sayı getdikcə artırdı. Əsgər dördüncü mərtəbədəki mənzillərinə sarı boylandı. İşıqları hələ yanmırdı. “Görünür, özüm tək hərbçi olan qardaşımın  körpə qızı Ahu xanım gecə səhərədək yatmayıb, evdəkilərin yaxşıca dərslərini veribdir”- deyə düşündü. Kənara çəkilib ciblərini qurdaladı. Nə qədər çalışsa da, bütün ciblərindən cəmi dəmir pul qarışıq 4 manat pul toplaya bildi. Çox aydın bilirdi ki, bu pul sürücünü qane etməyəcək. Yenidən mənzillərinə sarı boylandı. Bunu hiss edən sürücü özü yaxınlaşdı ona. “Qaqaa, niyə belə narahatsan? Mənim sənin tək xilaskar oğuldan pul götürməyim ayıb olar. Mənə evdəkilər, qonum-qonşular muştuluq kimi nə versələr bəsimdir. Vallah, onu da götürməzdim ee… Amma, vəziyyət çox ağırdir. Bir ildir ki, bu koronovirus adlanan şoğəribin əlindən bir manatın sahibi ola bilmirəm. O boyda şadlıq sarayını, restoranı bağlayıb oturmuşam evdə. Bir çatan qaçqın ailəsiyik, hamısı da yeyəndir. Qərara gəldim ki, həm xeyriyyəçilik edib qəhrəman balalarımızı öz ailələrinə qovuşdurum, həm də çaq-çuqumu edim… İnşallah, vaxt gələr, mən də sizin kimi qəhrəman oğullarımız öz parlaq qələbələrini “Uzun Dərə”, “Qarabağ”,”Şuşa”, “Həkəri” kimi restoranlarda qeyd etdikləri zaman, qulluğunuzda durub xəcalətinizdən çıxaram.

Əsgər, eşitdiklərindən iyrənirmiş kimi səbirsizlik edib, kənara çəkildi. İki il əvvəl qoyub getdiyi məhlələrinə nəzər yetirdi. Məhlə uşaqları ilə birlikdə futbol oynadıqları geniş həyət-bacaları bu iki ildə çox kiçilmişdi, qarajların sayı artmışdı. Göz açıb gördüyü şifer damlı, qonşuların bəzən toy, bəzən uşaqlarının ad günlərini, bəzən də yas mərasimləri keçirdikləri birmərtəbəli qədim tikili sökülüb, yerində alt qatı ticarət və xidmət obyektləri olan villa tikilmişdi. Nənəsinin  sözünə baxmayıb şıltaqlıq etdiyi, şah budaqlarının lap uclarına kimi dırmaşdığı nəhəng tut ağacı isə hələlik yerində idi…

Qısa müddət ərzində həyət-bacalarında edilən bu dəyişikliklər əsgərin diqqətini cəlb etsə də, onun əsas fikri Murovun buzlu zirvəsində, meşələrin keçilməz dərələrində, soyuqda, boranda, dumanda, çiskində, qarda, yağışda, nəm səngərlərdə bir qarına tox, bir qarına ac halda günlərlə yuxusuz qalıb torpaqlarımızın toxunulmazlığını,  ana-bacılarımızın namusunu yağı düşməndən qoruyan döyüşçü yoldaşlarının yanında qalmışdı. Tük ürpərdici mərmi, qumbara partlayışları, vıyıltı ilə qulaqlarının dibindən keçən avtomat, snayper güllələri gözlərinin qabağından çəkilmirdi. Döyüşlərdə itirdiyi neçə-neçə əsgər yoldaşlarını, başından güllə yarası alan komandirini, dizləri üstə can verən, son sözü “sağ  qalsanız bizə  gedərsiz” deyən ən yaxın dostunu, on metrəlik məsafədən keçən düşmənin zirehli texnikasının onları görə bilməməsi möcüzəsini xatırlayırdı. Bu ağır, üzücü fikirdə ikən arxadan əsgərin çiyninə bir əl toxundu, “Rəsul !” – deyib onu qucaqladı.  Bu, həmişə “əmi” deyib müraciət etdiyi atasının ən yaxın dostu Namiq idi. Üzbəüz binada yaşayırdı. Demə, həyətə gəldikləri ilk dəqiqələrdən Namiq onları evinin eyvanında siqaret çəkərkən görmüş, Rəsulu tanıdığı an, dərhal onun yanına qaçmışdı. Hal-əhval tutmağa macal tapmamış, yanlarından salamsız-kəlamsız saymazyana keçən ətir qoxulu cavan bir oğlan, onların qabağında durduqları qoşa seriyalı, qoşa nömrəli bahalı avtomobilinə oturdu və yol istəməsi üçün işıq siqnalı verdi. Deyəsən, villada yaşayan təzə qonşularının oğlu idi…

Rəsul həqiqi əsgəri xidmətinin ilk günlərindən düşmənlə təmasda olan Horadizdə, Füzulidə, Lələ Təpədə qulluq etməli olmuşdu. Ana ağuşundan ayrılıb birbaşa düşdüyü bu mühit, əvvəl-əvvəl ona anlaşılmaz bir nağıllı dünya kimi görünmüşdü. Düşmənin 20-30 metrliyində, bəzən də daha yaxın məsafədə keşik çəkməli olmuşdu. O, hiyləgər düşmən barəsində eşitdiklərini  öz gözləri ilə burada görmüş, qulaqları ilə dinləmiş və nəfəsi ilə duymuşdu: onlar gecələr it kimi hürür, yalquzaq canavarlar kimi ulayır, çaqqallar kimi uşaq səsi çıxarır, tülkü kimi vaqqıldayır, donuz kimi xoruldayır, müxtəlif quş səsləri çıxarırdılar. Tez-tez atəşkəsi pozur, müxtəlif növ silahlardan atəş açır, qarşı tərəfi münaqişəyə cəlb etmək istəyirdilər. Dığaların bu hiyləsinə uymamaq üçün, səbirli, təmkinli, hər cəhətcə hazırlıqlı olmaq, bütün növ silahların dilini bilmək tələb olunurdu. Rəsul bütün bunların hamısına gün irəlidən hazırlaşmışdı. Hələ çağırışçı ikən o, hərbi komissarlığa getmiş, orduya göndərilərkən onu təmas xəttinin ən məsuliyyətli nöqtəsinə göndərilməsini xahiş etmişdi. Hərbi komissarlıqdan Rəsulun bu israrlı tələbinə şübhələnənlər də olmuşdu. Onu təkrar-təkrar tibbi müayinədən keçirmişdilər. Bədənindəki ən əhəmiyyətsiz cızlara belə irad tutmuşdular. Psixoloji durumu yoxlanılmışdı. Günlərlə ruhi dispanserdə yatmalı olmuşdu. Rəsul bütün əziyyətlərə qatlaşdı. Uşaqlıqdan getdiyi güləş, sambo, dzyu-do, karate, Mübariz İbrahimov kimi 45 kiloqramlıq “PŞK” silahını daşımaq üçün ağır atlyotika məşqləri, Rəsulun bir döyüşçü kimi formalaşmasında köməyinə yetmişdi. Onun bu çevikliyi, üç ay ondan öncə hərbi xidmətə çağırılmış Seymur adlı döyüşçü yoldaşının diqqətini cəlb etmiş, onunla qaynayıb-qarışmış, dili bir, sözü bir ürək dostu olmuşdular. Hər iki dost, qartallar yurdu Böyük Qafqazın ətəklərində – Seymur Məmmədli Qax rayonunun Ağçay , Rəsul Piriyev isə İsmayıllı rayonunun Tircan kəndində böyüyüb boya-başa çatmışdılar.  Seymur 25, Rəsul isə 20 yaş içərisində idilər. Dostlar bu dar məqamda fürsət tapıb sevib-sevildiklərini də birbirlərinə bildirmişdilər. Seymurun hərbi xidməti başa vurmasına 3 gün, Rəsulun isə 3 ayı qalmışdı…

Rəsul atasının dostu Namiqgildə yeyib-içdikdən sonra, eyvanda oturub evlərinin işığının nə vaxt yanacağını gözlədiyi  vaxt, bu çür dərin xəyallara dalmışdı. O, qərara gələ bilmirdi ki, əvvəlcə 20-30 metrəlik məsafədə olan evlərinə getsin, yoxsa, müharibənin od-alovları içərisində göz bəbəyi kimi qoruyub saxladığı əmanəti  söz verdiyi ünvana çatdırsın. Digər tərəfdən isə, avtomat gülləsinin gilizindən düzəltdiyi, üzərinə süngü bıçağı ilə “AHU” hərflərini həkk etdiyi üzüyü, körpə Ahunun barmağına keçirmək üçün ürəyi şiddətlə döyünürdü…

Rəsul qərarında  qətiyyətli idi. Evlərinə burulmadan, cəbhədən qayıtdığını kimsəyə bildirmədən, yenicə işləməyə başlayan avtobusun ilk reysi ilə əvvəlcədən qərarlaşdırdığı ünvana yollandı. Hələ neçə-neçə marşurut dəyişməli olacaqdı. Bütün yol boyu çox aşınıb-daşındı. Güman edib ona veriləcək suallara necə, nə cür cavab verəcəyi haqda düşünürdü. Sürücü mənzil başına çatdıqlarını elan edəndə, o da başqaları kimi salonu tərk etdi. Dayanacağın  yaxınlığında olan doqquzmərtəbəli binanın  5-ci mərtəbəsində olan bütün mənzillərin eyvanlarını nəzərdən keçirdi. Demək olar ki, hamısında bayraq olsa da, təkcə birisində Azərbaycan, Türkiyə və Pakistan bayraqları yanaşı dalğalanırdılar. Bu, Rəsulun axtardığı ünvan idi. Lift işləmədiyindən  həmin mərtəbəyə piyada çıxmalı oldu. Gəldiyi mənzilin qapısı önündə xeyli dayanıb, nəfəsini dərdi. Saat onu keçsə də, içəridən səs-səmir gəlmirdi. Qapını döyməyə isə cürət etmirdi. Birdən qapının cəftəsi içəridən açıldı. Rəsul köksünü ötürüb, səsini çıxardı. Çölə çıxan 7-8 yaşlarında olan oğlan uşağı hərbi geyimdə olan əsgəri görüncə, “anaa” deyib var gücü ilə qışqırdı. Ani olaraq cavan bir gəlin özünü qapıya yetirdi. Düşünmədən, sorğu-sual etmədən əsgərin boynunu qucaqladı. Cəbhədən qayıdan oğlunun yolunu həsrətlə gözləyən analar kimi üz-gözünü öpüşlərə qərq etdi. Bu görüş, aylarla, səbirsizliklə gözlənilən bir görüş idi…

Rəsul, “Allah-Allah” deyib ürəyi başında, bronojilet altında gəzdirdiyi əmanəti yolunu gözlədiyi adama çatdırdıqdan sonra xeyli yüngülləşsə də, 9 ay əvvəl yaşadığı ömür kəsimi, gözləri önündən çəkilmirdi:

…bütün şəxsi heyyət 3 gündən sonra həqiqi hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunacaq Samiri layiqincə yola salmağa hazırlaşırdı. Kimisi öz ala-babat çəkmələrini, kimisi nisbətən təmiz görünən libasını Samirlə dəyişdirir, kimisi də Samirin neçə aylardan bəri boş güllə gilizlərindən düzəltdiyi, kiməsə hədiyyə olaraq  verəcəyi suvenirləri daşımaq üçün öz çantasını ona bağışlayırdı. İndidən Samir üçün burunlarının ucları göynəyirdi…

27 sentyabr 2020-ci ilin səhərə yaxın bir çağı idi. Birdən “Silaha!” həyəcan əmri verildi. Bu əmr, əvvəlki əmrlərdən öz ciddiliyi ilə seçilirdi. Bir anda hamı öz döyüş mövqelərini tutdu. Hər tərəfdən iri çaplı silahların şaqqıltısı, mərmilərin partlayışı eşidilirdi. Toz-duman hər tərəfi bürümüşdü. Düşmən xəbərdarlıq etmədən xaincəsinə vətənimiz üzərinə hücuma keçmişdi. Yaxın məsafədən üstümüzə 3 tank, 3 BTR, içərisi əsgərlə dolu 3 KamAz maşını, çoxlu sayda hərbi sürsat daşıyan texnika yeriyirdi. Komandirin əmri ilə onlara atəş açılmadan içərilərə doğru buraxdıq. Şiddətli döyüşlər başlandı. Elə ilk gündən düşmənin sürətli yürüşünün qarşısı alındı, onları pusquya salıb darmadağın etdik, gözlərinin odunu aldıq. Döyüş bayraqlarını ataraq qaçmağa başladılar. İgid əsgərlərimiz qəhrəmancasına vuruşurdular. Bir gündə neçə-neçə kəndləri azad etdik, yüksəklikləri ələ keçirdik, düşmənin belini qırdıq. Dayanmadan irəliləyirdik. 30 ilə yaxın işğal altında inləyən torpaqlarımız bir-birinin ardınca azad olunurdu.

Axşam çağları idi. Ətrafa nisbi sakitlik çökmüşdü. Günün parlaq qələbəsindən sonra rahatcasına nəfəs alırdıq. Birdən, bir qədər aralıqda bir işıltı gördüm. “Düşməndir,” düşünüb silahımın tətiyini çəkdim. İşıltı bir neçə dəfə təkrar olundu. Qorxum sovuşdu. İşıltıya yaxınlaşdım. Bu, qan gölməçəsinin içərisinə düşmüş bir cib telefonu idi. Əl atıb onu götürən kimi dərhal tanıdım. Komandirim Şamo Rəhimova məxsus idi. Biz, bütün xidmətimiz boyu ancaq bu telefon vasitəsilə doğmalarımızla əlaqə saxlayırdıq. Telefon sahibi komandirim isə, bir addımlıqda, cansız vəziyyətdə yerə uzanmışdı. Telefon ara vermədən titrəyirdi. Açmağa ürəyim gəlmirdi. Nəhayət, açdım. Həyat yoldaşı idi. Telefonu cavablandırmadan xeyli bu vəziyyətdə saxladıqdan sonra qapadım. 3 gündən sonra, cəbhənin başqa yerində olarkən telefona yenə zəng gəldi. Açdım. Yenə əvvəlki titrək qadın səsi idi. O, həyat yoldaşının aqibətindən xəbərdar olduğunu titrək səslə bildirirdi. Məni dinləmədən, məni sorğu-suala çəkmədən, bütün döyüşçülərimizə uğurlar arzulayırdı. Lap sonda, hüzn dolu bir səslə: ”Ay oğul, ay qardaş, mənə telefon lazım deyil, mənə onun nömrəsi lazımdır. Əgər mümkünsə onu mənə ya çatdır və ya da inşallah qələbə ilə geri dönərkən gətirərsən, o mənim yeganə son təsəllimdir”- dedi.

Rəsul o gündən, 9 ay ərzində, telefonu əyninə geydiyi bronojileti altında, ürəyinin başında gəzdirdi. Xidmətinin sonuna kimi bütün həqiqi xidmətdə olanlar da, bütün səfərbər olunanlar da, bütün MAXE-lər də ancaq bu telefonla həm ailələləri və həm də komandirlərinin ailəsi ilə əlaqə saxlayırdılar, ürək-dirək verirdilər. Konturların məbləği 50 manatdan aşağı düşmürdü…

Füzulinin, Cəbrayılın, Xocavəndin azad edilməsi uğrunda medalları ilə təltif olunan, ordudan MAXE kimi çavuş rütbəsi ilə tərxis olunan Rəsul, bu fikirlərdə ikən evlərinə nə vaxt çatdığını hiss etmədi. Əl atıb ürəyi üstündəki döş cibini bir daha yoxladı. Əmanət bilib göz bəbəyi kimi qoruduğu əşya yerində deyildi. Onu həyatda özünə yeganə təsəli bilən sahibinə çatdırmışdı. Dərindən, rahatcasına nəfəs aldı. Sabah isə dostları Röyala, Vüqara, İlhama, Rəfxana, Əfqana, Mətləbə və Mikayıla qoşulub avtobusla Qax rayonunun  Ağçay kəndinə, dostları və döyüş yoldaşları Samirgilə gedəcəklər. Əfsuslar ki, Samirin gün irəlidən dəvət etdiyi toyuna yox, onun məzarını  ziyarət etmək üçün. İgid, cəsur oğul tərbiyə edib böyüdən Xatun anaya başsağlığı vermək üçün.

Vaqif Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz