İsmayıllı yazarlarının şeir dəftərindən

Dədlərini götür, gəl                                 

 

Taqət verər Haqq dizə,

Haqdır içim, özəyim.

Yaradan, yaram düzə,

İmkan vermə, söz əyim.

 

Kim dərdə sinə verib –

Ömrünü günə verib.

Allah mənə nə verib,

Odur bəzək-düzəyim.

 

Yox bu yoldan şən keçən,

Yoxdu sənə tən keçən.

Bircə yol var – sən keçən,

Yaraşarmı iz əyim?

 

Balıq çay nağılında,

Üzün ay nağılında.

Qaldı yay nağılında

Qarım, qışım, xizəyim.

 

Düz söz – acı kəlmədi,

Hamı qonaq, gəlmədi.

Heç ağlıma gəlmədi,

Dodaq büzüm, üz əyim.

 

Yazılanlar olacaq,

Gül açıbsa, solacaq.

Düz elə düz qalacaq,

Yüz sındırım, yüz əyim.

 

Xəyalları itir, gəl,

Uşaqlığı ötür, gəl!

Dədlərini götür, gəl,

Boş evimi bəzəyim.

Şahməmməd Dağlaroğlu

 

SOLMA, ÇİÇƏYİM

 

Yuyunub bu bahar yaz yağışında,

Sevgim qanadlanıb gül baxışında,

Bitmisən qəlbimin sət yoxuşunda

Solma əllərimdə, solma, çiçəyim,

Quruyub xəzanım olma, çiçəyim!

 

Qəlbimdən boylanan qərib nəğməsən,

Dilimin altında şirin kəlməsən,

Gözlərəm yolunu, yenə gəlməsən,

Solma əllərimdə, solma, çiçəyim,

Quruyub xəzanım olma, çiçəyim!

 

Səpilib ruhuma ətrin, nəfəsin,

Lalələr qaldırıb eşq piyaləsin,

Barı bu məhəbbət gözə gəlməsin,

Solma əllərimdə, solma, çiçəyim,

Quruyub xəzanım olma, çiçəyim!

 

Bitmisən alışan gözüm önündə,

Bitmisən közərən sözüm önündə,

Həsrətin qarşımda, dözüm önümdə,

Solma əllərimdə, solma, çiçəyim,

Quruyub xəzanım olma, çiçəyim!

 

Sən aran leysanı, dağ şəlaləsi,

Könlümün baharlı tər bənövşəsi,

Bitib tükənməyir bu eşq nəğməsi,

Solma əllərimdə, solma, çiçəyim,

Quruyub xəzanım olma, çiçəyim!

Murad Məhərrəmov

 

Dərdi olan…

 

Dərdi olan, gəl yanıma,
Məndədi dərd dəyirmanı.
Üyüdüm verim dərdini,
Bir dərdlini də sən tanı.

 

Dərdi olan, gəl yanıma,
Dəyişək dərdi başa-baş.
Mən oturum inildəyim,
Sən də çıx get yavaş-yavaş.

 

Dərdi olan, gəl yanıma,
Ver dərdini mənə, alım.
Əmanətin məndə qalsın,
Səni dərdsiz yola salım.

 

Dərdi olan, gəl yanıma,
Öz dərdimlə gözüm toxdu.
Dünyanın hər düzəni var,
Tək dərdə baxanı yoxdu.

 

Dərdi olan, gəl yanıma,
Hər gün ömrüm aman, ahdı.
Baş-başa verib ağlayaq,
Dərdə baxan tək Allahdı.

Nazir Ziya Talıstanlı

 

Həsrət çəkib dağ başına izimi

 

Mən həsrət göyərdib, nisgil biçirəm,

Neynirsən sən məni sevib, ay adam?

Göz yaşı dəmləyib, qəhər içirəm,

Sənə də düşəcək qəmdən pay, adam.

 

Keç, ötüş yanımdan, uzaqda dolan,

Məni ovundurmaq hünərin deyil.

Sənin sevgilərin dayazda olan,

Sənin duyğuların heç dərin deyil.

 

Köksümün içində yetim könlümü,

Bir qəbir daşına sərib qurutdum.

Fələk soldurandan bahar gülümü

Bəxtiyar olmağı çoxdan unutdum.

 

Eyləmə xəzanı sevməyi peşə,

Sev bahar çiçəyin, göyərtsin səni.

Mən qarın altında donan bənövşə,

Neynirsən, ay adam, sevirsən məni?

Xatın

 

Sal yada

 

Bir baharın ətri idim, unutdun,

Güllər üstə duman görsən, sal yada.

İlk eşqimin keçmişində qalmısan,

Səndən könül uman görsən, sal yada.

 

Həyat bizi görüşdürər harda var,

Sevgi gedən yolda boran, qar da var.

Məhəbbəti saxta olanlar da var,

Eşqi dərin ümman görsən, sal yada.

 

Söz deyilər, ürək dildən küsər də,

Meh odur ki, sönən odu közərdə.

Bir röyayam, yazılmamış əsərdə,

Bir inləyən kaman görsən, sal yada.

Mehman Niyal

 

Mən şair deyiləm

 

Mən şair deyiləm, şeir yazıram,

Yazıram ömrümün acı taleyin,

Xəyallar içində  itib azıram,

Dözürəm zülmünə zalım fələyin.

 

Şair şeir yazır eşqdən, çiçəkdən,

Hər şeydən həzz alır ömür uzadır.

Gecələr həyatım keçir  ələkdən,

Yazdıqca dərdimi dərdlər uzanır.

 

Mənə şair demə, dərdli dərvişəm,

Şeir yox bayatı, ağı yazıram

Sözümü qələmə güvənc vermişəm,

Sinəmə çəkilən dağı yazıram.

Rafiq Akif

 

Yar olmaz

 

Bədəsildən, nanəcibdən yar olmaz,
At daşını, yar başını yar olmaz.
Fərhad kimi dağları çap, yar olmaz,
Hər zamanın Şirini, Fərhadı var.

 

Sənin qəlbin yar tərəfdən yarasa,
Məhəbbətin çalış qəlbdən yar asa,
Kimə neylər yazıq Bayquş , Yarasa,
Yazıqların bədnam olmuş adı var.

 

Allah verən qismətini qoru sən,
Axtarma başqa ocağı, qoru sən,
Öz doğmaca ocağını qorusan,
Hər ocağın öz alovu, odu var.

 

Qızıl gülün yerin verməz ha lalə,
Nəğmə öyrət ha dilsizə, ha lala,
Qatmaginən haram malı halala,
Halal malın başqa tamı, dadı var.

Nizami Girdimançaylı

 

Yolunu sal Talıstana

 

Mən Cavanşir nəvəsiyəm,

Mən Koroğlu nərəsiyəm.

Üzünü tut mənə, qardaş,

Bir tarixdir burda hər daş.

Səsimə səs verən qaya,

Bir söz deyim, qoş bu çaya.

Bu səs çatsın hər insana:

Yolunu sal Talıstana.

 

Vurğun gəzib bu torpağı,

Vəsf eləyib daşı, dağı.

İndi tamam başqa donda,

Əsl gülən gülər sonda.

Bəxtəvərdi oğlu, qızı,

Tamaşadı qışı, yazı.

Bu ad sığmaz bir dastana.

Yolunu sal Talıstana.

 

Ağbulağın suyu dərman,

Keşiyini çəkir orman.

Ürək dolu, qələm aciz,

Vətən şirin, torpaq əziz.

Çıx vətəni seyrə, qardaş,

Gəl bu yurda, yerə, qardaş.

Gözünlə bax gülüstana,

Yolunu sal Talıstana.

Salman Mehdiyev

 

Qayıtdı


Ulduztək sayrışa-sayrışa gəldi,
Könlüm sevdalandı, görüşə gəldi.
Çiçəklər çəmənlə öpüşə gəldi,
Qayıtdı, yazımın gülü qayıtdı.

Daha bilməm nədir həsrət, intizar,
Nədir gözlərdə yaş, dildə ahu-zar.
Canım şəfa tapdı, yox oldu azar,
Qayıtdı, çayımın seli qayıtdı.

Dindi bulaqların şirin nəğməsi,
Yayıldı quşların xoş təranəsi,
Yenə ətirləndi bahar nəfəsi,
Ömrümün ən şirin ili qayıtdı.
Gülxar Cəbiqızı

 

Düşmənin

Hər tərəfdən üzə çıxır həqiqət,
Yerin tapır tapdalanmış ədalət,
Sahibinə qovuşacaq səltənət,
Baharını qar edirik düşmənin,
Yollarını dar edirik düşmənin.

Utanmadan yurdumuzda oturur,
Gələcəklə bağlı xəyallar qurur,
Dara düşdü “dədə”sinə zəng vurur,
Gününü ah-zar edirik düşmənin,
Yollarını dar edirik düşmənin.

Bəsdi, yetər, adamda bir üz olar.
Kişilərin dediyi söz düz olar,
Yandırarıq zəhmətləri köz olar,
Qorxusunu var edirik düşmənin,
Yollarını dar edirik düşmənin.

Başda dahi rəhbərimiz dayanır,
Sözləriylə düşmən ürəyi yanır.
Axı onlar özlərini nə sanır?
İç üzünü car edirik düşmənin,
Yollarını dar edirik düşmənin.
Şəhla Ramazanqızı

 

Ana torpaq

 

Dağlarına zirvə kimi yanaşmadıq,

Cığırların heç də gəzib-dolaşmadıq

Cənnətini nədən yada bağışladıq,

Ana torpaq!

 

Qızınmadıq biz doyunca ocağında,

Min bulağı yalqız qoyduq hər dağında.

Aciz qaldıq bir tülkünün qabağında,

Ana torpaq!

 

Qaçqın adı obaları ev-ev gəzdi,

Əsir düşən ər igidlər necə dözdü?

İllər ilə düşmən bizi necə əzdi,

Ana torpaq?

 

Qəlbimizə qamçı çəkdi ağ yalanlar,

Ürəkliyə meydan oldu dar dalanlar.

Şəhid oldu yurd sevənlər, mərd olanlar,

Ana torpaq.

 

Koroğlular qoruyubdur bu torpağı,

Niyə ona sahib çıxsın indi yağı?

Ölsək belə, almalıyıq Qarabağı,

Ana torpaq!

Laçın Nəcəfoğlu

 

Sənə minnətdaram, ana

 

Niyə belə tələsdin ki,
Bu qocalmaq hardan çıxdı?
Kimsə xətrinəmi dəydi,
Kimsə qəlbinimi sıxdı?

 

Yaman təsir edir mənə
Qocalığı hiss etməyin.
Qara saçlar arasında,
Ağ saçları gizlətməyin.

 

Yanındayam, dözümlü ol,
Sən ki məndən güc alırsan.
Mən ki, hələ balacayam,
Bəs sən niyə qocalırsan?

 

Gileylənmə qırışlardan,
Sənə yaraşır belə də.
Bişirdiyin yeməklərin,
Dadı yaxşıdır hələ də.

 

Heyif ki çox çarəsizik,
Məğlub oluruq zamana.
Yaşadığın hər gün üçün,
Sənə minnətdaram, ana.

Xəzər Murad

 

Heç bilmirəm hara gedir bu dünya

 

Gündə bir havayla girir oyuna,

Yetimə əl tutmur, getmir toyuna.

Nədənsə çoxusu yaddır soyuna,

Heç bilmirəm hara gedir bu dünya.

 

Sabahını axşam etmək ağırdı,

Zəhmətkeşi boynubükük, fağırdı.

Düz yolunu gedən məni çağırdı,

Heç bilmirəm hara gedir bu dünya.

 

Qoşulmadım hər yolunu azana,

Lənət olsun xeyri, düzü pozana.

Nə xeyri var, ömür yüz il uzana,

Heç bilmirəm hara gedir bu dünya.

 

Şərqiyyənin el içində üzü var,

Bu dünyaya deməyə çox sözü var.

Yol gedənin məqsədi var, izi  var,

Heç bilmirəm hara gedir bu dünya.

Şərqiyə Balacanlı

 

 Sənin gözlərin

 

Onlara baxırdım, taleyim, bəxtim orda,

Onlarla gah xoşbəxtəm, gah da ki, darda.

Onlarda gəncliyim, onlarda qocalığım,

Onlarda inamım, sabahım, ucalığım.

 

Onların ucbatından həlak olmaq da xoşdur,

Onlara baxmayanda görürəm dünya boşdur.

Onlara duaçıyam uzun gecələri mən,

Onlarsız boş görürəm bütün küçələri mən.

 

Yalnız onlarınkıdır dilimdəki hər kəlmə,

Onlar üçün şairəm bəlkə anadangəlmə.

Xoş sözüm, təbəssümüm onlara hədiyyədir,

Dünya gözlərindədir, sənsiz dünya heç nədir.

 

Onlardır doğan günəş, aləmi nurlandıran,

Onlardır ürəyimdə eşq şamını yandıran.

Onlara baxmaq ilə dönür itirdiklərim,

Onlar ən sirli aləm, görüb-götürdüklərim.

 

Gəl, tutum əllərindən, baxım bir də onlara,

Onlar nitqim, nəfəsim, onlar bəxtimdən qara.

Ən böyük möcüzədir sənin nurlu gözlərin,

Onlar qalın kitabı demədiyim sözlərin.

 

Onlar nə qədər həlim, yox onlarda qəzəb, kin,

Dərmanıdır nə vaxtdan onlar dərdli qəlbimin.

Onlara baxa-baxa illərdir  yol gedirəm,

Mən sənsiz qalmamaqçün Haqqa dua edirəm.

1980-1993

Nizami Göyçəli

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz