22 İyul – Milli Mətbuat Günü   Haqqımızda və bir qədər də artıq…        

                    Mətbuatla tanışlığım orta məktəbin ibtidai siniflərimdə oxuduğum illərdən başlayıb. Hardasa, 60 ilə yaxın bir müddətdir. Ailədəki maliyyə çətinliyinə baxmayaraq, “Göyərçin” jurnalına, “Pioner” qəzetinə abunə olurdum. Mətbuata sevgim də elə o illərdən başlayıb. Diqqətcil sinif müəllimimiz bəlkə də bu cəhətimin fərqlənə vararaq sinif divar qəzetinin redaktorluğunu mənə həvalə etmişdi. Onda ara-sıra  xırda məktəb xəbərləri və ilkin şeirlərimlə rayonun “Zəhmətkeş” qəzetində də yazılarım yer alırdı.

Göyçay şəhərindəki 58 nömrəli orta-texniki peşə məktəbində oxuyanda divar qəzeti işinə, bu ictimai tapşırığa könüllü qoşuldum. Hətta, bir dəfə təmsilçisi olduğum dülgər-xarrat qrupunun divar qəzeti haqqında rayonun “Yeni həyat” qəzetində ruhlandırıcı bir məqalə dərc olunmuşdu. Qəzetin rayonda keçirdiyi şeir müsabiqəsində üçüncü mükafatçı olmağım da o illərə təsadüf edir.

Uzaq Sibirdə, 1975-1977-ci hərbi xidmət illərində də qəzetsiz qalmadım. Ştatdankənar müxbiri olduğum “Zəhmətkeş”in o illərdəki kollektivi mənə qəzetin hər nömrəsini, üstəlik əsgər həyatından bəhs edən kiçik yazılarımın çapına görə diqqət çəkən qonorar da göndərirdilər (Qalanlara can sağlığı, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm). Bunlar hamısı ötən əsrin, bir qədər də obrazlı desəm, ötən minilliyin söhbətləridir…

Zaman ötməkdə, həyat, quruluş dəyişməkdə idi. 1990-cı illərin ağrı-acısını dadan Azərbaycan müstəqillik qazandı. İlk illər keşməkeşli ötsə də, böyük xilaskar, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev xalqın tələb və təkidini dəyərləndirərək ölkəyə rəhbərlik etməyə başladı. Əslində, Azərbaycan məhv olmaqdan xilas oldu və Ulu öndərin əzmi, uzaqgörənliyi, müdrikliyi, siyası ustalığı hesabına qısa müddətdə inkişaf yoluna qədəm qoydu. Dahi şəxsiyyət tərəfindən bu istiqamətdə atılan addımlar sırasında mətbuatdan senzuranın götürülməsi də diqqətçəkən oldu.

2005-ci ildə Sumqayıt şəhərindəki Əli Kərim adına “Poeziya klubu” nəzdində birillik jurnalistika kursunu bitirib, İsmayıllı Yerli Radio Verilişləri Redaksiyasında da elə bir il işlədim. Bu təşkilatın sonu çatdı… 2006-cı ilin sonlarında rayondakı mətbuat böhranını zəiflətmək üçün “İsmayıllı xəbərləri” qəzetini təsis etmək qərarına gəldim. Təcrübəli qəzetçi yoldaşlarla fikir mübadiləsi etdim. İstehza edənlərdən çox bəyənənlər, dəstək durarıq deyənlər oldu. Qısa vaxtda tələb olunan şərtlər və hüquqi qaydalarla qəzet təsis olundu.

Vaxt itirmədən rayon icra hakimiyyəti başçısının qəbuluna yazıldım. Rayonun rəhbərindən ilk nömrə üçün xeyir-dua almaq məqsədində olduğumu bildirəndə o, söhbəti özünəməxsus tərzdə, bu işə tam biganə şəkildə, başqa səmtlərə yönəltdi və yekunda: Mənə bir həftə vaxt ver, hə-yox deyərəm- dedi. Bir həftənin üç dəfə təkrarından sonra bu adamın qəzetlə anadangəlmə ünsiyyəti olmadığını duyub, zamanın keçməsini gözlədim…

2007-ci ilin son ayı idi. O ərəfədə “Babadağa baxan ellər” kitabının çıxması ilə İsmayıllının bacarıqlı əliqələmlilərindən, təşkilatçılarından biri kimi tanınan və sevilən Təranə Cəbiyevanın (Əmirli) yolu İsmayıllı bələdiyyəsinə düşmüşdü. Onda bələdiyyənin üzvü, daimi komissiyalardan birinin sədri idim. Daxili telefon canlandı, dəstəyi qaldırdım. Bələdiyyənin sədri Cümşüd Hacıyev idi. Şair, zəhmət olmasa, bir otağıma keç, – dedi. Dəstəyi qoyub, bələdiyyə sədrinin otağına keçdim. Buyurun, eşidirəm, – dedim.

Yaxın gəl, əyləş.

Təranə xanımla salamlaşıb, hal-əhval soruşduqdan sonra. Söhbəti sədr davam etdirdi:

– Şair, qəzet təsisçisi olduğunu, əvvəlki başçıdan incik düşdüyünü bilirəm. Bəlkə qəzeti Təranə xanımla köməkləşib çıxarasınız?

Ağıllı, xeyirli məsləhətdən, bacarıqlı köməkçidən kim qaçar ki?! Razılaşdım. Şərtləşdik ki, səhər birlikdə başçının qəbulunda olub, fikrimizi açıqlayarıq. Fikrimiz dəstəklənsə, əl-ələ verib işləyərik.

Sabaha vədələşdiyimiz saatdan xeyli keçsə də, onu gözləyib, özümü danlayırdım. Nəhayət, Təranə xanım gəldi və gülə-gülə:

– Başçının yanından gəlirəm. Xeyir-duasını verdi. Xeyirli olsun! – dedi.

Narahatlığımı bildirməyib təşəkkür etdim…

İlk nömrə üçün material toplayıb. Bakıya, nəşriyyata yollandım. Təranə xanımın müşayiəti ilə nəşriyyat binasının 4-cü mərtəbəsinə qalxdıq. Qəzetimizi yoxdan var edəcək dizayner Dönməz Abbasovla da o gün tanış oldum. Dönməz bütün istək və fikirlərimizi diqqətlə dinləyib “İsmayıllı xəbərləri”nə həyat vəsiqəsi verdi. Bu arada peşəkar jurnalist İldırım Dəmirlidən çox şey öyrəndim. Hər yeni nömrəmizin çıxacağı gün yanımızda olur, qəzetin tərtibat və korrektəsində köməyini əsirgəmirdi. Məni qəzetçiliyə istiqamətləndirən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının xeyirxah əməkdaşlarının, eləcə də  Təranə Cəbiyevanın, Bəybala Babayevin (Allah rəhmət eləsin), Məmmədmirzə Rzayevin, Lətifə Əliyevanın, Daşdəmir Əjdəroğlunun, Hacıməmməd Məmmədovun, Xalıq Xalıqovun, Oqtay Fərzəliyevin (Allah rəhmət eləsin) Xeyrulla Ağayevin, Vaqif Məmmədovun, Heydər Xəlilovun, Bəhruz Məmmədovun və bir çoxlarının göstərdiyi qayğı və diqqəti, hətta maliyyə dəstəyini bu gün minnətdarlıqla qeyd etməliyəm.

Qəzetimiz fəaliyyətinin 9-cu ayında Mətbuat Şurasına üz qəbul olundu. Bu hadisə onda məni çox ruhlandırdı. Qəzetimiz haqqında eşitdiyim xoş sözlər çalışmalarımızı daha da ciddiləşdirdi. İlin sonuna yaxın Şura tərəfindən tutulan iradın haqlı olduğunu qəbul edib, qəzetin baş redaktoru kimi Təranə Cəbiyevanın deyil, Ədliyyə Nazirliyində qeydiyyata alındığı kimi, Şahməmməd Soltanov olduğunu göstərdim. Bu dəyişiklik Təranə xanımla səmimi münasibətimizi heç də dəyişmədi. Çünki hər ikimizin fikri İsmayıllıya övladlıq borcumuzu verməkdir.

“Əkinçi”nin ilk nömrəsinin işıq üzü görməsindən 146 il keçir. İllər keçdikcə elm, texnika da inkişaf etməkdə davam edir. Elə bu inkişafln bəhrəsidir ki, qəzetçilik əvvəlki ağır zəhmətdən, işçi qüvvəsindən azad olub. İndi bu sahədə bir nəfər mübaliğəsiz 10-15 nəfərin işini görə bilir. Məsələnin bu tərəfi bəyəniləndir. Amma qəzeti heç yerdə oxunmayan, bəyənilməyən redaktorlar da var ki, ölkə mətbuatının ləkəsi olduqlarından utanmırlar.

Bayramlarda şikayətlənmək heç də sevilən hal deyil. Amma fürsət düşmüşkən, qeyd etmək istərdim ki, bölgələrdə çıxan müstəqil qəzetlərin maliyyə imkanları olduqca zəifdir və buna baxmayaraq onlar sahibkarlıq obyekti olaraq yüksək rabitə xərcləri ödəyir, vergiyə cəlb olunurlar. Abunəçinin pulunu qəzetə çevirib  geri qaytaran sahibkar aylıq, rüblük, illik ödənişlərdən sonra qəzetin çapına güclə vəsait tapa bilir. Məncə, bu məsələ yüksək səviyyədə müzakirə olunmalı, dövlət siyasətini təbliğ edən, bu sahədə ideolojl iş aparan qurumlar vergidən azad olunmalı, əksinə, gördüyü məqsədyönlü işə görə maliyyə ayırmaları ilə təmin olunmalıdırlar.

Bir qədər də qəzetdən danışaq… “İsmayıllı xəbərləri” 2008-ci ilin yanvar ayının 24-dən çıxır. İlk nömrəsindən özünü İsmayıllını sevənlərin qəzeti sayır. Qəzetçiliyə bələd olanlar, bu sahənin nüfuzlu mütəxəssisləri nömrədən-nömrəyə yüksəliş yolu keçən bu yerli mətbu orqanını təkcə İsmayıllının, bölgənin deyil, ölkənin nümunəvi qəzetləri sırasında görürlər.

5 il əvvəl, 60 illik yubileyim ərəfsində Azərbaycan Mətbuat Şurasının sədri cənab Əflatun Amaşovun şəxsimə ünvanladığı təbrik məktubunda da bu fikirlər yer alıb: “Hörmətli cənab Ş.Soltanov diqqət çəkən keyfiyyətləriniz sırasında cəmi 8 il əvvəl yaratdığınız və baş redaktoru olduğunuz “İsmayıllı xəbərləri”nin ölkənin dolğun bölgə mətbuatı nümunələri sırasında layiqli yerini tutmasıdır. Qəzet belə xüsusiyyətləri əsas götürülərək Azərbaycan Mətbuat Şurası üzvlüyünə qəbul edilib. Bu, ədəbi mühitdə Şahməmməd Dağlaroğlu kimi tanınan, 5 kitabı çapdan çıxan, 30 kitab redaktorunun, Azərbaycan Yazıçılar Birliyi üzvünün sözə, sənətə həssas yanaşmasının nəticəsidir (İndi çapdan çıxan kitablarım 8, redaktoru olduğum kitablar 50-dən artıqdır).

Əlbəttə, 5 il əvvəl haqqımızda deyilənlər bizi daha məhsuldar işləməyə sövq edib və buna sevinmək olar. Amma 90 minə yaxın əhalisi olan rayonda qəzetə altı aylıq və ya  illik abunənin 200 ədədi aşa bilməməsi təəccüb doğurur. Məntiqi nəticə göz qabağındadır –  İsmayıllını çox sevirəm deyənlər yalnız bu fikri ifadə etməklə kifayətlənir və bəlkə də rayonu təmsil edən mətbu orqanına abunə olmağı maliyyə itkisi sayırlar. Əslində, mətbuatla əlaqə mədəniyyət göstəricisisir. Yerli mətbuata maraq isə yerə-yurda olan övladlıq sevgisinin bariz nümunəsidir. Ötən əsrin 70-ci illərində ayda 60-100 manat arası maaş alan 7 min rayon sakini “Zəhmətşeş” qəzetini öz evində alırdı. Sayımız artdıqca, güzəranımız yaxşılaşdıqca diqqətimizin azalması heç də yaxşı hal deyil.

Bu gün sahibkarlıqla ciddi məşğul olanlar, öz reklamlarını yerli qəzetdə pulsuz belə yerləşdirməkdən qaçırlar. Xüsusilə ailəvi istirahət mərkəzləri, mehmanxanalar öz qonaqlarına yerli mətbuatın çatdırılmasında maraqlı olmalıdırlar. Onlar xidmətlərindən istifadə edənlərə yerli mətbuat vasitəsi ilə öz reklamlarını, rayonda gedən yenilkləri çatdırılmaqda digərlərindən, hətta redaksiyanın özündən də daha çox fəallıq göstərməlidirlər. Bunün üçün sahibkarlar qəzetlə sərfəli şərtlərlə iş birliyi qura bilərlər. Rayonda baş verən yeniliklərin, xüsusilə də xoş xəbərlərin cəmiyyətə çatdırılması təkcə redaktorun işi olmamalıdır.

Qəzetin 200 nəfərə yaxın abunəçisinin məktəblər, idarə və müəssisələr olması onun coğrafiyasının dar bir çərçivədə qərar tutması deməkdir. Rayonun  sadə peşə adamlarının qəzetdən uzaq düşməsi ağrılı olmaqla bərabər  düşündürücüdür. Təcrübə göstərir ki, qəzetin  6 aylıq nömrəsini ölkə daxilində istənilən ünvana çatdırmaq 15 manat abunə ödənişi ilə eynilik təşkil edir. Deməli, rabitə xərcləri tərəfimizdən ödənilməklə  İsmayıllını sevən hər kəs ölkənin harasında yaşamasından asılı olmayaraq qəzetimizə abunə olmaqla onu öz ünvanında, evində ala bilər.

Sonda “İsmayıllı xəbərləri” qəzetinin abunəsində iştirak edənləri, oxucularımızı, redaksiyamıza yazısının dərc olunması məqsədi ilə üz tutanları, maraqlı, məzmunlu yazıları ilə qəzetimizin oxunaqlı olmasında zəhməti keçən hər kəsi Milli Mətbuatımızın növbəti ildönümü ərəfəsində təbrik edir, əməkdaşlığımız, məqsəd birliyimiz üçün minnətdar olduğumu bildirirəm. İsmayıllının xoş xəbərlərinin cəmləşdiyi ünvan “İsmayıllı xəbərləri”dir.

Həyatınız mənalı, xəbərləriniz hər zaman xoş olsun, əziz ismayıllısevərlər!

Şahməmməd Soltanov,

İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru

 

Şərh Yaz