Doğmalarını gözüyaşlı qoysa da, Azərbaycanı Qarabağsız qoymadı…     

Qara xəbər yüyrək olur, deyirlər. Oktyabr ayının sonları yaxınlaşırdı. Ayın  25-i idi, axşamdan bütün Azərbaycanı qara xəbər bürüdü. 50 yaşlı “Kobra” ləqəbli polkovnik-leytenant Xeyrulla Mais oqlu İbrahimov şəhid olub. Allah, Allah, bayram sevinci bitməmiş, dərd-kədər bürüdü Azərbaycanı. Arzular, muradlar, niyyətlər, daha nələr-nələr düşmən gülləsinə tuş gəlib al-qana qərq oldu oktyabrın 25-i…

Xeyrullanın bir qardaşı, bir bacısı var. Ailənin böyüyü, ilki idi. Bildiyimə görə, Xeyrulla ürəkli bir övlad olub. Onu da bilirəm ki, bu dünyada hər kəsin öz yeri var. Kimsə kiminsə yerini dolduracaq qüdrətində deyil. Çünki Ulu Yaradan hər kəsi bir mən olaraq yaradıb. Amma 50 yaşlı Xeyrulla elə özüdür. Onun igidliyi, qəhrəmanlığı, Vətən uğrunda verdiyi can da elə özü kimi saf, müqəddəs, arzularla dolu, duyğulu, həyat eşqli idi. Fəqət, həmin gün bu arzular, bu duyğular güllə səslərinə qarışdı, mərmilərə tuş gəldi.

Hələ 1992-ci ildə xalqının düşmən, bədnam, mənfur və kafir erməni qoşunları ilə döyüşlərdə iştirak etmək üçün “Kobra” öz Vətəninə qayıtmış,  Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə iştirak etdiyi rayonların heç birində nə özü nə də hərbi hissələri bir addım belə geri çəkilməmişdi. 22 mart 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralanmış Xeyrulla bu dəfə düşmənlə döyüş zamanı arzularına vida deməyə məcbur qaldı. Çünki o arzulardan yüksəkdə bir sevgi dayanırdı – Vətən sevgisi. Xeyrulla Vətən sevgisinə görə bütün sevgilərdən keçdi. Atasının yana-yana, ağrı ilə dilə gətirdiyi – bala, bu uşaqları yerbəyer et, sonra gedərsən savaşa – arzusuna belə cavab verdi Xeyrulla: – Ata, sən də, bacı-qardaş da, uşaqlar da Allaha əmanət olun. Gedib Vətəni düşmənin caynağından xilas edək, qayıdıb hər şeyi yoluna qoyacağam! Xeyrulla sanki o məqamda ilahi inadkarlıq göstərdi, atasına ömrü boyu qayıtmamışdı. Bax elə buna görə də Xeyrulla bənzərsizdir, əvəzolunmazdır. Göz yaşlarım sifətimi döyəcləyir, ürəyim qəfəsə salınmış bülbül kimi çırpınır. Dərd-dərd üstündən, ağrı-ağrı üstündən…

Atası Mais kişi içini yandıran bu itkinin təsirindən çıxmayıb: – Övladları Türkiyədə təhsil alır. Dedim ki, ay bala, onları yerbəyer elə, pandemiya dövründə belə qalmasınlar. Dedi ki, əziz ata, qala bilmərəm. Çox vətənpərvər oğul idi. İnadkarlığı və prinsipiallığı ilə seçilirdi Xeyrulla.

Dəqiq koordinat bilgilərinə sahib olan X.İbrahimovun hərbi xidmətində yüksək fəallıq göstərdiyinə görə bir həftə ərzində Müdafiə Nazirliyinin əmrinə əsasən vəzifəsi bərpa edilir və Bakı korpusu üzrə artilleriya rəisi təyin edilmişdi. Mərasimdə qeyd etdilər ki, onu “kobra” adlandırıblar. Çünki hərbini çox dərindən bildiyi, mühüm strateji yüksəklik və məntəqələri işğaldan azad etdiyi və bu səbəbdən düşməni vahiməyə saldığı üçün ermənilər böyük məbləğdə pul mükafatı ayırıbmışlar Xeyrulla üçün.

Anasının dediklərindən: – Dedim ki, ay oğul, uşaqların anası 4 aydır rəhmətə gedib, onları mənə necə ümid olub gedirsən? Dedi ki, sən möhkəm anasan. Bilirəm ki, onları darda qoymazsan. Oğlum Vətən uğrunda şəhid olub. Mən oğlumu qoruyum, başqası da eləcə. Bəs Vətəni kim qorumalıdır? Mən fəxr edirəm oğlumla. Bu cür övlad yetişdirdiyim üçün içim dərdlə dolu olsa da, əldə etdiyimiz möhtəşəm Qələbə oğlumun qanının yerdə qalmadığını sübut etdi.

Oğlu Anar belə söylədi: – O, yeganə hərbçi idi ki, bir mərmi topu ilə iki texnika partlada bilirdi. Adi kepkasına (hərbi papağı) düşən kölgəylə belə düşmənin texnikasının yerini təyin edə bilirdi. Savaşa getdiyi gün – sentyabrın 28-i onun ən yaxşı günü idi, sevinə-sevinə yollandı döyüşlərə.

Orada eşitdiklərim, gözü nəmli, ürəyi dərdli atasının mənə təqdim etdiyi bir sənəd diqqətimi xüsusi cəlb etdi. Burada Xeyrulla haqqında hər şey var idi. Gəlin tanış olaq.

Xeyrulla 19 aprel 1971-ci ildə anadan olub. 1978-1985-ci illərdə Bakıdakı 116 nömrəli orta məktəbdə təhsil alıb. O, 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində oxuyaraq artilleriya ixtisasını qazanıb. Təhsildən sonra leytenant rütbəsi ilə müdafiə nazirinin əmri ilə hərbi xidmətini 930 nömrəli hərbi hissədə davam etdirib. 28 sentyabr 1992-ci ildən başlayaraq həmin hissədə haubitsalı artilleriya divizionunun qərargah rəisi -divizion komandirinin müavini, sonra 888 nömrəli hərbi hissədə zenit artilleriya divizonunun komandiri, HHM və HHQ komandanlığının sərəncamı ilə 777 nömrəli hərbi hissənin artilleriya divizonunun komandiri, haubitsalı artilleriya divizionunun komandiri, 877 nömrəli hərbi hissənin artilleriya rəisi vəzifələrində çalışıb. X.İbrahimov 1999-2000-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi olub, 2000-2003-cü illərdə isə 930 nömrəli hərbi hissə komandirinin müavini, 2003-2004-cü illərdə bu hərbi hissədə komandirin maddi-texniki təminat üzrə müavini, MTT bölmə rəisi, 2004-2009-cu illərdə 005 nömrəli hərbi hissənin komandiri, 2009-cu ildə “N” nömrəli hərbi hissənin komandiri vəzifələrini icra edib.

Ordu quruculuğundakı xidmətləri “Hərbi xidmətlərə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə  görə”  III dərəcəli, Azərbaycan Silahlı Qüvvələrində uzunmüddətli xidmətinə görə “Qüsursuz xidmətə görəII dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi” medalları ilə təltif olunmuş Xeyrulla İbrahimovun leytenantlıqdan başlayan yolu polkovnik-leytenant rütbəsində tamamlandı.

Və uzun müddət bağlandığı hərbidən aralanmışdı. Amma general Polad Həşimovun, eləcə də həmin gün mərd oğullarımızın qəhrəmancasına şəhidlik zirvəsinə qovuşmaları ona çox təsir etmişdi. Namərdlik onu ağrıdırdı. Odur ki, yenidən silaha sarılıb könüllü olaraq Vətən torpaqlarının işğaldan azad olunması uğrunda mübarizəyə qoşuldu. Cəbrayıl, Füzuli, Suqovuşan, Hadrut, Zəngilan, Şuşa və digər kəndlərimizin mənfur ermənilərdən təmizlənməsində yaxından iştirak etdi, böyük hünər göstərdi. Və günlərin birində snayperin gülləsinə tuş gəldi… 26 oktyabr 2020-ci ildə əlində bayrağı ilə Şuşa zirvəsinə qalxarkən şəhid oldu… Vaxtilə Ulu Öndər Heydər Əliyevin  “Əliağa Şıxlinski” adlandırdığı Xeyrulla İbrahimov qəhrəmancasına həlak oldu və ölümündən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeninə,  15 noyabr 2020-ci il tarixli sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, Azərbaycan Prezidentinin  25 dekabr tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medallarına layiq görüldü.

Şəhidimiz gözəl, nümunəvi bir ailədə böyüyüb tərbiyə almışdı. Atası Mais kişini uzun müddətdir tanıyıram. İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuş Mais Xeyrulla oğlu İbrahimov ömrü boyu xeyirxah əməllərlə məşğul olub. Bunun nəticəsidir ki, ailədə Xeyrulla kimi igid, qəhrəman, nər oğul dünyaya gəlmişdi. Xeyrulla kimi də bu dünyadan getdi…

Bəli, oktyabrın 26-da yaşadığı bütün məhəllə, qohum-əqrəba, qohumlar, yaxınlar, hərbi yoldaşları – Basqal eli Xeyrullanın Şəhidlər Xiyabanındakı dəfninə yığışdı, el qaydasınca torpağa tapşırdı, şəhidliyinə şahidlik etdi. Xeyrullanı üçrəngli Azərbaycan bayrağına büküb ölümsüzlüyə doğru getdiyi yola uğurladılar. Basqal camaatı hər zaman öz igid, cəsur, qorxmaz, Azərbaycan uğrunda özünü od içinə atan igid oğulları ilə fərqlənib. Elə Birinci Qarabağ Müharibəsində Vətən uğrunda qəhrəmanlıqla həlak olan İbrahim Hüseynov və Rəmzi Novruzov bu tarixə əyani sübutdur. Biz polkovnik-leytenant Xeyrullanı da, İbrahimlə Rəmzini də unudan deyilik, Azərbaycan uğrunda canını fəda etmiş qəhrəmanlarımızı da unudan deyilik!

Danışmağa sözüm, yeriməyə taqətim də qalmayıb. Bu yerdə beynimi Milli Qəhrəman, mərhum telejurnalist  Alı Mustafayevin yazdığı misralar döyəcləyir:

Baxıram dünyanın bu gərdişinə,

Dəli bir ağlamaq keçir könlümdən!

Xeyrullanın dəfnində çəkilən şəkillərə baxıram. Onun xətrini istəyənlər tabuta sarılıb ürəklərini tabutla birgə göndərirdilər qəbir evinə. Atası Mais kişi də, anası Xalidə xanım da, qardaşı Zaur da, bacısı İlhamə də, övladları Ləman və Anar da bütün varlıqları ilə yas içindəydilər. İlahi, kim bilir bəlkə də onlar bir gecənin içində bir əsr qocalmışdılar, belləri bükülüb, gözləri zəifləmişdi. Axı kim bilir?! Heç kim! Bu ağrını-acını onu çəkənlərdən başqası bilməz! Bəlkə də Xeyrulla tabuta sarılmış dostları ilə, oğul itkisindən  sonra bir gecədə bir əsr qocalan atası, anası ilə söhbət edib deyirdi: “Məndən nigaran qalmayın. Mən ayağa qalxacam, yarama torpaq tökün”! Bəlkə elə dostları da Xeyrullanın bu son sözlərini (arzusunu) eşidib Şəhidlər Xiyabanında, qızılı payızın sevgililəri qoynuna alıb, sevgilərə sığal çəkdiyi, qaranquşların bir eldən uzaqlaşaraq başqa bir eldə məskunlaşdığı bir vaxtda müqəddəs qəbiristanlıqda bir qəbir qazdırıb, Xeyrullanın qanlı yarasını sarımaq üçün onu torpağa tapşırdılar. Nə bilim, bəlkə! Bəlkə də! Bəlkə elə bu gündən sonra Xeyrulla ilə birgə arzuları torpağa gömülən ailəsi, yaxınları, dostları  yalnız o məzarın yolçusu olacaqlar. Bəlkə də onların ən böyük rahatlıq tapdıqları ünvan da, məkan da Xeyrullanın müqəddəs bir torpaqda uyuyan məzarı olacaq. Şəhid üçün fəryad edən ürəyinizə, qan-yaş tökən gözlərinizə qurban, Xeyrullasevərlər! Bəlkə nə vaxtsa dünya etdiyi ədalətsizliyə görə Şəhid qanından utanacaq. Bəlkə, bəlkə, bəlkə də!!!

 

…Xeyrulla

 

Bir oğul yetişdi ana Vətəndə,

Ürəkdə qalıbdı gözdən itəndə.

Şəhid olmaq üçün getdi gedəndə,

Haqsızlığa sinə gərdi Xeyrulla!

 

Yadigarı alov oldu, köz oldu,

Vətəninə, öz əhdinə düz oldu.

Bir gecədə silinməyən iz oldu,

Yüz yağını yerə sərdi Xeyrulla!

 

Qeyrətinə sığdırmadı olanı,

Getdi haqq əliylə bölsün yalanı.

Allaha tapşırdı ata-ananı,

Ürəyində Vətən dərdi Xeyrulla!

 

O, bütöv istədi Azərbaycanı,

Ayırmadı Şirvanından Muğanı.

Şuşa torpağını suladı qanı,

Həm Basqal, həm Qarabağdı Xeyrulla!

 

Güc aldığı imanıydı, diniydi,

Quran səsi cəsarətin himnidi.

Dilinin əzbəri torpaq, Vətəndi,

Qeyrət simvoludu, nərdi Xeyrulla!

 

Ürək məzarımdı, dözüm başdaşım,

Nahaq ilə bitməyəcək savaşın.

Şəhidliyin heç ölməzdi, qardaşım,

Millətə qeyrət, hünərdi, Xeyrulla!

 

Vətən yolunda

 

Xeyrulla can verdi Vətən yolunda,

Qeyrət vardı damarında, qanında.

Polkovnik-leytenant Allah yolunda,

Şəhid oldu bir mərd elin balası!

Şəhid oldu Basqalımın balası!

 

Fəxr edək Xeyrullanın ruhu şad olsun,

Sənətkar yurdu Basqalın var olsun!

Allah özü Mais ataya yar olsun,

Şəhid oldu bir mərd elin balası!

Şəhid oldu Basqalımın balası!

 

İlham kimi komandanın var sənin,

Kamal kimi qəhrəmanın var sənin.

Məmməd tək igid övladın var sənin,

İbrahim, Rəmzi tək oğlun var sənin,

Şəhid oldu Basqalımın balası!

Daşdəmir ƏJDƏROĞLU

 

 

Şərh Yaz