Azərbaycanda Qurban bayramı                                   

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonar bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.

Ulu öndərimiz Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı təbrik etmişdir, belə bayramları məcburi köçkünlərlə birgə keçirmişdir.Xalqımız yaxın günlərdə İslam aləminin müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramını qeyd edəcək. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. “Qurban” sözü lüğəti mənada yaxınlaşmaq deməkdir.Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır.

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən çətin zamanlarda belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Bu bayram, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.

Ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Hər il Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir.

Qurban bayramında müsəlmalar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını göstərdikləri kimi, II Qarabağ müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının fədakarlığının və öz dəyərlərinə necə sadiq olduqlarının göstəricisi idi. Ölkə başçımızın xalqa müraciətində vurğulamışdır:

“Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir,Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram,bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əksik olmayacaqdır”.

Aydan İsgəndərova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin psixologiya müəllimi

Şərh Yaz