İSTEDAD  SORAĞINDA…

İSTEDADLI UŞAQLAR – MİLLİ SƏRVƏTİMİZDİR.

                                                                          Heydər Əliyev

Doğma Azərbaycanımızın inkişafının mühüm göstəricilərindən biri də təhsil sahəsində əldə olunmuş nailiyyətlərdir. Bu, Dövlətimizin uğurla həyata keçirdiyi təhsil siyasətinin nəticəsidir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununda, Təhsil Strategiyasında və digər normativ sənədlərdə milli- mənəvi və bəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssislər hazırlamaq, əsl şəxsiyyətlər yetişdirmək məsələləri təhsilin əsas məqsədi kimi təsbit olunmuş və bu da hər bir təhsil müəssisəsinin qarşısında duran başlıca vəzifədir.

Bütün bunlara görə isə gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyəsinə, cəmiyyətin müasir problemlərin həllini yetişən nəsildən gözlədiyi əhəmiyyətli məsələyə – xüsusi istedad və bacarığı olan uşaqların seçilməsinə böyük önəm verilir.

Keçən əsrin 70-ci illərindən başlayan bu məsələ müstəqillik dövründə də gündəmdə olmuş, ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proramı”nın əsas məqsədi respublikanın təhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib, onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli 998 nömrəli Sərəncamı ilə təsdir edilmiş “2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələr, 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi” 2017-2021-ci illərdə” Dövlət Proqramında Azərbaycan Gənclərinin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər uğrunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 01 fevral 2017-ci il tarixli 12 nömrəli, Azərbaycan Respublikası Təhsil nazirinin 08 fevral 2017-ci il tarixli 87 nömrəli əmri ilə hazırlanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər uğrunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə fəaliyyət Planına uyğun olan tədbirlər dəqiqləşdirilmişdir.

Məsələ ilə bağlı bu və ya digər sənədləri əldə rəhbər tutan İsmayıllı təhsil müəssisələrində xüsusi istedada malik uşaqların, gənc müəllimlərin aşkara çıxarılması və bacarıqlarının inkişaf etdirilməsi sahəsində əsaslı işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Ötən vaxtlarda hər tədris ilinin sonunda UGİM-də keçirilən “İstedad axtarışında” adlı əzəmətli tədbir hər bir fərqlənən şagirdin və müəllimin əməyinin qiymətləndirilməsindən başqa, gələcəkdə yeni-yeni nailiyyətlərin qazanılmasının təməl daşı olmuşdur.

Hər kəsin böyük önəm verdiyi məsələ çox aktualdır və təbiidir. Çünki cəmiyyət müasir problemlərin həllini məhz bu uşaqlardan gözləyir.

Pandemiya ilə əlaqədar tədris və tərbiyə işlərini Ölkə Prezidentinin tövsiyə və tapşırıqlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, Təhsil Nazirliyinin göstəriş və normativ sənədlərinə uyğun qurmağa çalışan İsmayıllı rayonunun təhsil müəssisələri, üzərlərinə düşən vəzifələri yerinə yetirməklə bərabər, istedadlarla işi məhdud fəaliyyətlə məhdudlaşdırmamışdır.

Belə ki, hər bir müəllimi şəxsiyyət kimi yüksəltməyə, istedadların psixoloji durumu ilə bağlı yeniləşən biliklər əldə etməyə, psixoloqlarla, digər müəllimlərlə, təhsil və tərbiyə işinə cavabdeh şəxslərlə, inzibati işçilərlə, valideynlərlə əməkdaşlığa daha çox diqqət yetirilmişdir. Məhz bunun nəticəsidir ki, təhsil müəssisələrimiz bir çox nailiyyətlər qazanmışdır.

Keçən tədris illərinin sonlarında “İstedad sorağında” başlığı altında UGİM-də keçirilən tədbirlər bu müvəffəqiyyətlərin yekunu olmaqla bərabər, gələcək uğurlu işlərin təməlini qoymuşdur.

Yeni sevindirici nəticələr isə istedadlı şagirdlərin inkişafı istiqamətində, sistemli işin təşkili nəticəsində əldə edilmişdir. Belə ki, məktəblərdən müxtəlif sahələr üzrə istedadlar haqqında məlumatlar toplanaraq, RTŞ-də “İstedad bankı” yaradılmışdır. Müntəzəm olaraq yenilənən “İstedad bankı” hər bir istedadlı şagirdin və müəllimin inkişafını izləməyə imkan yaradır.

İstedad “yarışı”nda özləri nümunə olan ümumtəhsil məktəblərinin müəllimləri Respublika qrant müsabiqələrində uğurlu nəticələr qazanmışlar. Belə ki, IV qrant müsabiqəsində rayonun 3 nəfər müəlliminin və 1 məktəbinin layihəsi qalib gəlmiş və uğurla həyata keçirilmişdir.

Məlum həqiqətdir ki, gələcəyin alimləri bu gün qarşımızda əyləşən şagirdlərdir. Parta arxasında əyləşmiş o kiçik beyin sahiblərində neçə-neçə böyük beyinlərin “tumurcuqları” yetişir. Diqqətli müəllimlərin bələdçiliyi ilə bu ideyalar böyük kəşflərə çevrilə bilər.

Bu məqsədə qulluq edən Azərbaycan Respublikası Təhsil nazirinin 01 oktyabr 2020-ci il tarixli F-462 №-li əmri ilə bağlı keçirilən “Sabahın alimləri” X Respublika müsabiqəsinə 4 layihə təqdim olunmuşdur.

1.Kimya üzrə: “Havada yanıcı və zərərli qazlar” layihəsi – 10-cu sinif şagirdləri Xumar Bağıyeva və Nərmin Şıxıyeva (rəhbər Aynurə Bağıyeva)

  1. Mühəndislik sahəsi üzrə: “Canqutaran qulaqcıq” layihəsi – 9-cu sinif şagirdləri Gülsüm Qasımova və Nərgiz Nemətli (rəhbər – Mehri Məmmədova).
  2. Əsas məqsədi ətraf mühitə dəyən ziyanı azaltmaq, daha ucuz enerji hasil etmək olan “Çirkab sularından enerji hasilatı” layihəsinin müəllifi şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Süleymanzadə Səyyid Süleyman oğludur (rəhbər – Əminə Ağayeva).
  3. Bu müsabiqədə H.Əsədov adına Vəng kənd tam orta məktəbinin müəllimi Gülnarə Qurbanovanın “Bacarıqlı əllər” layihəsi respublika üzrə seçilmiş 123 layihədən biri olmuş, ABŞ-ın assosiyalarının xüsusi mükafatına, eyni zamanda ”American Meteorological Soseity” şirkətinin sertifikatına layiq görülmüşdür.

G.Qurbanova həmçinin ATİAHİ Respublika Komitəsinin 2020-ci ildə keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş, Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az. təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkil etdiyi “İlin gənc müəllimi-2021” müsabiqəsində münsiflər tərəfindən seçilən 50 nəfərdən aşağıda adları qeyd olunan 4-ü bizim təhsil müəssisələrimizin bacarıqlı pedaqoqlarıdır: Salehova Sona  Bəyalı qızı (Xankənd məktəbi); Musayev Məcid Sahib oğlu (İstisu məktəbi); Əhmədov Orxan Ramiz oğlu (Qalınçaq məktəbi); Əliyev Elvin Səxavət oğlu (şəhər 6 nömrəli tam orta məktəb).

Dörd nəfər müəllimimiz – şəhər 1 nömrəli tam orta məktəbindən  Şahin Gənciyev, Leyla Babayeva, Bahar Abdullayeva; şəhər 5 nömrəli tam orta məktəbindən Ruhiyyə Cəmaləddinova  Azərbaycan – Koreya təlimlərində iştirak etmiş, Beynəlxalq təlimçi adını alaraq Sertifikatlara layiq görülmüşlər.

Pedaqoji kollektivlərimiz məktəblilərin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirmişlər.  2020-ci ildə buraxılış imtahanlarının nəticələrinə görə, 959 nəfər IX sinfi bitirmiş məzun ümumi orta təhsil haqqında attestat, o cümlədən 25 nəfər fərqlənmə attestatı almışdır. XI sinfi bitirən 730 nəfər məzuna isə tam orta təhsilə aid attestat, o cümlədən 16 nəfərə isə fərqlənmə attestatı verilmişdir.

Təhsildə qazandıqları yüksək nəticələrə görə 2 nəfər məzun qızıl, 3 nəfər isə gümüş medalla təltif edilmişdir. Həmin şagirdlər şəhər 2, 3, 6 nömrəli və Talıstan kənd tam orta məktəblərinin məzunlarıdır.

Keçən tədris ilində Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən Respublika Fənn olimpiadaları 3 mərhələdə təşkil olunmuşdur. I rayon mərhələsində 590 nəfər IX-XI sinif şagirdi 8 fənn üzrə müsabiqədə iştirak edərək, 104 nəfəri Respublika yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Yarımfinalda 5 fənn üzrə 13 şagirdimiz yüksək nəticə qazanaraq, Respublika final mərhələsində iştirak etmək hüququ əldə etmişdir. Bu göstərici kənd rayonları üzrə birinci olmuşdur.

Final mərhələsində isə 9 nəfər şagirdimiz qalib adını qazanmışdır. Onlar şəhər 2, 3, 6 nömrəli, Lahıc qəsəbə, Sumağallı, Talıstan kənd tam orta məktəblərinin şagirdləri olmuşlar.

Cari tədris ilində Respublika Fənn olimpiadasının I mərhələsində 490 nəfər iştirak edərək, 105 nəfər növbəti mərhələyə keçmiş, yarımfinal mərhələsindən isə 10 nəfər qalib olmuş və finala vəsiqə qazanmışdır.

Final mərhələsində 4 nəfər şagird qalib olmuş və fəxri yerlərə sahiblənmişlər. Belə ki, coğrafiya fənni üzrə Cülyan kənd tam orta məktəbinin 9-cu sinif şagirdi  Qayıbov Amin Ruslan oğlu və Lahıc qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi Səfərli Əbülfəz Rasim oğlu 2-ci, A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Tağıyev Ağaxan Oqtay oğlu  və tarix fənni üzrə Q.Məmmədov adına Ruşan kənd tam orta məktəbinin  8-ci sinif şagirdi  Xasıyev Rəvan Fazil oğlu  3-cü yer  tutmuşlar.

Eyni zamanda “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, ”Hər bir uşaq istedaddır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylıqları”nın keçirilməsi məsələlərinə də geniş diqqət yetirilmişdir.

Məlumdur ki, hazırda ölkəmizdə təhsil sahəsində müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ən vacib istiqamətlərdən biridir. Bu sahədə “eTwining Plus” layihəsinin xüsusi rol oynadığını yaxşı başa düşən təhsil müəssisələrimiz çalışdıqları işin bəhrəsini görüblər. Belə ki, Respublikada cəmi 12 məktəbin qalib olduğu həmin müsabiqədə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli, A.Aslanov adına 2 nömrəli, 5 nömrəli, N.Behdiyev adına 6 nömrəli, C.Həsənov adına Kürdmaşı, A.Məmmədov adına Diyallı kənd tam orta məktəbləri Beynəlxalq “eTwining məktəbi” mükafatına layiq görülüb.

Rayon ümumtəhsil məktəbləri şagirdləri arasında çoxsaylı onlayn bilik yarışları, müsabiqələr təşkil edilmiş, uğurlu nəticələr qazananların sayı çox olmuşdur və bu da Respublika miqyaslı yarışmalara gətirib çıxarmışdır. N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin komandası Azərbaycan İntellektual Klublar Assosiasiyasının keçirdiyi “Nə? Harada? Nə zaman?” onlayn Respublika müsabiqəsində fəxri 3-cü yer tutmuş, yarışın kubokunu qazanmışdır.

Respublika fənn müsabiqələrinin finalında şəhər 2 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi  Mərdanlı Nihal Əli oğlu biologiya üzrə 3-cü yerə layiq görülmüşdür.

Təhsil Nazirliyinin dəstəyi, “Təhsil Forumu-2021” qrupu və “Davam” Gənclər Hərəkatının təşkilati dəstəyi ilə İkinci Qarabağ müharibəsinə həsr olunan “Dəmir Yumruq” bölgələrarası bilik yarışında (44 komanda seçilmiş  – Ağsu, Masallı, Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Yevlax, Zərdab, Şəmkir, Goranboy, Füzuli, Astara, Lənkəran, Şəki, Bərdə, Gəncə, Bakı, Sumqayıt və d.) rayonlardan 248 komanda iştirak etmişdir. Yarışda Azərbaycan dili və tarixdən suallar səslənmişdir. Məqsəd dilimizin gözəlliyi və tariximizin qədimliyinin önə çəkilməsi idi.

23-25 mart tarixlərində başlayan yarış 6, 7, 8-ci siniflər arasında keçirilmiş, N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin 3 komandası 1-ci, 2- ci) A.Məmmədov adına Diyallı kənd tam orta məktəbinin “Niyal” komandası (VIII sinif) 3-cü yer tutmuşdur.

İstedadlı şagirdlərin üzə çıxarılması, qlobal dünya üçün əhəmiyyətli olan informatika fənninə marağın artırılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə rayon məktəblərinin V-VIII sinif şagirdləri arasında ALPLOgO proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə “Qarabağ Azərbaycandır” mövzusunda “Ən yaxşı nominasiya” müsabiqəsi keçirilmişdir. Müsabiqədə 3  nəfər I, 3 nəfər II, 3 nəfər III, 4 nəfər isə həvəsləndirici yerə layiq görülmüşdür. Müsabiqədə şəhər 1, 2, 3, 5, 6, 7 nömrəli və Vəng kənd tam orta  məktəblərin şagirdləri daha çox fərqlənmişdir.

Respublika “Möcüzələr aləmi” IV Qrant müsabiqəsində Vəng kənd tam orta məktəbinin IX sinif şagirdi Rəvan Qasımov və X sinif şagirdi Fərqanə Qəribova III yeri tutmuş, VIII sinif şagirdləri Pünhan Qəribov və Nihad Cəfərov fəal iştirakına görə təltif olunmuşlar.

“Sabahın alimləri”nin “Bacarıqlı əllər” respublika müsabiqəsində Rəvan Qasımov “ABŞ-ın müxtəlif beynəlxalq fondlar assosiasiyalar cəmiyyəti”nin xüsusi mükafatına layiq görülmüşdür.

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli 550 nömrəli əmrində qeyd edildiyi kimi: “Ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyllərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələr irəli sürülür və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsi tələb olunur”.

İstedadlı şagirdlərlə aparılan işi dərs prosesi ilə məhdudlaşdırılmayan, dərsdənkənar məşğələlərin müxtəlif növlərindən bu məqsəd üçün istifadə olunmasının onların idrak maraqlarının aktivləşməsinə, qabiliyyətlərinin inkişafına, həm bilik sahəsində, həm digər fəaliyyət istiqamətində xüsusi maraq göstərən uşaqlar üçün səmərəli olduğunu yaxşı başa düşən təhsil müəssisələrimiz inşa yazı, esse, bədii qiraət, rəsm, əl işi, mahnı və s. nominasiyalar üzrə müsabiqələrin keçirilməsinə xüsusi önəm vermişlər.

Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil nazirinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmri və buna uyğun olaraq, Fəaliyyət Planında əks olunan tədbirlərin icrası ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, şagirdlərin maarifləndirilməsi, istedadlarının üzə çıxarılması və yaradıcılıqlarının inkişaf etdirilməsi ilə bağlı xeyli müvəffəqiyyət əldə olunmuşdur.

“Qarabağ Azərbaycandır!”, “Biz zəfər qazandıq!”, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, şəhidlərin anım günləri və “Nizami ili” ilə bağlı müxtəlif sahələr üzrə keçirilən müsabiqələr həmin sahəyə artırılan diqqət və qayğının təzahürü olmaqla, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət aşılamaqla bərabər, bədii-estetik zövqlərinin inkişafında, hərbi-vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynamışdır.

Bu mənada, rayon məktəblilərinin 5 nominasiya üzrə (rəsm, əl işi, bədii qiraət, rəqs və musiqi) keçirilən onlayn yaradıcılıq müsabiqəsi Respublika yarışlarına bir vəsilə olmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İİnkişaf Mərkəzinin keçirdiyi “Evdə qalaq, evdə yaradaq” adlı Respublika onlayn yaradıcılıq müsabiqəsinin UGİM-in dərnək üzvü olan 9 nəfər iştirakçısı Diplomlarla təltif olunmuşdur. (Yadigarova Ləman- “Bədii qiraət”- 1-ci yer; Həmidli Ramal- “Əl işi”- 1-ci yer; Məhərrəmli Günay-“Əl işi” – 2-ci yer; Oruc İnci – “Əl işi” – 2-ci yer; Fərzəliyev Nicat- “Musiqi alətində ifa” – 3-cü yer; Fərzəliyev Cavid -“Musiqi alətində ifa” – 3-cü yer; Nəbiyeva Əfsanə -“Bədii qiraət” – 3-cü yer; Hacıyeva Aysu ”Bədii qiraət” – 3-cü yer; Əliyeva Ləman- “Musiqi alətində ifa”- həvəsləndirici yer)

Təhsil Nazirliyinin dəstəyi ilə 3 nömrəli UGİM-nin təşkilatçılığı ilə Respublika onlayn rəsm

müsabiqəsində rayonun 9 nəfər məktəblisi (şəhər 1, 2, 5 nömrəli, Cülyan, Sumağallı, Quşencə tam orta məktəbləri) iştirak etmiş, İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri Xanım İsmayıllı (16 yaş) və Zəhra Ağayeva (13 yaş) I yerə layiq görülmüşlər.

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli UGİM-in təşkilatçılığı ilə keçirilən “Unutmadıq, unutmayacağıq” adlı Respublika onlayn “Bədii qiraət” müsabiqəsində UGİM-in 10 nəfər dərnək üzvü fərqlənmiş, 4 nəfər II, 1 nəfər 3-cü, 5 nəfər həvəsləndirici yerə layiq görülmüşdür.

İstedadların üzə çıxarılmasında xüsusi rol oynayan tədbirlərdən biri də Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 13 noyabr – 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! ” adlı  Beynəlxalq yaradıcılıq müsabiqəsi olmuşdur.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu ( 9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilmiş, dünyanın bir çox ölkələrindən 705 nəfərin qatıldığı bu əzəmətli müsabiqənin 47 nəfər qalibi olmuşdur ki, onların 8 nəfəri bizim təhsil müəssisələrinin payına düşüb.”Şeir” nominasiyası üzrə şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Nemət Lalə və aşağı yaş qrupu üzrə Cülyan məktəblisi Mədinə Şirinova I yer, şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Çinarə Fərəcli və H.Əliyev adına İvanovka kənd tam orta məktəbinin şagirdi Olesiya Radayeva “esse” nominasiyası üzrə II yer, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri Aqasif Xalıqlı, Qəmər Hüseynli “şeir” üzrə və gənc müəllim Gülşən İldırımzadə “esse” üzrə, 5 nömrəli tam orta məktəbinin şagirdi Məhəmməd Qasımov “mahnı” nominasiyası üzrə III yer tutmuşlar. Bundan başqa təhsil müəssisəslərimizin 52 şagirdi müsabiqənin sertifikatına layiq görülmüşdür.

“Nizami ili” çərçivəsində Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” adlı yaradıcılıq müsabiqəsində UGİM-in dərnək üzvü, Yeniyol məktəblisi Aydan Əhmədli II yerə, Təzəkənd məktəblisi Tahir Vahabov III yerə, UGİM-in dərnək üzvləri Fatimə Məmmədli, Asəf Məmmədzadə, şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Ləman Zeynalova həvəsləndirici yerə layiq görülmüşlər. Eyni zamanda, Təhsil Nazirliyinin dəstəyi, Respublika Gənclər Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Söz dünyasının günəşi” adlı onlayn Respublika müsabiqəsində şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Ləman Zeynalova II yeri tutduğuna, UGİM-in dərnək üzvləri Dəniz Əhmədli (Yeniyol məktəblisi), Əfsanə Nəbiyeva (şəhər 5 nömrəli məktəb), Ramil Hidayətov (Qoşakənd məktəblisi), Jalə Mürsəlova (şəhər 2 nömrəli məktəb), Xədicə Ağazadə (Təzəkənd məktəblisi), Gülarə Mustafayeva (Talıstan məktəblisi) fəal iştirakına görə təltif olunmuşlar.

Təhsil Nazirliyinin dəstəyi və Respublika Gənclər Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən  “Xarıbülbül” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində UGİM-dən Vüsal Səmədov – “mahnı” nominasiyası üzrə (Qoşakənd), İsmayıl Məmmədov – “bədii qiraət” nominasiyası üzrə (Talıstan) təltif olunmuşlar.

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli UGİM-in təşkilatşılığı ilə keçirilən “Bir sevinək, bir gülək” adlı Respublika festival müsabiqəsində fəal iştirak edən İsmayıllı rayon UGİM-in dərnək üzvləri  müxtəlif nominasiyalar üzrə sevindirici I yerə Dəniz Əhmədli –  “Bədii qiraət” (Yeniyol), Mətin Piriyev – “Vokal” (Cülyan) layiq görülüb. II yeri Aytən Mənsiyeva – “Dekarativ tətbiqi sənət” (şəhər 6 nömrəli məktəb) və Aysel Əşrəfova – “Dekorativ tətbiqi sənət” (şəhər 6 nömrəli məktəb) qazanıb.

III yerin qalibləri isə Fidan Həbibli – “Bədii qiraət” (şəhər 1 nömrəli məktəb) və Ayşən Nəcəfli  – “Bədii qiraət” (Təzəkənd) olub.

Nurlanə İsmayıllı – “Bədii qiraət” (şəhər 1 nömrəli məktəb), Nihad Rüstəmov  -“Bədii qiraət” (şəhər 1 nömrəli məktəb), Ayan Əhmədli -“ Bədii qiraət” – (Yeniyol), Nuray Salmanova – “Bədii qiraət” (Talıstan), Təbriz Salahlı –“Vokal” nominasiyası (Qoşakənd), Ramil Hidayətov – “Bədii qiraət” (Qoşakənd), Gülçin Fərzəli qızı (Diyallı), Şəhla Nəcəfli – “Bədii qiraət” (Təzəkənd), Zəhra Ağayeva – “Təsviri sənət” (şəhər 1 nömrəli məktəb), Canpolad Canalıyev – “Təsviri sənət” (Təzəkənd), Fidan Ələkbərli – “Dekorativ tətbiqi sənət” (Təzəkənd) fərqlənən məktəblilərimiz olublar.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn müsabiqədə UGİM-in – “Bacarıqlı əllər” dərnəyinin üzvləri Asəf Məmmədzadə I yer (şəhər 6 nömrəli məktəb), Murad İsayev III yer (Cülyan) tutmuşlar.

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qarabağ  abidələri” onlayn respublika rəsm və əl işləri müsabiqəsində Şəbiyan kənd ümumi orta məktəbinin  şagirdi Faiq Nuriyev (əl işləri nominasiyası üzrə) 1-ci yerin qalibi olub. Şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Aqil Zərbiyev (8-ci sinif) 2-ci (rəsm) yeri tutub. Nuran Əsgərli (5-ci sinif) (rəsm) və UGİM-in dərnək üzvü Kənan Əlizadə (Diyallı) isə həvəsləndirici yer qazanıblar.

Eyni zamanda Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Milli dəyərlərimiz – ornamentlər” adlı onlayn respublika rəsm müsabiqəsində UGİM-in dərnək üzvü Şəmsəddin Səfərli  (Talıstan) 6-10 yaş qrupu üzrə 3-cü yerin qalibi olmuşdur

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Biz zəfər qazandıq” adlı respublika onlayn sərgi-müsabiqəsində N.Behdiyev adına çəhər 6 nömrəli tam orta məktəbinin şagirdi  Cəsur Səmədli (11 yaş) 3-cü yer tutmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində fəai iştirak etmiş Təzəkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Fidan Ələkbərli Respublika üzrə 2-ci yer tutmuş, Təhsil Nazirliyinin diplomuna layiq görülmüşdür.

2021-ci il “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən məktəblilər arasında keçirilən “N.Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqəsində şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Sevinc Gənciyeva və şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Nuran Nuri müxtəlif yaş dərəcələrində şeir nominasiyası üzrə 2-ci yer tutmuşlar.

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən…” adlı Respublika onlayn mahnı müsabiqəsində UGİM-in dərnək üzvü (Cülyan) Mətin Piriyev “Xalq mahnıları”, İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin 11-ci sinif ıagirdi Gülşən Səfərova “Bəstəkar mahnıları” nominasiyaları üzrə həvəsləndirici yerə layiq görülmüşlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bizim sevimli dostlarımız” adlı onlayn Respublika fotomüsabiqəsində 14 İsmayıllı məktəblisi müvəffəqiyyət qazanmışdır.

Belə ki, Diyallı kənd tam orta məktəbinin şagirdi Rövşən Rüstəmov 1-ci, UGİM-in dərnək üzvü, eyni zamanda şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Hüseyn İsayev və Diyallı məktəblisi Samirə Bahəddinova 2-ci, Təzəkənd məktəblisi Zəhra Dadaşlı və Qaraqaya kənd ümumi orta məktəbinin şagirdi  Ramal Dəmirli  isə 3-cü yeri tutmuşdur.

Aşağıda adları qeyd olunanlar – Abdulla Hüseynzadə (şəhər 1 nömrəli məktəb), Əhməd Sadıqov (Basqal), Nuray Qasımzadə (Ruşan), Faiq Nuriyev (Şəbiyan), Məhəmməd Ağalarov (Mücühəftəran), Dursun Səfərəliyeva (UGİM-in dərnək üzvü, şəhər 2 nömrəli məktəbi), Hazlı Həbibova və Turan Ağazadə (şəhər 5 nömrəli məktəb), İsmayıl Bayramov (Talıstan) isə  həvəsləndirici yerə layiq görülmüşlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan vətənimdir” adlı Beynəlxalq rəqs müsabiqəsində fəal iştirakına görə İsmayıllı rayon UGİM  Təşəkkürnamə almışdır.

Şagirdlərimiz “Qayıdış (onlayn) rəsm və “Vətən yaxşıdır” mahnı, Azərbaycan Milli Kulinariya mərkəzinin 30 illiyi münasibətilə məktəblilər arasında milli mətbəxlə bağlı rəsm (UGİM və 2 nömrəli məktəb) müsabiqəsində də fəal iştirak etmişlər.

Görkəmli alim Lütfi Zadənin 100 illiyi münasibətilə keçirilən məntiq olimpiadasında rayon təhsil müəssisələrinin 205 şagirdi iştirak etmiş, onlardan 29 nəfəri Respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Bakı Anadolu Türk Liseyinin təşkil etdiyi çox dəyərli “Qarabağ Şehitleri ve Qarabağ Zaferi” adlı şeir yarışmasının yüzlərlə iştirakçısı arasında 3 seçim turundan sonra 50 nəfər qalibin sırasında yer almış İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin  şagirdləri – Lalə və Nərgiz Nemətli bacıları (Lalə 2-ci, Nərgiz 35-ci yer) da vardır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəstəyi  Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn 2-ci Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalında 700 nəfər iştirakçı arasında “Folklor rəqsi” nominasiyası üzrə 9-11 yaş qrupları arasında UGİM-in dərnək üzvü, A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Ləman Yedigarova “Həvəsləndirici yer”ə layiq görülmüşdür.

Onu da qeyd edək ki, festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanılması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarət idi.

Festivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı ABŞ, Fransa, Kanada, Rusiya, Moldova, Belorusiya, Özbəkistanı təmsil edən iştirakçılar çıxış ediblər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 2021-ci il tarixli F-118 nömrəli əmri ilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qarabağ uşaqların gözü ilə“ adlı Respublika video-çarx müsabiqəsində N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Elməddin Fərəcov, Talıstan kənd tam orta məktəbinin 4-cü sinif şagirdi Nuray Salmanova fərqlənmişlər.

Bütün bunlar istedadların aşkara çıxarılması, inkişaf etdirilməsi sahəsində aparılan işlərin cüzi bir hissəsidir.

İsmayıllı təhsil müəssisələri bundan sonra da istedadlı uşaq və gənclərin aşkara çıxarılması və belə uşaqlarla iş sahəsində elmi-pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış ardıcıl, sistemli iş aparmaqla,  Vətənə layiq, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdirmək sahəsində yeni-yeni nailiyyətlər əldə etməyə çalışacaq.

Rəna Mirzəliyeva,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz