Yaddas kitabcasi

Uğurlu nəticələr əldə olunub                                      

İsmayıllı rayonunun melioratorları iyun  ayının 5-də, peşə bayramlarında ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə təravətli bahar gülləri düzüblər.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı rayon Suvarma Sistemi İdarəsinin işçiləri ilə bərabər tədbirdə iştirak edib. Ziyarətçilər abidə önündə xatirə şəkli çəkdiriblər.

İcra başçısı peşə bayramları münasibəti ilə melioratorları təbrik edib, gördüyü işləri yüksək qiymətləndirib. İdarə rəisi Fazil Həsənov Nahid müəllimə tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirib, son vaxtlar görülən və nəzərdə tutulan işlər barəsində danışıb.

Qeyd edib ki, 2021-ci ilin 6 ayında 114000 kubmetr suvarma kanalı lildən təmizlənib. Çay məcralarının təmizlənməsində göstərici 208000 kubmetrə çatdırılıb. 5 hidrometrik postun cari təmiri həyata keçirilib. 22 ədəd hidrometrik qurğunun cari təmiri başa çatdırılıb. Su ötürücü beton kanalların 500 metrində təmir işi aparılıb. Ümumilikdə 8883 hektar müxtəlif adda məhsul əkilmiş sahə suvarılıb. Göstərilən müddətdə suvarmanın müasir – damcı, çiləmə, pilot üsulları üzrə də uğurlu nəticələr əldə olunub.

Əvvəlki illərdə olduğu kimi, bu il də Qəzli-Aşıqbayramlı, Göyçayçay-İsmayıllı  kanallarının təmizliyi diqqətdə saxlanılıb. Talıstan və Cülyan çaylarının məcrasında təmizləmə işləri aparılıb. Talıstan çayında İsmayıllı şəhərinin sel sularından mühafizəsi üçün tələb olunan tədbirlər görülüb.

F.Həsənov görülmüş işlər barədə məlumatla yanaşı, ölkənin melioratorlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq edib, bundan sonra da təsərrüfatın bu vacib sahəsində səylə çalışacaqlarını vurğulayıb.

Ş.Soltanov

Şərh Yaz