Yaddas kitabcasi

HAQQ ÖZ YERİNİ, “QARABAĞ ATI” İSƏ ÖZ SAHİBİNİ TAPDI                          

Bu günlərdə telekanallarda Türkiyə Respublikasının Prezidenti sayın Rəcəb Tayyib Ərdoğanın  QARABAĞDA – ŞUŞADA necə böyük coşqu ilə qarşılanma mərasimini izlədiyim zaman, çox da yaxın olmayan keçmiş uzaq illər gözlərim önündə canlandı.

1960-cı illər idi. Ermənilərin yenə sağalmaz, xroniki xəstəlikləri olan “erməni” xəstəliyi göyərib yaman şiş ağrısı ilə sızlayır, havadarlarının əli ilə Naxçıvan və Qarabağ bölgələrini Ermənistana birləşdirmək xülyasına düşmüşdülər. Bu arada Moskvaya Qərb ölkələrinin birindən çox nüfuzlu, Əlahəzrət bir Qonaq da təşrif buyurmuşdu. Əldən-ayaqdan gedən SSRİ rəhbərləri Möhtərəm Qonağa layiqli hədiyyə olaraq nə verəcəkləri barədə baş sındırırdılar. Bu zaman köməyə ermənilərin Kremldəki ideoloqu A.Mikoyan  gəldi. Onun təklifi ilə Dəyərli Qonağa dəyərli hədiyyə olaraq “Təmiz Qanlı Qarabağ Atı” bağışlamışdılar. Bu xəbər çox yağlı və iri şriftli hərflərlə “Pravda”, “İzvestiya” və habelə müttəfiq respublikaların mərkəzi mətbu orqanlrının manşetlərinə çıxarılmışdı. Sensansiyon xarakterli bu xəbər hamıdan daha çox, yazdığı “Gülüstan” poemasına görə təqib olunan, Bakı şəhərində yaşamasına icazə verilməyən böyük şair Bəxtiyar Vahabzadənin heysiyyətinə toxunmuşdu. Şair odsuz-alovsuz od tutub yanırdı. Bir neçə gün sonra Bəxtiyar müəllimin “Bakı” axşam qəzetinin 4-cü səhifəsində “Poeziya yarpaqları” rubrikası altında kiçik bir şeiri dərc olunmuşdu. Əfsuslar ki, şeirin yalnız 4 misrası yadımdadır:

 …Mən qədim bir mahnıyam,

Xallarım əlvan-əlvan.

Musiqim Qarabağr,

zlərimsə Naxçıvan.

Şeirin ardı “Qarabağ Atı”nı yad imzalarla yadlara hədiyyə edənlərə qarşı bəslənilən dərin nifrət hissi ilə yazılmışdı. Şairin çox uzaqgörən fəlsəfi düşüncələrinə görə bu hədiyyə, Küllü Qarabağın kimə isə hədiyyə edilməsi, Küllü Qarabağın əldən verilməsi anonsu kimi görünürdü. Elə bil, Qarabağın sahibi yox imiş?!…

“Haqq incələr, amma üzülməz”, demişdir atalar. Kainatı, haqqı-ədaləti düzənləyən İlahi qüvvə var. Nə qədər silahlı, nə qədər arxalı, nə qədər hiyləgər, nə qədər məkrli, nə qədər zəngin olsan da, bir gün Haqq qarşısında cavab verəcəyini heç kəs unutmamalıdır. Necə ki, dünyaya car çəkib “Qarabağ bizimdir, nöqtə” – deyən erməni faşistlərinin 44 günlük müharibədən sonra diz çöküb dizin-dizin, qarın-qarın sürünərək, torpağa axıtdıqları günahsız qanları, qurumamış tüpürcəklərini, buraxdığı ifrazatlarını yalaya-yalaya, azəri-türk əsgərlərinin qarşısında aciz qalıb ağ bayraq qaldırmaqla rüsvaycasına təslim olan, döyüş bayraqlarını meydanlarda atıb qaçan, yeri-yurdu, mənşəyi bilinməyən erməni vandalları və muzdlu dünya erməni quldurları 8 Noyabr 2020-ci il tarixində cavab verdikləri kimi.

Dünya təqvimində eyni tarixdə, eyni gündə bayram ediləsi iki el bayramını  tanımıram. Bu cür nadir bayramlara ilk imza atan yenə türk milləti oldu. 15 iyun təqvimi 1993-cü ildən Qurtuluş bayramı kmi qeyd edilirdi. Həmin gün Respublikada ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev 28 il öncə ölkəni parçalanmaqdan, xalqı isə vətəndaş müharibəsindən xilas etmişdi. 15 iyun 2021-ci il tarixi isə xalqımızın əzmkarlıq qələbəsi bayramı kimi tarixə düşdü. Həmin tarixdə Türk Dünyasının iki Əzəmətli, Qürurlu Oğlu olan Respublikanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan bir araya gələrək 30 illik işğaldan sonra azad olunmuş ŞUŞADA – QARABAĞ torpağında görüşdülər, gələcək təhlükəsizliyimiz üçün tarixi ŞUŞA BƏYƏNNAMƏSİNİ imzaladılar. Bu tarix, Türk dünyasının tarixində silinməz izlər buraxan bir səlnamənin başlanğıcıdır. Həmin gün yalçın Şuşa qayaları, keçilməz Topxana meşələri, Bülbülün, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Nəcəf bəy Vəzirovun, Nəvvabın və hesaba gəlməyən, əslən şuşalı olan çoxlu sayda  elm, incəsənət və mədəniyyət xadimlərinin, Şuşa uğrunda canlarını fəda etmiş Müqəddəs Şəhidlərimizin ruhları, orada hər nə var idisə hamısı, Cıdır düzündə baş verən qələbəliklərin iştirakçıları idilər. Bu qələbəliklərə  isə daha parlaq rövnəq verən o oldu ki, Rəcəb Təyyib Ərdoğan ilk Türk Cəngavəri olaraq öz doğma topağı Qarabağa ayaq basmışdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev isə ilk Azərbaycan Prezidenti  idi ki, öz imzası ilə “Təmiz Qanlı Qarabağ atını” öz layiqli Sahibinə – Rəcəb Tayyib Ərdoğana ərməğan etmişdi. “Dırnaqları möhkəm, qədəmləri mübarək və düşərli olsun” – deyirik, ƏZİZ LİDERLƏRİMİZ!

Təkrar-təkrar baxdığım Şuşa şənliklərindən sonra, hər dəfə ürəyimdən nisgil dolusu bir təəssüf hissi keçirirəm. Ulu şair Bəxtiyar Vahabzadə yadıma düşür. Deyirəm, kaş, Bəxtiyar müəllim də bu günləri görəydi. Nurlu ruhu qarşısında baş əyib, bu sözləri pıçıldayıram özüm-özümə: “Bəxtiyar müəllim, gözün aydın, ruhun şad olsun, Qarabağ artıq Azıx mağarasının ilk sakinləri olan türklərin, bütün döyüşlərdən qalib çıxan “Qarabağ atı” isə öz sahibinin əlindədir. Rahat yat, böyük Mübariz”.

Vaqif Məmmədov

Şərh Yaz