Şəhidin doğum günü qeyd olunub                           

Diyallı kənd sakini şəhid, Şıxızadə Tural Ətraf oğlunun doğum günü uyuduğu kənd qəbiristanlığında məzarı üstündə qeyd olunub.

Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, kənd sakinləri, gənclər, kənddəki tam orta məktəbinin müəllim və şagird heyəti, şəhidin doğmaları iştirak ediblər. Tural Şıxızadənin bu il 19 yaşı tamam olacaqdı.

Mərasimə gələnlər şəhidin məzarı üzərinə əklil və tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Şəhidin məzarı önündə çıxış edənlər onun şərəfli ömür yolundan danışıblar. Qeyd olunub ki, 2002-ci ilin may ayında dünyaya göz açan T.Şıxızadə böyüyüb boya-başa çatdığı Diyallı kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini davam etdirib.

O, idmanın qol güləşi ilə məşğul olurdu. 2018-ci ildən yarışlara qatılıb. Uğurlu çıxışları nəticəsində 6 medal, 11 diplom qazanıb. Bu idman növü üzrə həmçinin, ölkə birincliyinə layiq görülüb. 2020-ci ilin iyulun 11-də həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmət edən qəhrəmanımız Vətən müharibəsi başladığı gündən döyüşlərdə iştirak edib.

Müharibə qansız-qadasız keçmir. Döyüşlərdən birində Tural itkin düşür. 71 günlük axtarışdan sonra onun şəhid olduğu məlum olur. Oktyabrın 1-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhidliyə yüksələn Tural dekabrın 11-də İsmayıllı rayonunun Diyallı kənd qəbiristanlığında torpağa tapşırılır…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Çıxışlarda Müzəffər Ordumuzun Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qısa müddətdə, cəmi 44 günə, Qələbə ilə başa çatdığı, Tural və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı söylənilib.

Sonda mərasim iştirakçıları şəhidin ailəsinə baş çəkiblər.

Şərh Yaz