Təmizlik sağlamlıqdır                                                 

İsmayıllı Azərbaycan Respublikasının havası saf, əsrarəngiz təbii gözəlliyə malik bölgələrindən biridir. Məhz buna görə də ildən-ilə İsmayıllıya gələn qonaqların, turistlərin sayı artır.

Son illərdə təmizliyi, səliqə-səhmanı ilə rayonumuz diqqəti daha çox cəlb edir. Tikinti-abadlıq işləri, yeni yaşıllıqların salınması, küçələrdə, ayrı-ayrı binaların fasadlarındakı diqqəti cəlb edən rəsm işləri, tullantıların vaxtlı-vaxtında daşınması buna əyani sübutdur.

İsmayıllı Gənclər Mərkəzi nəzdində fəaliyyət göstərən “Eko klub”un üzvlərinin keçirdiyi təmiz İsmayıllı aksiyası təqdirə layiqdir. Onların İsmayıllı-Qəbələ avtomobil yolunun hər iki tərəfində apardıqları təmizlik işlərinin nəticəsində yolun kənarlarına atılan tullantılar təmizlənmişdir.

Rayon Ağsaqqallar Şurasının üzvləri də rayonumuzun, xüsusilə İsmayıllı şəhərinin təmiz saxlanılmasına köməklik göstərirlər. Onlar siqareti çəkib yerə atan, zibil torbalarını zibil qutularına atmayan, həyətinin qarşısını səliqəsiz saxlayanlara öz iradlarını bildirirlər.

Şəhərimizi, hər bir yaşayış məntəqəsini təmiz saxlamaq hər kəsin vicdan borcudur. Biz hamılıqla fikirləşməliyik ki, natəmizlik müxtəlif yolxucu xəstəliklərin əmələ gəlməsinə, yayılmasına səbəb olur. Özümüzü xəstəliklərdən qorumaq üçün təmizliyə riayət etməliyik.

Təmizkarlıq özü də ümumi tərbiyyənin bir hissəsidir. Uşaq bağçalarında, məktəblərdə uşaqlar təmizkarlığa öyrədilsələr onlarda vərdiş yaranar. Valideynlər həyətə, küçəyə zibil atan öz uşaqlarına iradlarını bildirməklə onların gigiyenik-estetik tərbiyəsinə nail olarlar.

Çox təəssüflə qeyd etməliyəm ki, hələ də şəhərimizi, küçələrimizi zibilləməklə natəmizlik yaradan vətəndaşlarımız vardır. Gəlin onları qınayaq, iradlarımızı bildirək, nümunə göstərək.

Rayonumuzda ən nümunəvi yaşayış məntəqəsi nümunəvi küçə, nümunəvi məhəllə, təmiz həyət, nümunəvi vətəndaş müsabiqələrinin, təmizlik aylıqlarının keçirilməsinin davam etdirilməsini təklif edirəm.

Gəlin hamılıqla təmizliyə riayət edək, sağlamlığımızı qoruyaq.

Yaşar Nuriyev,

Rayon Ağsaqqallar Şurasın üzvü

Şərh Yaz