“Dağlar marala qaldı”                         

Musa Yaqub! Bu ad səslənəndə istedadlı, azman bir Azərbaycan şairi canlanır gözümüz önündə. Böyüklüyü, ucalığı, fitri istedadı ilə yanaşı, Tanrı ona bir o qədər də sadəlik, saflıq, dürüstlük, insani keyfiyyətlər bəxş etmişdi. Qəlbi bulaq suyu kimi təmiz, xarakteri dağ şəlaləsi kimi şəffaf olan bu insan sanki bu dünyanın adamı deyildi, hansısa planetdən enib gəlmişdi. Lovğalıq, xəyanət, kin-küdurət, tamah, hiylə və qərəz bu şəxsə yad olan əlamətlərdən idi. Hər kəs onun yanında özünü çox rahat və xoşbəxt hiss edərdi. Həmişə çöhrəsində həlim bir təbəssüm dolaşardı. Hiss edərdin ki, nəyisə fikirləşir, düşünür, misralara çevirir.

Musa Yaqub anadan yox, təbiətin bətinindən doğulub boya-başa çatmış bir insan idi. Onun da vəsfi keşiyində dayandı, bir şair ömrü yaşayaraq gəlib-getdi bu dünyadan. Musa Yaquba qədər təbiət haqqında çoxlu sayda poeziya nümunələri yaranıb. Lakin bu ecazakar aləmi onun qədər sevən, onun kimi vəsf edən, sözə çevirən, dindirib-danışdıran, təbiət fonunda fəlsəfi, ictimai-siyasi lirika yaradan ikinci bir şair tanımıram. Əlbəttə, bu mənim şəxsi fikirimdir. Razılaşmayanlar da tapıla bilər.

Musa müəllim çoxunun ustadı, müəllimi, yol göstərəni olub. İsmayıllıda “Dağ çiçəkləri” ədəbi məclisi onun adı ilə bağlıdır. Bu dərnəkdə neçə-neçə istedadlı şair və yazarlar yetişib. Baba Vəziroğlu, Ağasən Bədəlzadə, Maarif Soltan, Şahməmməd Dağlaroğlu, Alim Məhərrəmli, Oqtay İsmayıllı və başqalarının ilk qələm təcrübələri bu dərnəkdə püxtələşib. Musa Yaqubun xeyir-duası ilə poeziya aləminə ayaq açıb. Bəzilərinin adını çəkməsəm də  “… Və  başqaları”nda adları gizlənənlər məndən inciməsinlər. Onların da yaradıcılığında böyük şairimizin zəhmət payı danılmazdır.

Özümü xoşbəxt sanıram ki, gənc yaşlarımdan Musa Yaqubu tanımışam, onunla ünsiyyətim, münasibətim, yaxınlığım yaranıb. Qardaşı, qabaqcıl riyaziyyat müəllimi mərhum Saməddin Yaqubovla dost olmuşam, evlərinə gedib-gəlmişəm. Musa müəllimə həmişə böyük qardaş münasibəti bəsləmişəm. Onun da mənə diqqət və qayğısı daha çox olub. Şəxsi həyatımda, az-çox yaradıcılığımda Musa müəllimin diqqətini və qayğısını həmişə hiss etmişəm. Diqqət çəkən məqamlardan biri də odur ki, Musa Yaqub  Bakıya köçərkən 1974-cü ildə onu dil-ədəbiyyat müəllimi olaraq Buynuz məktəbində mən əvəz etmişəm. Şairin dərs dediyi şagirdlərin qarşısına gənc müəllim kimi mən çıxmışam. Bu baxımdan məsuliyyətim birə-beş artıb. Axı bu uşaqlara Musa Yaqub dərs deyib. Onu əvəz edə biləcəyəmmi, yerini tuta biləcəyəmmi?! Bu suallar həmişə məni düşündürüb, narahat edib, nəticə isə uğurlu olub. Bunu şagirdlərim daha yaxşı bilirlər.

Həmişə böyük şairin yubiley tədbirlərində, yaradıcılıq gecələrində, görüşlərində iştiraka çalışmışam. Təhsil sahəsində, Rayon İcra Hakimiyyətində işlədiyim vaxtlarda bu tədbirlərin təşkilatçılarından olmuşam.

1982-83-cü illərdə “Zəhmətkeş” qəzetində qısa bir müddətdə Musa Yaqubla birgə işləmişəm, daha doğrusu, onun redaktor olduğu  bu mətbu orqanında çalışmışam.

Qəlbimdə, könlümdə Musa müəllimə qarşı həmişə böyük məhəbbət və ehtiram hissi olub. Yaradıcılığını misra-misra, bənd-bənd izləmişəm, hətta bəzən çap etdirmədiyi əl yazılarını belə oxumuşam. Mən onu həmişə əsil şair, böyük vətənpərvər, yurddaş kimi tanımışam. Musa Yaqub ecazkar təbiətə elə qaynayıb-qarışıb ki, onu bu aləmdən ayrı təsəvvür eləmək mümkün deyil. Musa Yaqub əzəmətli dağ, yalçın qaya, coşqun çay, həzin bulaq, kol dibində bənövşə, palıd, vələs, yamacda lalə, budaq üstə tumurcuq, qol-budaqlı çinardır, bütövlükdə təbiətin özüdür. Musa Yaqub şair, bir müəllim, jurnalist, millət vəkili ömrü yaşayıb bu həyatda. Amma həmişə tutduğu yola sadiq olub, sözünü deməyi bacarıb, həqiqətin, doğrunun, düzün əlindən tutub yol gedib.

Bu xatirəni yazarkən yadıma “Durnalar qayıtmadı” kitabımda çap etdirdiyim, Musa müəllimə həsr etdiyim və 2017-ci ildə qələmə aldığım bir şeir düşdü. Onu olduğu kimi Sizə təqdim edirəm.

Salam, dağlar oğlu, salam, şairim,

Mən səni dumduru biçimdərdüm.

İşıqlı nəğməni qəlbimə yazdım,

Ruhunu çəklər içindərdüm.

          

Sən ki Süleymansan quş dili bilən,

Payızda kök atıb, baharda gülən,

Həzin bulaqlarınz yaşın silən,

Nəğməni durnalar köçündərdüm.

          

Bir əlin gövdədə, biri budaqda,

Bir arzun yaxında, biri uzaqda,

Alışn söz adlı yanar ocaqda,

Əkinçi ömrü, biçindərdüm.

          

Alışıb qəlbində yanır çırağın,

Bu eldən-obadan gəlir sorağın,

İti qələmindi əldə yarağın,

Yaxşı yamandan seçimdərdüm.

          

Bu dağlar, dərələr sirdaşr sənə,

Gah dumana düşn, gah da ki, çənə,

Layiq övlad oldun doğma Vətənə,

Səni dağ selinin gündərdüm.

Allahın yaratdığı bu aləm, bu cahan, bu fani dünya belədir. Gələn bir gün gedəsidir. Musa müəllim də ləyaqətli, istedadlı bir şair ömrü yaşayıb, bu dünyaya əlivda dedi. 84 il bu ana təbiətlə qol-boyun yaşadı. Çox sevdiyi, ucadan-uca bildiyi Buynuz kəndində, Canalı dağının ətəklərində, ömür-gün yoldaşının yanında dəfn olundu, əbədiyyətə qovuşdu. Özü getsə də onun bəşəri poeziyası daimi yaşayacaq, könüllərə mənəvi qida verəcək. Min illər sonra da Musa Yaqubun şeirləri dillər əzbəri olacaq. Nizami, Füzuli, Nəsiminin poeziyası kimi.

Musa Yaqubun bu dünyanı tərk etməsi sözsüz ki, hamını kövrəltdi, qəlblərdə, könüllərdə sonsuz duyğular yaratdı. O duyğuların nəticəsi olan bir şeirimi şairin öz dil ilə sizlərə təqdim edirəm.

 

Getmişəm

 

Ağrı-acıları yığıb canıma,

Əlvida söyləyib çıxıb getmişəm.

Geriyə boylanıb həsrətlə bir də,

Dağları köksümə sıxıb getmişəm.

 

Ləngiyib ayağım o son pillədə,

Pəncərəm önündə bitən güllə də,

Bulaqlar, çaylarla, çoşqun sellə də,

Qarışıb sulara axıb getmişəm.

 

Asıb kipriyimdən ağ buludları,

Töküb ətəyimdən boş umudları,

Əngin səmalarda bir gecə yarı,

Şimşək tək alışıb, çaxıb getmişəm.

 

Nağılım, dastanım bitib bu yerdə,

Aylarım, illərim ötüb bu yerdə,

Kündəm təndirimdə, kütüm bu yerdə,

Unumu, urvamı yığıb getmişəm.

 

Daha böyürtkənim tutmaz ətəkdən,

Dənim üyüdülüb, keçib ələkdən,

Yan-yörəmdə uçan ağ kəpənəkdən,

Təsəlli almışam, baxıb getmişəm.

 

Dünyaya görk olan daş-tərəziymiş,

Əyri ələ yatan çaş tərəziymiş,

Nə yaxşı yaxşılıq baş tərəziymiş,

Ömrə bəzək vurub nə “xub” getmişəm.

 

Meşələr, ormanlar əl edib mənə,

Küləklər hirs ilə çırpıb sinəmə,

Çəmənlər könlümə köçüb sən demə,

Əlvan xalıları toxub getmişəm.

 

Yaylaqlar, oylaqlar, maral, əliklər,

Qartallar, leyləklər, kaha, gədiklər,

Əcəl dişlərində ölüm sürüklər,

Ölümü öldürüb yıxıb getmişəm,

Dağları köksümə sıxıb getmişəm.

Murad Məhərrəmov,

Dövlət qulluğu veteranı, şair-publisist

Şərh Yaz