Şəhidlərin xatirəsinə tikilən bulaq istifadəyə verilib                          

        İsmayıllı rayonunun Ağbulaq kəndində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Mehdiyev Ziyad Mirzə oğlu və Yusifov Ramil Mürşüd oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının Qoşakənd kənd inzibati dairəsinin nümayəndəsi, Qoşakənd bələdiyyəsinin sədri, ağsaqqallar, həmin kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi, gənclər, kənd sakinləri və şəhidlərin yaxınları iştirak edib.

Mövcud karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimindəki çıxışlarda şəhidlərimizin qısa, şərəfli həyat yolundan danışılıb, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 günə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub.

Vurğulanıb ki, qəhrəman şəhid oğullarımızın xatirəsi heç vaxt unudulmayacaqdır.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

Bulaq kompleksinin açılışından sonra şəhid ailələri ilə görüşən rayon rəhbərliyi onların qayğıları və problemləri ilə maraqlanıb.

Daha sonra hər iki şəhidin məzarı ziyarət olunaraq, gül dəstələri qoyulub və şəhidlərin ruhuna dualar oxunulub.

Şərh Yaz