Uşaqların sağlam, xoşbəxt və qayğısız böyümələri üçün…                     

İsmayıllı şəhər 1 saylı körpələr-evi uşaq bağçası rayonun qabaqcıl məktəbəqədər təhsil müəssisələrindən biridir.
Bağça 1989-cu ildən fəaliyyət göstərir. Açığını qeyd edək ki, hər hansı müəssisənin bir nömrəli olması burada çalışanlardan yetərincə diqqət və məsuliyyət tələb edir. Bu tələb əvvəlki illərdə də gözlənilmiş, İsmayıllı şəhərindəki 1 saylı körpələr-evi uşaq bağçası məktəbəqədər təhsil müəssisələri sırasında öncüllərdən olmuşdur.

Bağçada 5 qrupda  90 uşaq yerləşdirilib. Uşaqların yüksək təlim-tərbiyə ala bilməsi üçün 8 tərbiyəçi müəllim, bir musiqi rəhbəri, bir tibb bacısı və texniki işçi vəzifə borcuna tam məsuliyyət hissi ilə yanaşır.
Bağçada tədris Azərbaycan dilində aparılır. 2 kiçik qrup, bir orta qrup, 2 böyük qrup fəaliyyət göstərir.

Bağçanın müdiri Tükəzban Məmmədova 2020-ci ildən kollektivə rəhbərlik edir, bundan öncə isə ingilis dili müəllimi işləyib. Söhbətimiz zamanı T.Məmmədova bunları qeyd etdi:

– Pandemiya ilə əlaqədar bağçaların fəaliyyəti bərpa olunduqdan sonra uşaqların bağçaya gəlişi demək olar ki, 60-70 faiz təmin olunub, bütün qruplarda uşaqların yerləşməsi aparılıb. Bağçada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var, balacaların ilk yaşlardan intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlığı ilə təchiz olunub. Uşaqların qidalanması çox yüksək səviyyədə, gün ərzində 4 dəfə (meyvə və şirniyyat saatları daxil olmaqla) aparılır. Bağçanın həyətində əyləncə meydançaları yaradılıb, atraksionlar quraşdırılıb. Uşaqlarla işləmək böyük məsuliyyət tələb edir. Gələcəyimiz olan fidanların tərbiyəsi ilə kollektivdə hamı böyük sevgi ilə məşğul olur.

İş planımıza uyğun olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir qrup Vətən müharibəsi qazisi ilə görüş keçirəcəyik. Bu kimi tədbirlər azyaşlıların vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir.

Son bir ildə müəssisədə bir sıra təmir və abadlıq işləri aparılıb. Vətən müharibəsi şəhidlərinin lövhəsinin hazırlanması işi yaxın günlərdə başa çatacaq.

Çalışmalarımızın sevindirici nəticəsi odur ki, valideynlər fəaliyyətimizdən razıdırlar. Uşaqların sağlam, xoşbəxt və qayğısız böyümələri üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə,  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinə dərin təşəkkürümüzü bildiririk.
“İsmayıllı xəbərləri” qəzeti olaraq İsmayıllı şəhər 1 saylı körpələr-evi uşaq bağçasının kollektivinə özümüzün və bağçada tərbiyə alan uşaqların valideynləri adından Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində bol-bol sevinc və fəaliyyət uğuru arzu edirik.

Şahməmməd Soltanov

Şərh Yaz