Ziyalılara nümunə: Simran Həsənov                         

“Çoxları düşünürlər ki, ziyalı insan – çox mütaliə edən, yaxşı təhsil alan, çox səyahət edən və bir neçə dil bilən şəxsdir. Ancaq, bütün bunları həyata keçirib, ziyalı olmamaq və ya bütün bunlara sahib olmadan da daxilən ziyalı olmaq mümkündür.

Ziyalılıq sadəcə biliklərdə deyil, eyni zamanda, başqalarına qarşı anlayışlı davranmaq bacarığındadır. Ziyalılıq minlərlə detalda ortaya çıxır: qarşı tərəfə hörmət göstərərək mübahisə etmə bacarığında, masa arxasında təvazökar davranmaqda, göstəriş olmadan başqasına kömək etməkdə, təbiəti qorumaqda, ətrafını siqaret kötükləri və ya kobud sözlərlə, axmaq düşüncələrlə kirlətməməkdə.

Mən rus şimalında əsl ziyalı olan kəndliləri tanıyırdım. Onlar evlərində heyrətamiz təmizliyə riayət edirdilər, yaxşı mahnıları qiymətləndirməyi və hekayələr danışmağı bacarırdılar, qonaqpərvər və gülərüz idilər. Başqalarının kədər və sevinclərinə anlayışla yanaşırdılar.

Ziyalılıq – anlayışlı olma və qavrama bacarığıdır, dünyaya və insanlara qarşı dözümlü yanaşmadır.”

D.S. LİXAÇOV (1906-1999, Sovet və rus mədəniyyət xadimi, akademik)

 

***

Kimdir ziyalı? Ziyalılıq nədir? Bu suallara ən müxtəlif şərhlər verilir. Bütün hallarda ilk olaraq vətən, insan, millət, dövlət və milli dövlətçilik kimi ali dəyərlər və onlara münasibət yada düşür. Ziyalılıq mədəniyyətin daşıyıcısı və müəyyən mənada milli mədəniyyətin fenomenidir. İlkin mənada ziyalılıq əqli fəaliyyət anlamına gəlir. Sosial mənada isə ziyalı dedikdə bilik və təcrübəni sistemləşdirmə qabiliyyəti yüksək olduğu insanlar qəbul edilir. Ümumilikdə isə ziyalı, əksər mənbələrdə əqli əməklə peşəkar səviyyədə məşğul olan insan kimi təqdim olunur.

İntellektual potensialın fəal təmsilçisi olan ziyalı inkişafın geniş spektrini ehtiva edən bilikləri ortaya qoyur. Həmin biliklərin cəmiyyətin və dövlətin inkişafına xidmətində ziyalının yeri onun vətəndaş mövqeyini müəyyən edir. Ziyalıların böyük sosial qrup kimi təşəkkül tapdığı son yüzilliklərin təcrübəsi göstərir ki, onun tərəqqiyə intellektual xidmət səviyyəsi ən önəmli keyfiyyətdir. Bu səbəbdəndir ki, ziyalı və intellektual anlayışlar bir sıra hallarda eyniləşdirilir.

Mənim tanıdığım və qəbul etdiyim belə ziyalılardan biri də Simran Həsənovdur. Səmimiyyətimə inanın, İsmayıllı sözü deyiləndə gözlərim önünə Simran müəllimin nurlu çöhrəsi, gülümsərliyi, səmimiyyəti gəlir. Simran müəllim kimi ziyalı onu əhatə edən ətraf aləmdə, həyatda və zəmanəmizdə baş verənlərin, bütün hadisə, proses və problemlərin üzərinə işıq (ziya) salan, onlara aydınlıq gətirən, insanlara dürüst yol göstərəndir. Onu tanıdığım günlərdən bu yana deyə bilərəm ki, o, humanist, demokratik düşüncənin, yüksək milli və bəşəri dəyərlərin daşıyıcısı, ali keyfiyyətlər sahibi olan insan kimi yadımda qalıb. Bir çoxu ondan hələ öyrənməlidirlər. İlk növbədə ictimai hadisələrə obyektiv yanaşmanı bacarmağı, tarixi şəraitdən düzgün baş çıxarmağı, ölkənin, vətən torpağının, ətrafındakı insanların, doğulduğu yurdun, məkanın taleyi ilə bağlı qərarların qəbul edilməsində fərqlənməyi və sair. O, fəaliyyətində vətənpərvərlik ideyasını daim üstün tutur, milli mənlik şüurunun inkişafına önəm verir.

Bu gün bir həqiqəti unutmamalıyıq ki, cəmiyyət həyatında ziyalının rolu yüksəldikcə onun sözünün ictimai məsuliyyəti də artır. Bu isə ölkədə mənəvi-psixoloji mühitin sağlamlaşmasına, güclənməsinə müsbət təsir göstərir. Şübhəsiz, bu, həm də son nəticədə ziyalının vətəndaş mövqeyinin ifadəsinə çevrilir və hər bir ziyalı öz fəaliyyətində irəli sürdüyü mövqeyə görə məsuliyyət daşıyır. Ziyalı hər zaman özünün yüksək davranış mədəniyyəti, zəngin daxili aləmi və nümunəvi əxlaqı ilə seçilir. Bu, tarixən belə olmuşdur, indi də belədir və belə də olmalıdır. İllər uzunu müşahidələrimə əsasən tam cəsarətlə deyə bilərəm ki, sadaladıqlarımın hamısını Simran müəllimdə sezmək olar.

Simran müəllim haqında çox yazmaq olar. İsmayıllının səfalı Buynuz kəndində doğulub, orada böyüyüb, təhsil alıb. Sonra ali təhsil alaraq Bakıda çalışıb. Bir müddət bizim sahənin yolçusu kimi də böyük nüfuz qazanıb. Sonralar müxtəlif sahələrdə fəaliyyət göstərən Simran Həsənov hazırda Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəridir. Hüquq üzrə fəlsəfə doktorudur.

4 il əvvəl Milli Məclisin deputatı olmuş dostu Çingiz Qənizadənin “525-ci qəzet”in 3 sentyabr 2016-cı il tarixli sayında yazdığı “Taleyini özü qazanan dostum” adlı yazıdan bir sitat yerinə düşər:

“3 ilin söhbətidir, isti bir yay səhərində tezdən telefonuma belə bir mesaj  gəldi:

Bu səhər dünyaya bir insan gəldi

Payladı hamıya rütbə, san gəldi

Mənimtək bir pillə qalxmayan kəsi,

Baba zirvəsinə qaldıran gəldi…

Tanış dəst-xətt idi… Hətta ən ciddi məsələləri də bəzən incə yumora çevirməyi bacaran tələbə dostum Simranı tanıdığım uzun illər ərzində onun bu cür “yaradıcılıq” nümunələrinin çox şahidi olmuşdum. İndi də nəvəsinin dünyaya gəlməsi sevincini bizimlə belə bölüşürdü. Əslində isə adi insani sevincini zirvə kimi dəyərləndirən, ölkənin həm hüquq ictimaiyyətinə, həm də mətbuat işçilərinə yaxşı tanış olan dostum – Simran Həsənov bu günlərdə 60 ili tamam olan həyatında bir insan ömrü üçün kifayətdən də artıq hesab edilə biləcək çox uğurlu pillələri qalxıb və inanırıq ki, bundan sonra da qalxmaqda davam edəcək”.

Bu gün isə 64 yaşı tamam olur Simran müəllimin. Sizə möhkəm cansağlığı, Babadağ kimi uzun ömür, qarşıdakı fəaliyyətinizdə, işlərinizdə uğurlar arzulayıram.

Daşdəmir ƏJDƏROĞLU

Şərh Yaz