Torpaq müqəddəsdir                                                

Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Ruslan Marif oğlu Bədəlov 23 mart 1969-cu il tarixdə İsmayıllı rayonunda düyaya göz açmışdı. İsmayıllı şəhər 1 nömrəli orta məktəbi bitirmişdi. 1987-1989-cu illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdu. Hərbi xidmətdən qayıtdıqdan sonra sevdiyi xanımla nişanlanmışdı… Lakin toyu hər iki tərəfin razılığı ilə Qələbədən sonraya saxlamışdılar. Axı Ruslan erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getməli idi… 1992-ci ilin noyabr ayında İsmayıllı Rayon Hərbi Komisarlığına könüllü müraciət edən Ruslan, cəbhə xəttinə, döyüşlərdə iştirak etməyə yollandı…

Ruslanın bölməsi Ağdam rayonunun Mərzili kəndində yerləşirdi. Bura cəbhə bölgəsinin mühüm, strateji nöqtəsi idi. Oradan həm Ağdam-Füzuli magistral yoluna, həm də Dağlıq Qarabağı aşağıdakı rayonlara birləşdirən rabitə xətlərinə nəzarət edilir, həmçinin burdan erməni yaraqlılarının hərəkət və yerdəyişmələrini izləmək mümkün idi.

Bir gün Qarakənddə erməni qüvvələrinin cəmləşməsi barədə bizim komandanlığa məlumat daxil olur. Orada nələr baş verdiyini dəqiqləşdirmək üçün xüsusi kəşfiyyat dəstəsi göndərmək qərarı alınır. Tapşırığın vacibliyini və çətinliyini nəzərə alaraq, dəstəyə ən cəsur və ən hazırlıqlı döyüşçüləri daxil edirlər. Onların arasında Ruslan da var idi…

Soyuq qış gecəsi idi. Axşamdan yağmağa başlayan qar bütün gecəni davam etmişdi. Təbiidir ki, qar-çovğun kəşfiyyatçıların hərəkətini xeyli çətinləşdirirdi. Lakin düşmən mövqelərinə gizli yanaşmaq, hərəkət izlərini gizlətmək baxımından belə hava şəraiti əlverişli idi. Ən çətini isə ermənilər tərəfindən də gecə-gündüz müşahidə altında olan magistral yolu keçmək olacaqdı. Kəşfiyyat dəstəsi yolu uğurla keçdikdən xeyli sonra kəndin gediş-gəlişi nisbətən az olan sağ həndəvərinə çıxdı. Gecə yarısından xeyli keçmişdi. Girəcəyi qar topası ilə örtülmüş kiçik bir daldanacaqda dayanıb müşahidə aparılırdı. Səhərə yaxın qar daha da güclənmişdi. Müşahidələr gündüz də davam etdirdildi. Kəndin orta meydanında, kolxoz idarəsinin və məktəbin həyətində həqiqətən də böyük canlanma varıdı. Tankları, zirehli maşınları avtomobilləri və topları demək olar ki, dəqiqliklə saydılar. Axşamdan xeyli keçmişdi. Dəstə geriyə yola düşdü: əldə olunmuş məlumatları tezliklə komandanlığa çatdırmaq lazım idi…

Lakin səfər 1993-cu il fevralın 1-də gözlənilməz bir sonluqla başa çatdı. Kəşfiyatçılarımız yollarının üstündə, kiçik təpəliyin yanında pusquda durmuş erməni yaraqlıları ilə üz-üzə çıxdılar. Artıq əlbəyaxa döyüş belə başlamışdı. Düşmən silahlarından birini kəşfiyyat dəstəsinin komandirinə tuşladığını güman edən Ruslan cəld bir sıçrayışla özünü komandir tərəfə atdı və bədəni ilə zabiti örtdü. Elə bu anda atılan güllə Ruslanı yaraladı. Kəşfiyyatçılar özlərini itirmədən erməni yaraqlılarını yerə sərdilər. Yalnız az sonra anladılar ki, Ruslan komandirini xilas edərkən özü ölümcül yaralanıb. Qəhrəman kəşfiyyatçının həyatda qalması uğrunda saatlarla mübarizə aparılsa da, onu xilas edə bilmədilər… Qəhrəmancasına şəhid olan Ruslan Bədəlov 1993-cü ilin fevral ayının 3-də İsmayıllı rayonunun Şəhidlər xiyabanında torpağa tapşırıldı. İsmayıllı şəhərindəki küçələrdən birinə əbədiyaşar eloğlumuz Ruslan Bədəlovun adı verilib. Məzarın nurla dolsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük haqq savaşında şəhid olanların əzizlərinə baş sağlığı verir, qazilərimizə Allahdan şəfa diləyirik. Onlara minnətdarıq ki, düşmən tapdağında olan torpaqlarımızı düşməndən geri aldılar. Böyük qardaşlarının, əmilərinin, dayılarının qanını yerdə qoymadılar. Torpaq – Anadır! Torpaq müqəddəsdir! Torpaq – uğrunda ölən varsa, Vətəndir!

Çinarə Bədəlova

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz