ÖZÜMƏ BƏNZƏYƏN OXŞARIM        

Artırmadakı çöl göyərçinlərinin səslərinə oyandım. Otağımın eyvana açılan qapısını aralayıb çölə çıxdım. Üfüqün Xəzərlə birləşən təmas xəttinin aydın və parlaqlığı, gözəl bir yaz səhərinin açılacağından xəbər verirdi. Mavi Xəzərin sinəsi üstündə nizamla lövbər salan gəmilər, neft buruqları, Qum adası, neçə-neçə müşfiqlərin qanı ilə suvarılan Nargin adası açıq-aydın görünürdü. Səmanın genişliyi, təmizliyi, sakitliyi hər bir kəsi qoynuna çağırır, onlarda yaşından asılı olmayaraq yaşamaq həvəsi oyadırdı.  Büllur tək şəffaf, soyuq yaz havasından köksüm dolusu alıb, otağıma qayıtdım. Çarpayımın başındakı təqvimin növbəti vərəqini xırıltılı səslə gövdəsindən qopardım. Qarşımda, tərtibatı ilə digər vərəqlərdən fərqlənən bir səhifə açıldı. Kənarları şaftalı ağacının çəhrayı çiçəkləri və bənövşələrlə, dil-dil ötən bülbüllərlə əhatəyə alınmış səhifənin tən ortasında, zövqlü şiriftlərlə yazılmış “21 Mart” sözü  xüsusilə diqqətimi cəlb etdi. Bu, bahar fəslinin gəlişinin rəmzi idi.

Oğlumun Türkiyədən gətirib divardan asdığı yantar lövhə üzərinə sancdığım təvəllüd cədvəlinə nəzər yetirdim.  Bu cədvəldə övlad, nəvə və nəticələrlə bərabər, ailəmizə yaxın olan insanların da doğum günləri qeyd edilibdir. Mart ayında doğulanlar arasında mənə yaxın olan bir insanın 100-dən 20 əksik yubileyi tamamlanırdı bu gün. Sübh tezdən zəng edib narahat etməmək üçün, əvvəlcə şəkil albomunu arayıb əksini tapdım, xəyalən təbrik etdim. Eyni zamanda albom vasitəsilə yüz il  öncə yaşamışlarımla, müxtəlif illərdə əbədiyyətə qovuşmuşlarımla, bir çox yaxın-uzaq doğma və əzizlərimlə görüşdüm, onları xatırladım, hal-əhval tutdum, ruhlarına dualar etdim. Bir az sevindim. Bir az kədərləndim. Bir az təəssüfləndim.

O, yaşça məndən gün hesabı ilə böyükdür. Növbə ilə o mənim, mən də onun anasının döşlərindən süd əmmişdik. Uşaqlığımız, gəncliyimiz bir keçibdir. Hər ikimiz barıt qoxulu İkinci Dünya müharibəsinin vəhşətlərini yaşamışıq. İkimizin də atası müharibədən geri dönməyibdir. Aclıq və səfalətin dadının nə olduğunu çox erkən dadmışdıq. Əyin-başımız nimdaş pal-paltar, ayaqlarımız basqallı Səmədin şirazi çarığını, cibimiz bir stəkan qovurğanı görəndə, özümüzü dünyanın ən xoşbəxti sanardıq. Uşaq olub oyuncaq oynatmadıq. Onları özümüz düzəltdik: almadan, armuddan, teldən, taxta qırığından, çör-çöpdən, köhnə parçalardan… Oynadığımız oyunlar çilingağac, çaqqulu, ənzəli, gizlənpaç, yellənçək asıb əylənmək olardı. Bəzən də “dava-dava” oyunu oynayardıq. Bu oyunun yaranma tarixi yaşadığımız mühitlə eyni yaşda idi. İki əks komandanın birinin adı Stalin, digərinin adı Hitler adlanardı. Hərdən-birdən hitlerçilər qalib gəlsələr də, sonda qalibiyyət stalinçilərə verilərdi. Bu, siyasi məna kəsb edərdi. Kasıbçılıq üzündən məktəbdə çox şagirdin kitabı olmazdı. Elə olurdu ki, 32 nəfərlik sinifdə müəyyən fənlər üzrə 3-4 kitab olardı. Buna baxmayaraq, şagirdlərin əksəriyyəti dərslərə hazırlıqlı gələrdilər. Atasızlar atalılardan yaxşı oxusalar da, “5”-i atalılar alardı, (baxırdı ki, nə cür atalıdır). Nə deyim, bir quşun qoşa qanadı olduğu  kimi, biz ayrılmaz dostlar idik, o dövrü birgə yaşamışdıq. Uşaqlıq dövrünü yaşamadan birdən-birə yaşa dolduq. Birdən-birə kişiləşdik. Həyatın isti-soyuqluğunu daddıq. Ali təhsil aldıq. Vəzifə sahibi olduq, amma, keçmişimizi unutmadıq.

Səhərin şehi götürüləndə, yubilyarın ev telefonuna dəfələrlə zəng etdim. Dəstəyi götürən olmadı. Mobil telefonu ilə aradım onu. On il bundan qabaq olduğu kimi cavab gəldi ki, telefon ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır. Vücuduma sancı doldu. Quş qripindən, donuz qripindən sonra dəbdə olan koronavirus adlı xəstəlik yadıma düşdü. Qara düşüncələr məni narahat etməyə başladı. Şübhələrimə son qoymaq üçün özüm getdim onlara.

Qapını ömür-gün yoldaşı açdı. Gəlişimdən xəbərsiz idi. Qonşu otaqdan uşaq səs-küyü eşidilirdi. Qapını aralayıb baxdım. Bəh-bəh, nə görsəm yaxşıdır, yubilyar xalça üstündə uzanıb özünü nəvələrinə təslim etmişdi. Elisa adlı nəvəsi gözlərini qırpmadan  babasının qulaqlarını dartışdırır, nəticəsi Ahu ona paxıllıq edib çılğın səslə qışqırır,  körpə Hamiti isə babası köksünə sıxıb yatırtmaq istəyirdi. Zümzümə edib özünə laylay çalan Hamit yatmaq istəsə də, bu səs-küydə yata bilmirdi. Çıxış yolunu anasından əmdiyi südün yağını sorub, çürümüş hissəsini qaytarıb babasının paltarının yaxası ilə düz aşağıya qədər bulamaqda görmüşdü.

-Ay kişi, ay yubilyar, bu nə gün-güzərandır belə, – deyib hay-küylə otağa daxil oldum. İllər həsrətliləri tək qucaqlaşdıq, fəqərə sümüyümüz şaqqıldayıb yerinə düşənə kimi mən onu, o məni hərarətlə sıxdıq. Yubilyarın üst-başından çürümüş süd qoxusu gəlirdi, çağalarda olduğu kimi. Burnumu tutub rəngimi turşudanda: “Nəvələrim qatıqlayıb, bu qoxudan elə xoşlanıram ki…” –  dedi. Doğrudan da, babanın bütün yaxası quruyub izi qalmış qatıq ləkələri idi. Gəlinləri neçə dəfələrlə yumaq istəsələr də qoymamışdı. Hər dəfə də: ”Mən bu günlərin həsrətini çox çəkmişəm”- deyib təkrarlamışdı.

Evdə yubiley təntənəsinə hazırlıqda heçnə duyulmurdu. On il qabaq da belə olmuşdu. Təkcə bircə dəfə, anası sağlığında, 50 yaşının tamamında, anası Kimyə əllərini odda-ocaqda yandıra-yandıra mis qazanda öz ənənəvi çığırtmalı “Kimyə plovunu” bişirib, ailədaxili kiçik bir məclis düzəltmişdi. Bu ilki yubileyinin isə adının belə çəkilməməsində israrlı idi, onu Müqəddəs Şəhidlərimizin, üzü nurlu Səmidimizin, əsl kişi həyatı yaşamış əzizimiz Əbdülkərimin ruhuna hörmətsizlik sanırdı.

Biz, üz-üzə, diz-dizə oturub keçmiş günlərimizin xəyalına daldıq. Kövrələn kimi olduq. Arxada qalan 80 illik ömür yolu nə onun, nə də mənim gözümdə 80 saniyə kimi də görünmədi…

…Həmyaşıdım Bakı kimi möhtəşəm bir şəhərin 11 rayonunun ticarət obyektlərini mal-əmtəə ilə  təchiz edən Mərkəzi Bazanın rəhbəri olmuşdu. İşlədiyi təşkilatın işçiləri əsasən qeyri millətlərdən ibarət idi. O, ilk gündən iş otağının divarlarını milli qəhrəmanlarımızın, inqilab fədailərimizin şəkilləri ilə bəzəmişdi. Onun həm milli kadr olması, həm də qatı millətçiliyi, qeyrilərinin qısqanclığına səbəb olmuşdu. Vəzifəsinə də göz dikənlər  varmış, hər an münbit bir məqam axtarırlarmış ki, onu ləkələsinlər, vəzifəsinə sahib çıxsınlar. Belə bir məqam ötən əsrin 70-ci illərində yarandı, bir qrup erməninin və onlara bərabər tutulan qeyrilərinin yalançı, qondarma ifadələri ilə 11 illik azadlıqdan məhrum olma cəzasına məhkum edilmişdi. Dövlət əmlakını mənimsəmək barədə qaldırılan bu yalançı ittiham o vaxt tələm-tələsik qəzet və televizorlarda elan edildiyindən, ona bu gün də inananlar var, hətta, ən yaxın doğmaları belə. Amma mənimsənilən vəsaitin məbləği keçən on illiklər ərzində hələ də məlum deyil (!). O günləri xatırlayanda həmsöhbətim: “Bu dünyanın ədalətinə, ədalət adından yalancı hökm  verənlərə tü…üm”- deyir.

Məhbusluq həyatı da bir ömürdür, bir sınaq dünyasıdır. Kimin kim olduğu aydınlaşır. Ulu Şəhriyar demişkən:

Çoxlu dostlarım var idi, yaman gün gəlcəyi

Tardan özgə qalmadı yarı vəfadarım mənim…

O, məhbusluqdan qabaq necə idisə, eləcə də qaldı, bəlkə də əvvəlkindən daha xeyirxah, daha təvəzökar, daha mehriban. Allahın ona bəxş etdiyi imkanlardan istifadə edib kiminə ali təhsil verdi, kimini məhbəsdən xilas etdi, neçə-neçə qonum-qonşunun, tanış-bilişin mənzil şəraitlərinin yaxşılaşdırılmasına sanballı köməklik göstərdi, 7 nəfərin – qohum, yad olmaqla cənazəsini Sibirdən belə ayrı-ayrı yerlərdən kəndə gətirib, təmənna ummadan dəfn edilməsinə və s. vaisitəçilik göstərdi.

Hər növ mükafat və cəza, insanlara öz əməllərinə görə Allah tərəfindən  verilir. Heç bir əməl cavabsız qalmır. Allah həmyaşıdıma elə Ana bəxş etmişdi  ki, o, şəfqət, mərhəmət və məhəbbətilə sağlığında cənnəti ayaqları altına ala bilmişdi. Xeyirli övladlar tərbiyə edib böyütdüyü üçün, Allah ona, əməl dəftəri heç vaxt bağlanmayacaq axirət dünyası bəxş etmişdir. Anası bütün ömrü boyu övladlarına əsl ANA olmaqla bərabər, oğlunun məhkumluq həyatında, sözün əsl mənasında onun VƏKİLİ və HAKİMİ olmuşdur. Oğlu üçün bacarıb etdiyi işləri heç bir hüquqşünas, heç bir biği burmalı kişilər edə bilməzdi. Ona görə də anası ömrünün 92-ci ilində dünyasını dəyişəndə, bu ağır itki oğluna barmağı xınalı bir gəlin itgisi tək təsir etmiş, bu ölümün səbəbkarı kimi özünü  günahlandırmışdı – öz ömründən kəsib ona verə bilmədiyi üçün.

Qüdrətli Allahın başqa bir mükafatı isə, 2 bacının ona 12 qardaş əvəzi verməsidir. Həmyaşıdım deyir ki, əgər İlahi mənə ikinci dəfə həyat bəxş etsəydi, yenə bu qədər ömür sürsəydim, bacılarımın haqlarını ödəyə biməzdim. Vəfalı, üfüqlər kimi intəhasız, açıq qəlbə malik olan ömür-gün yoldaşı da, gül rayihəli övladları da, davamçıları olacaq nəvə-nəticələri də, gözəl-göyçək, ağıllı gəlinləri də, eləcə də, 2014-cü ildən bəri adı, soyadı hələ də bilinməyən xeyriyyəçi bir  şəxs tərəfindən həyat yoldaşı ilə birlikdə müqəddəs Həcc ziyarətinə, Məkkə, Mədinə, Ciddə şəhərlərinə göndərilməsi də, əlbəttə, Uca Allahın ona bəxş etdiyi mərhəmətdəndir, lütfdəndir.

Uzun illər ayrılığında sahibini unutmayan, ona sədaqət  göstərən, görərkən əl-ayağını od saçan dili ilə ehtirasla yalayan, fəryada bənzər uzun  kallaşmış səs çıxarmaqla sevgisini bildirən, gözləri yaşaran “Bobik” ləqəbli itinə bəslədiyi rəğbət, o zaman, üzüdönük insanlara bəslədiyi məhəbbətdən qat-qat yüksək olmuşdu. Bu, şüursuz saydığımız heyvanın ona atılan sür-sümüyə qarşı unutqan olmadığından xəbər verirdi.

Həmyaşıdım, oxşarım söhbətlərində qeyd etdi ki, inamımın qırıldığı, ümidimin itdiyi anlarda belə, hər şeyi Tanrıdan gələn imtahan kimi qəbul etmişəm. Sınmadım, əyilmədim, heç kəsin qapısına getmədim, heç kəsdən mərhəmət ummadım. İnsanlarla təmasda olarkən həmişə olduğum kimi göründüm, göründüyüm kimi də olmağa çalışdım. Boyumdan hündürə tullanmadım, heç zaman  ucuz ad-san, şan-şöhrət, var-dövlət, yalancı, saxta titullar arxasınca qaçmadım, kiminsə haqqına girmədim, kiminsə haqqını mənimsəmədim, lovğalığın, təkəbbürün nə olduğunu bilmədim. Bacardığım qədər millətimə, elimə-obama, rayonuma, kəndimə xidmətçi oldum. 60 ilə yaxın dövrdə, bir çox mərkəzi və rayon qəzetlərində dərc etdirdiyim yazılarımda həmişə onları vəsf etdim, kəndimin düyünə düşmüş yol probleminin həllinə Möhtərəm Prezidentimizin dəstəyi ilə təkan verdim. Dünyaya göz açdığım məkanın unudulmaqda olan tarixini qələmə alıb kitab şəklində ərsəyə gətirdim. Rayonumuzdan, kəndimizdən Birinci, İkinci Qarabağ vuruşlarında iştirak edən, igidlik göstərən namuslu, vətənpərvər oğullarımızı geniş ictimaiyyətə tanıtdırdım, 1918-ci il mart qırğınlarında şücaət göstərən Molla Kamil kimi el qəhrəmanlarını üzə çıxartdım, Tircan uğrunda vuruşlarda həlak olmuş xilaskar Qafqaz İslam Ordusu əsgərlərinin uyuduqları müqəddəs şəhidliyi axtarıb tapdım, xatirə lövhəsi asdım, respublika ictimaiyyətinə tanıtdırdım. Yubilyar eyni zamanda qeyd etdi ki, əgər ömür vəfa edərsə, bundan sonra da yazacağım əsərlərdə, yenə doğma yurdumu, onun dəyərli insanlarını tərənnüm edəcəyəm.

Ona bu yolda yaradıcılıq uğurları ilə birlikdə, təqvalı və xeyirli ömür arzulayırıq. Həmsöhbətimlə vidalaşarkən, nəzərlərim dəhlizdəki bədənnüma güzgüdə mənə baxan əkslə qarşılaşdı: boy-buxun bir, geyim bir, bədən bir, çöhrə bir… Deyirəm, bəlkə də elə bu, mən özüməm.

Vaqif Məmmədov

 

 

 

Şərh Yaz