Çinar boylu, səf qamətli, şux yerişli bu insan 90 yaşını yenicə başa vurmuşdu. “İsmayıllı xəbərləri” qəzetinin keçən nömrəsində onun keşməkeşli həyat yollarına bələdçilik edən bir yazı da dərc edilmişdi. Redaksiyaya gəlib, qəzeti baş redaktor Şahməmməd Dağlaroğlundan alanda, O, artıq bir gün idi ki, qara torpağa tapşırılmışdı. İnana bilmirdim ki, dünənə qədər səninlə deyib-gülən, dərdini bölüşən  dağ vüqarlı bir insan indi həyatda yoxdur. Bu ağır itgi o gündən qaynar bir  köz olub sinəmi göynədir.

1960-cı ildən – 30 yaşında olarkən “Respublikanın Fəxri neftçisi” kimi şərəfli bir ada layiq görülən Əbdülkərim Kərim oğlu Piriyev, 1930-cu ilin soyuq bir qış günündə Tircan kəndində anadan olmuşdu. Ata-anasını çox erkən itirən balaca Əbdülkərim, 13-14 yaşlarında Bakıya gəlib neft-qaz sənayesi üçün kadrlar hazırlayan sənət məktəbində təhsil alır. Əbdülkərimin ona tapşırılan işlərə məsuliyyətlə, yaradıcı həvəslə yanaşması, məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyevin nəzərindən qaçmamış, məktəbi bitirərkən onun təyinatını özü işlədiyi “Quyuların əsaslı təmir sexinə” almışdır. O, xeyli müddət burada çalışmış, zəngin istehsalat təcrübəsi toplamış, qazma işlərinin incəliklərini öyrənmiş, 1950-ci illərdə Xəzərin zəngin karbohidrogen resurslarını əldə etmək üçün dəniz-neft-qaz sənayesi sahəsi yaradılanda isə, ora işə götürülən ilk dəniz fatehərindən biri olmuşdur. Təqaüdə çıxana kimi Neftçi Qurban, Bəhmən Hacıyev, Akif Cəfərov, Xoşbəxt Yusifzadə kimi məşhur neftçilərlə çiyin-çiyinə işləmişdir.

Mən Bakıda yaşayan çox imkanlı, vəzifəli, rütbəli, titullu, geniş mənzilli xeyli tircanlılar tanıyıram. Amma, eldən-obadan Əbdülkərimin adını tutub şəhərə gələnlərin sayı daha çox olardı, onun bir palaz sığan evində hamıya yer tapılardı. Gələn qonaqlara xoş sifət göstərib qapı açan, xoş münasibət bəsləyən, süfrə açıb qonaq saxlayan Əbdülkərimin evindən savayı ikinci bir ev tanımıram. Doğma qardaşını, qohum-əqrabasını qoyub Əbdülkərimin evini seçənlər də az olmayıbdır. Bir dəfə də olsun nə özü, nə də ömür-gün yoldaşı gələnlərə turş sifət göstərməmişlər.

Əbdülkərim, inanclı insanların kəramət sahibi kimi tanıdıqları Güllüy Baba nəslindəndir. Əcdadlarının mənsub olduqları şəriət, mərifət, təriqət  və həqiqət təlimlərinə tam uyğun olaraq əməl edən Əbdülkərim, heç kəsə pis gözlə baxmaz, kimsəni müzakirə etməz, kimsəyə qibtə eləməz, xüsusən qadın tayfasına baş qaldırıb baxmazdı. Olduqca qeyrətli, namuslu, millət, el və camaat təəssübkeşi idi, darda qalanlara, arxasız insanlara arxa durardı. Yada salmaq istəyirəm ki, İkinci dünya müharibəsindən sonra Bakı, cinayət və  cinayətkarlarla dolu kriminal bir şəhər idi. Bir çox cinayətkar ünsürlər, xüsusən ermənilər, müharibədən zəif düşmüş bir ölkədə, dövlət qanunlarının işləmədiyi bir dövrdə, Bakı şəhərində at oynadırdılar. İnsanlar gündüzün günortası küçələrdə soyulur, döyülür, öldürülür, evlər qarət olunurdu. Belə bir zamanda ədalət və doğruluqları, qeyrət və namusları, igidlik və cəsurluqları ilə şəhər camaatı arasında, habelə kriminal aləmdə böyük nüfuza malik olan  Sanka Zver (Cabir), Kəbir, Dağlı Qədir, Nos Arif kimi avtoritetlərlə yanaşı, tircanlı Əbdülkərim də təcavüzə məruz qalan insanlara qahmar çıxar, müşkül, münaqişəli işləri yoluna qoyardılar. Haqq-ədalət yerini tapardı. O, 1918-ci ildə 360 tircanlının ermənilər tərəfindən qətlə yetirildiyi zaman, yalın əllə 10-15 dığanı leş edən 18 yaşlı əmisi Sofulu  İbadın oxşarı idi.

Əbdülkərim Piriyevin insani rəftar və davranışını, evdə, ailədə bir ata, evin kişisi, hörmətli bir baba kimi bütün cizgilərini təsvir edə bilmərəm. Onu deyə bilərəm ki, həyatda gördüyüm Əbdülkərimlə iş yoldaşları arasında gördüyüm Əbdülkərim arasında heç bir ziddiyyət hiss etməmişdim. O, çox həssas, incə qəlbli, səmimi bir insan idi. Acıdilliyi yox idi, amma haqsızlığa da yeri gələndə hirsini gizlətmirdi. Bu cür kişilər həyatda çox azdır.

Əbdülkərim çox qəribə insan idi. Nə ağrı-acısını, nə dərdi-sərini, nə kədərini heç kəsə bildirməzdi. Heç vaxt xəstəlikdən, çətinlikdən şikayət etməzdi və heç vaxt da ətrafdakılara mənfi enerji ötürməzdi. Ölümünə bir neçə saat qalmış həyat yoldaşının əllərini ovucları içərisinə alıb ürəyi üstə qoymuş, qızlarından həya edirmiş kimi (!) pıçıltı ilə onun qulaqlarına içini yandıran belə bir ifadə söyləyib: “İkimiz də birlikdə ölsəydik yaxşı olardı”. Əbdülkərimin bu ifadəsində həyatın vəfasızlığına, etibarsızlığına qarşı dərin bir məna, üsyankar bir duyğu  olubdur. Sonra, həkimə getmək adı ilə ayağa qalxıb paltarını geyinmiş, lakin mənzil başına çatmamış, yaxşı qonşuların əhatəsində, maşındaca əbədiyyətə qovuşubdur. Əbdülkərimi həyatda cəmi bir dəfə ağlayan görmüşdüm – oğlu Aqil 2 oktyabr 1997-ci ildə dənizdə baş vermiş vertalyot qəzasında həlak olanda. Bir də, televizor ekranında söylənilən bir şeirin təsirindən mütəəssir olduğu vəziyyətdə görmüşdüm onu. Şeir, körpə balasını dünyaya əmanət edib can verən anaya ithaf olunub. Körpənin dilindən deyilən şeirin iki misrasını xatırlayıram:

…Nahaq bu dünyaya tapşırıb getdin,

Bu dünya əmanət saxlayan deyil…

Bəli, bu dünya fərq qoymadan heç kəsi əbədi əmanət saxlayan deyil. Heç kəs bu dünyadan qədərincə kam alıb istəyinə çatmayıb və çatmayacaqdır. Bu, Uca Allahın qoyduğu qanundur.Yadda qalacaq ancaq dünyasını dəyişənlərin bu dünyada qoyub getdikləri əməlləri olacaqdır.

Əzizimiz ABI (onu belə çağırardıq), torpağımızda baharın nəfəsi duyulduğu, bahar müjdəli güllərin, çiçəklərin açıldığı, ağaçların yarpaqlandığı bir vaxtda, biz Səni çiynlərimizə alıb, ulu əcdadlarının yüz illiklərlə uyuduqları qədim Şah Abdal qəbristanlığına doğru – oğlun Aqilin yanına, qayıdışı olmayan uzaq bir səfərə yola saldıq. Səfərin uğurlu olsun. Məzar sarayın mübarək, axirət dünyan geniş və nurlu olsun. Adını tutub ailənə başsağlığı verən qonşuların, iş yoldaşlarının, kənd camatının, qohum-əqrabanın, bu mərasimdə iştirak edənlərin hamısının fikrini ifadə edib deyirəm: Sən, əsl KİŞİ həyatını yaşadın. Allah sənə rəhmət eləsin. Ruhuna fatihə.

Vaqif Məmmədov

Şərh Yaz