QADIN YAZARLARIMIZIN YARADICILIĞINDAN                  

Bilmədin

 

İndi qəlbi qırıq, ürəyi çatam,
Çəkir sınaqlara bu yara məni.
Əgər ürəyində yoxdursa yerim,
Sürüyür gözlərin bəs, hara məni?

 

Sənə öyrəşəndən, özümə yadam,
Dünyaya sığmırdım, qəfəsim oldun.
Mən sənin nəyinəm bilə bilmədim,
Sən mənim sadəcə nəfəsim oldun.

 

Ərköyün böyümüş uşaq kimiydim,
Mürgülü dərdlərə qucağam indi.
Könlü küsəyəndim, ruhu dəliydim,
Qəfil yağış döymuş ocağam indi.

 

Tutdun ayrılığın daşına məni,
Şeytanla “cəhənnəm” böldüm, bilmədin.
Səni ürəyimdə yaşatmaq üçün,
Hər gün zərrə-zərrə öldüm, bilmədin…

Turac Hilal

 

Demədi ki

 

Gözlədim, ürəkdən can deyə mənə,

Oduna yandığım can demədi ki.

Bəlkə nökər dedi, bəlkə qul dedi,

Mələyim, sultanım, xan demədi ki.

 

Doğradı qəlbimi, səhra həsrətim,

Neyləyim, yazılıb acı qismətim.

Demədi, ürəyim, ay məhəbbətim,

Sənsən damarımda, qan, demədi ki.

 

Sarıldım eşqimə Leylilər kimi,

Sevdim, elə sevdim, dəlilər kimi.

Baxanda üzümə ölülər kimi,

Könlünə “Sevdalan  yan” demədi ki.

 

Ürəyim sinəmdə küsülü qaldı,

Sözlərim gümana qısılı qaldı.

Baxışım üzündən asılı qaldı,

Günəşim, sökülüb dan, demədi ki.

Xatın

 

İnsan

Bir ovuc torpağa qismət olacaq,
Bir dünya torpağa göz dikir insan.
Dünyanın bağrını qana döndərib,
Dünyaya qəm biçib, qəm əkir insan.

 

İlahi,  zülmündən yer, göy titrəyir,
İnsafı, mürvəti atıbdı insan.
Günahlı, günahsız qana bələyir,
Vəhşilik həddinə çatıbdı insan.

 

Mənəmlik yeriyib canı, qanına,
Yer-göy mənim deyib, bağırır insan.
Silahı, sursatı qənimət bilib,
Dünyanı nifrətə çağırır insan.

 

Haqqını arayır zəif, acizlər,
İnsanlıq adı da dildə qalıbdır.
Tanrıya üz tutub, bükülüb dizlər,
Yurdsuz, yuvasızlar çöldə qalıbdı.

Mehriban İbrahimova

 

Qələbə bizimdir

 

Göyərtdin Yaşarın arzularını,

“Bitməyən döyüş”ü çatdırdın başa.

Gözü yaşlı qoydun nazlı yarını,

Məğrur adınızı çəkirəm qoşa.

 

Mənim Ramil balam, sevimli oğlum,

Vətənçün qovuşdun şəhid adına.

Qürur qalamızsan, qurbanın olum,

Vaxtında yetişdin yurdun dadına.

 

Uca şəhid adın mübarək olsun,

Sənə halal olsun ananın südü!

Demişdin: Mən gərək intiqam alam,

Qol-qanadın idi ata öyüdü.

 

Sənin al qanının axdığı torpaq,

Lalələr açacaq hər yaz gələndə.

Mərd əsgər əliylə sancıldı bayraq,

Vətəndə gör neçə şəhərə, kəndə.

 

Qələbə bizimdir, sən rahat uyu,

Ruhundan minlərlə oğul doğular.

Başlasın bu elin mağarı, toyu,

Bir də deyilməsin qəmli ağılar.

Şərqiyyə Balacanlı

 

Eyləyirsən

 

Şükür qədərinə, ey uca fələk,

Dağı ovxalayıb daş eyləyirsən.

Gövhər yetişdirib lilli sularda,

Qiymətli üzüyə qaş eyləyirsən.

 

İnsana verirsən min bir neməti,

Bir anda göz yaşı olur qisməti,

Hərdənbir əlinə verib fürsəti,

Hərdən min bəlaya tuş eyləyirsən.

 

Yamanın xeyrinə işləyir zaman,

Yaxşının başından çəkilmir duman,

Mərdə göz açmağa vermirsən aman,

Namərdi qaldırıb baş eyləyirsən.

 

Şeyda tanımayır səndən ucanı,

Sən verib-alırsan bu şirin canı,

Bezdirib yataqda xəstə qocanı,

Cavanı köçəri quş eyləyirsən.

Südabə Şeyda

 

Anam təbiətin şah əsridir

 

Misilsiz yaranmış həyatda ana,

Ömrünü həsr edir övladlarına.

Hamı nəğmə qoşur onun adına,

Dilimizin şövqü, laləzarıdır,

Anam təbiətin şah əsəridir.

 

Bu adı daşımaq çox çətin olur,

Ana məğrur olur, mərd, mətin olur.

Dünyanı qoruyan hikmətin olur,

Yer üzünün zinətidir, zəridir,

Anam təbiətin şah əsəridir.

 

Evimizin dirəyidir analar,

Hamımızın gərəyidir analar.

Təbiətin ürəyidir analar,

Təbiət Allahın şah əsridir,

Anam təbiətin şah əsəridir.

 

Baş əyirəm, ana, sənin qarşında,

Saflığına təzim edir altun da.

Əsil ananın ayaqları altında,

Cənnət məkanıdır, cənnət yeridir,

Anam təbiətin şah əsəridir.

Elnarə Günəş

 

Şəhidlər

 

Ölməzlik zirvəsi ölümləriylə,

Əbədi bir ömür aldı şəhidlər.

Azadlıq eşqiylə, əməlləriylə,

Vətən fədaisi oldu şəhidlər.

 

Ürəklər sızladı, gözlər ağladı,

Sinələr odlandı, üzlər ağladı.

Soldu çiçək kimi yüzlər ağladı,

Şəhid xiyabanı saldı şəhidlər.

 

Neçə günahsızın töküldü qanı,

Yüzlərlə insanın qıyıldı canı.

Boğmaq istədilər Azərbaycanı,

Azadlıq zəfərin çaldı şəhidlər.

Nailə Yırğançaylı

 

Qismətimi taleyimdən çıxmaram

 

İndi bildim bənövşələr nə çəkir,

Kol dibindən boynubükük baxarsa.

Muradına rahat gedib çatarmı?

Çay burulub əyri-üyrü axarsa.

 

Quşlar ötər, bülbül nəğmə oxuyar.

Qönçələrin xoş ətrini qoxuyar.

Gül çəmənə güllü çətir toxuyar,

Bülbül onu yandırarsa, yaxarsa.

 

Mən günəşə sarı deyib baxmaram.

Hər acıdan gözlərimi sıxmaram.

Qismətimi taleyimdən çıxmaram.

Günlərimin pisi, nəsi çıxarsa.

Nazilə Səfərova

 

Azərbaycan əsgəri!

 

Vətən sizə anadır,

Siz Vətənin sipəri,

Tanrı sizi qorusun

Azərbaycan əsgəri!

 

Haydı, igidim haydı,

Düşmənimə divan tut,

Dayanma, dönmə geri,

Azərbaycan əsgəri!

 

Od yağdır düşmənimə,

Qoyma aça gözünü,

Vətən sənə güvənir

Ver bir müjdə xəbəri,

Azərbaycan əsgəri!!

 

Dayanma, eylə savaş,

Tök başına ağır daş,

Neynəsin, axı axıdır yaş,

Bu Solmazın sözləri,

Azərbaycan əsgəri!!

Solmaz Şirvanlı

 

Bu yaz başqa yazdır…

 

Qovuşmuş olubdu sevən-sevənə,

Yaşanan nə həsrət, nə intizardı.

Qarabağ tərəfdə illərlə qalan

Əriməli olan borandı, qardı,

Bu yaz başqa yazdı, başqa bahardı.

 

Qarabağ adında var zəfərimiz,

Doğub üzümüzə al səhərimiz.

Qurtulub kabusdan Kəlbəcərimiz,

Ağdamın xilası dünyaya cardı,

Bu yaz başqa yazdı, başqa bahardı.

 

Sözünün üstündə duraraq bayraq,

Namərdən öc alır dalğalanaraq.

Gün o gün olsun ki, qayıtsın torpaq –

Diləklər olurdu, istəklər vardı,

Bu yaz başqa yazdı, başqa bahardı.

 

Ordunun gücünü görüb əsgəri,

Arxaya yön alıb, çəkildi geri.

Keçən, ötənilki payızdan bəri

Düşmən taqətsizdi, biixtiyardı,

Bu yaz başqa yazdı, başqa bahardı!

Tamam Nur Tağlabiyanlı

 

Yaranmışam

 

Mən kədəri qovmaq üçün yaranmadım,

Əzizləyib tutmaq üçün yaranmışam.

Varlığıma yaddır mənim tənə, qərəz,

Məhəbbətlə ötmək üçün yaranmışam.

 

Duyğularım bulaq kimi daşar mənim,

Eşqim gülər, saf ilhamım coşar mənim.

Sevən könlüm məhəbbətlə yaşar mənim,

Rəhmət yolu getmək üçün yaranmışam.

 

Qəlb ağlasa, gözlərimdən xəbərsizəm,

Həsrət olsa, sözlərimdən xəbərsizəm.

Ömür ötür, izlərimdən xəbərsizəm,

Mən də sonda itmək üçün yaranmışam.

 

Sevən könlüm öpmək istər çiçəkləri,

Sirdaş sanar bütün sevən ürəkləri.

Qoy əsməsin ömrün acı küləkləri,

Mən vüsala çatmaq üçün yaranmışam.

Gülxar Cəbiqızı

 

Torpaqdan pay olmur   

 

Can evimin tikiləni Vətəndir,

Kəfən kimi büküləni Vətəndir.

Gözümüzə töküləni Vətəndir,

Torpaqdan pay olmur, haydı igidlər!

 

Qəhrəmanlıq, həm xilaskar donundan,

Ömürlərin əvvəlindən, sonundan.

Vətəninə qan, can ayır canından

Torpaqdan pay olmur, haydı, igidlər!

 

Düşməndir yurd alan, Vətən dağıdan,

Ah çəkmə, bu dəfə dərddən, ağıdan.

Vətən torpağını alın yağıdan,

Torpaqdan pay olmur, haydı, igidlər!

 

İgidlərin hünərindən deyin siz,

Qəhrəmanlıq libasını geyin siz.

Düşmənləri yer üzündən silin siz,

Torpaqdan pay olmur, haydı, igidlər!

 

Bizimkidir nurlu səhər, gələcək,

Vətən, eldir, igidlərlə güləcək.

Düşmən elə ayağında öləcək

Torpaqdan pay olmur, haydı, igidlər!

Surə Ziyadqızı

 

Günahsız yaşayaq

 

Böyük günahları dar şüşələrdə,

Satıb çörək pulu qazananlar var.

Doğrunu oğruya edib ərməğan,

Sevgiyə nifrəti qatan anlar var.

 

Hər şərdən bir xeyir umduq yaşadıq,

Hamı tək özünü düşündü, durdu.

Bəzən haqqa gözü yumub yaşadıq,

Çoxları cibini düşündü durdu.

 

Yığaq günahları bəlkə bir yerə,

Çoxalmasın deyə kəsək kökünü.

Bir sevgi toxumu səpilsin yerə,

Almayaq çiyinə günah yükünü.

Gülsüm Maisqızı

 

Ay İsmayıllım

 

Mən qonaq gedirəm, qayıdacağam,
Sənsiz qalanmıram, ay İsmayıllım!
Bakının o qızmar, sərt havasında,
Nəfəs alammıram, ay İsmayıllım!

 

Qayıdış günümü sayıb gedirəm,
Ətrini ruhuma yayıb gedirəm,
Ruhumu qoynunda qoyub gedirəm,
Fikrə dalammıram, ay İsmayıllım!

 

Səninlə çöhrəsi şad görünürəm,
Sənsiz harda olsam, yad görünürəm,
Bir yerə yazılmış ad görünürəm,
Şəhla olammıram, ay İsmayıllım!

Şəhla Ramazanqızı

 

Günəş hara gedər, dağlar olmasa

Dağlar Günəş üçün doğma bir qucaq,
Günəş hara gedər dağlar olmasa?
Günəş də dağlarçın yanan od, ocaq,
Günəş hara gedər, dağlar olmasa?

Dağlar arxasında gizlənir axşam,
Səhərin gözüylə gözlənir axşam.
Dağların boyunca düzlənir axşam,
Günəş hara gedər, dağlar olmasa?

Günəşə yataqdır dağlar arxası,
Dağlara bağlıdır onun dünyası.
Səhərlər dağlardır ilk əlifbası,
Günəş hara gedər, dağlar olmasa?

Günəşin ilk nuru dağlara ayan,
Dağlardır Günəşin nurunu yayan.
Dağlardır yeri də göyə calayan,
Günəş hara gedər, dağlar olmasa?
Aidə Gədəbəyli

 

Ana

 

Yenə də yadıma düşürsən, ana,

Ürəyim qabardı, gözüm ağlayır.

Fələk saldı hərəmizi bir yana

Səninlə gəzdiyim izim ağlayır.

 

Ay ellər, anamı salanda yada,

Gözlərim bənzəyir dolan buluda.

Ürəyim göynəyir, tabsız ruhum da,

Qalmayıb bir qətrə dözüm, ağlayır.

 

Gözümdə gözünün əksi boylanır,

Təbiət canlanır, güllər oyanır.

Sənin yoxluğuna ürəyim yanır,

Danışsam hər kəlməm, sözüm ağlayır.

Xuraman Baxış

 

Ay bahar

Qarşılayır səni yenə el-oba,

Qədəmlərin mübarəkdir, ay bahar!

Qəmli-qəmli bürünüblər çarşaba,

Bənövşələr nə kövrəkdir, ay bahar?

 

Hamımıza Tanrı adlı ad dayaq,

Ocaq çataq, üstündən də adlayaq.

Tonqalları Qarabağda odlayaq,

O, gün hökmən gələcəkdir, ay bahar!

 

Gəlişindən yurduma nur tökülər,

Namərdlərin qəddi qat-qat bükülər.

Vətənimdən qara əllər çəkilər,

Ana birdir, Vətən təkdir ay bahar!

Məhəbbət Osmanova

 

Şərh Yaz