Yeni doğulmuş oğul qəhrəman atasını ziyarət edib               

Martın 3-də İsmayıllı rayonundan olan, Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ramil Musayevin oğlu dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə övladına verilib.

Mart ayının 16-da şəhidin körpə yadigarı İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin əməkdaşları, həmçinin şəhidin ailə üzvləri və qohumları tərəfindən qarşılanıb.

Öncə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Sonra balaca Ramil yeni tikilmiş evinə gətirilib. Onun şərəfinə qurbanlar kəsilib.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib. Ötən il oktyabrın 3-də Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İsmayıllı şəhərindəki “Həzrə” qəbiristanlığında torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə R.Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayır. Şəhidlərimiz ehtiramla yad edilir, ailələrinə mütəmadi baş çəkilir, mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Bütün şəhid övladları kimi yeni doğulan Ramil də daim qayğı ilə əhatə ediləcək. Onun müstəqil, azad, bütöv Azərbaycanda xoşbəxt və firavan böyüməsi üçün dövlət səviyyəsində bütün tədbirlər görüləcəkdir.

Şərh Yaz