Zirvələrə gedən yol

Tarix boyu insanlar təhsilə özünün təkamül forması kimi baxıb. Təhsildə baş verən yeniliklər həyati zərurətdir. Gündən-günə inkişaf edən cəmiyyətdə təhsil də yüksək pilləyə qalxır. Hər bir xalqın inkişafı onun təhsili ilə bağlıdır. Artıq elə bir cəmiyyətdə yaşayırıq ki, insanları müasir inkişafdan kənarda təsəvvür etmək çətindir. Təhsilin üsulları artıb, daha da təkmilləşdirilib, elektronlaşdırılıb. Milli təhsil sistemi respublikamızın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amillərdən birinə çevrilib.
Zirvələrə gedən yol
Bizim bir məqsədimiz var: Azərbaycanı çiçəklənən, daha da inkişaf edən, firavan, qüdrətli dövlətə çevirməyə qadir olan, müstəqillik ideyalarına sadiq, yeni təfəkkür tərzini qoruyaraq müasir tələblərə cavab verən sağlam, əqidəli, milli ruhlu nəsil yetişdirmək.
Təhsil insan kapitalı deməkdir. Savadlı şagirdlər gələcəyin sağlam cəmiyyətini formalaşdırır. Bacarıqlı, savadlı şagirdlər özlərini müxtəlif yarış və müsabiqələrdə, fənn olimpiadalarında tanıdırlar. Bu il də məktəbimiz dərs ilini yeni uğurlarla başladı. Məktəbimizin şagirdləri rayon və respublika müsabiqələrində, bilik yarışlarında fərqlənmişlər. Bu uğurları bizə qazandıran şagirdlərdən biri də X sinif şagirdi Talıbzadə Vaqifdir.
Vaqif məktəbimizin çox sevilən, fəallığı, bilik və bacarığı ilə seçilən şagirdidir. Noyabr ayında “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışmasının rayon turunda məktəbimizin komandası I yeri, zona turunda isə II yeri tutub. Hər iki yarışda Vaqif öz fəallığı, bilik dairəsi ilə seçilib. 13 dekabrda Şamaxı Hazırlıq Mərkəzinin keçirdiyi bilik yarışında I yerə çıxaraq Diplom və qiymətli hədiyyə ilə (velosipedlə) mükafatlandırılıb. Həmin mükafatlar məktəbimizin şagirdlərinin qarşısında verib. Belə nailiyyətlər şagirdlərimizin elmə olan marağının daha da artmasına kömək edir.
Bu günlərdə məktəbimizin qapısını daha bir şad xəbər döydü: X sinif şagirdi Talıbzadə Vaqif Oqtay oğlu respublika fənn olimpiadalarının final mərhələsində Coğrafiya fənni üzrə ən yüksək nəticə toplayaraq I yerə layiq görülüb. Bu böyük uğur, sevindirici qələbədir.
Artıq Vaqif qızıl medalın sahibidir. Bu qələbə münasibətilə onu təbrik edir, ona yeni təhsil uğurları və can sağlığı arzulayırıq.
Vaqif məktəbdə oxuduğu illər ərzində bütün fənlərdən həmişə əla qiymətlər alaraq dərs ilini tərifnamələrlə başa vurub. Şagirdlərə qarşı münasibətdə, dostluqda fərqlənir. Vaqif həm də sinif nümayəndəsidir. O özünü bu işdə də bir təşkilatçı kimi gözəl ifadə edir. Ona müraciət edən sinif yoldaşları çətinliklərdən çıxarmağı bacarır, dostluq köməyini onlardan əsirgəmir.
Vaqif qeyri-adi biliyi, hafizəsi, fəallığı, səmimiliyi ilə hamını heyrətləndirir. Rayon məktəbliləri arasında keçirilən intellektual yarışlarda fərqlənir və müxtəlif hədiyyələrlə mükafatlandırılır. Vaqif məktəbimizin gözüdür. Bu qabiliyyətlər demək olar ki, ona ailə ənənələrindən gəlir. Böyük bacısı Sevinc 2011-ci ilin buraxılışında, bacısı Leyla 2014-cü ilin buraxılışında 600-dən yuxarı bal toplayaraq BDU-nun riyaziyyat fakültəsinə daxil olmuşlar. Sevinc həmin ali məktəbi qurtardıqdan sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur.
Hər bir bina möhkəm təməl üzərində dayandığı kimi hər bir bilik də bir mənbədən, bir ailə ənənəsindən yaranır. Vaqif həm də ziyalı bir ailənin övladıdır. Belə ailənin övladı da məhz Vaqif, Leyla, Sevinc kimi olar. Biz belə ailələrlə fəxr edirik.
İnanırıq ki, Vaqifin bu müvəffəqiyyətləri daimi olacaq. Gələcəkdə elmimizin, təhsilimizin inkişafına öz töhfələrini verəcək. Onun böyük qələbəsi rayonumuzda təhsilin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu uğur münasibətilə Vaqifi, bütün dostlarını, müəllimləri, onu sevənləri ürəkdən təbrik edir, ona elmin yollarında daha yüksək zirvələr fəth etməyi arzulayırıq!
Zirvələrə gedən yolZirvələrə gedən yol
Şərafət Bayramov,
“Ən yaxşı müəllim”, “Elektron təhsil” müsabiqələrinin ikiqat qalibi

Şərh Yaz