Partiyanın nümayəndə heyəti İsmayıllıda

Yeni Azərbaycan Partiyasının dəvəti ilə respublikamıza gələn Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti may ayının 7-də İsmayıllı rayonunda olub.
Qonaqlar İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanıblar. Mərkəzin foyesində məktəblilərin tarda və pianoda səsləndirdikləri milli musiqi nümunələri, o cümlədən muğam və mahnılar qonaqlara xoş ovqat bəxş edib.
Partiyanın nümayəndə heyəti İsmayıllıda
Yaponiya nümayəndə heyəti Heydər Əliyev Mərkəzinin konfrans zalında şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri ilə görüşüb.
Qeyd edək ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasındakı dostluq və qardaşlıq münasibətləri çərçivəsində qarşılıqlı səfərlər, hər iki şəhərin məktəblilərinin görüşləri artıq bir ənənəyə çevrilib. Hazırda şəhər 1 nömrəli tam orta məktəbində yapon dilinin tədrisi üzrə kurs fəaliyyət göstərir. Şagirdlər bu dili həvəslə öyrənirlər. Bunun nəticəsidir ki, şagirdlərdən Ülkər Aslanlının, Suğra Ağamalıyevanın, Şamxal İsrayılzadənin yapon dilində müraciətləri, suallar vermələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Yaponiyanın Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka Azərbaycana, o cümlədən İto şəhəri ilə qardaşlaşan İsmayıllıya səfərindən, mehribanlıqla qarşılanmalarından məmnun olduğunu bildirib. Azərbaycanın Yaponiya üçün önəmli bir ölkə olduğunu deyib. Ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Kazunori Tanaka Azərbaycanın böyük inkişaf perspektivlərinin olduğunu söyləyib.
Görüşdə məktəblilərin Yaponiyada təhsil sistemi, İkinci Dünya müharibəsində Naqasaki və Xirosima şəhərlərindəki faciə, Dağlıq Qarabağla bağlı sualları nümayəndə heyətinin üzvləri tərəfindən cavablandırılıb.
Kazunori Tanaka Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükə yaratdığını və bölgənin inkişafına əngəllər törətdiyini bildirib, problemin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Məktəblilərlə görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzi və buradakı dərnəklərin fəaliyyəti ilə tanış olublar.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə nümayəndə heyətinə İsmayıllı barədə məlumat verilib. İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqlara İsmayıllı sənətkarlarının əl işləri olan misgərlik nümunələri, kəlağayı və milli mətbəximiz barədə, yapon dilində nəşr olunmuş kitab hədiyyə edib.
Qonaqlar şəhərdə salınmış “Yapon bağı”, Yaponiya hökumətinin qrant yardımı ilə tikilmiş uşaq bağçası ilə də tanış olublar.
Daha sonra Yaponiya nümayəndə heyəti Lahıc qəsəbəsinə səfər edib.
Murad Məhərrəmov

Şərh Yaz