Sual-cavab Sual: Əmək müqaviləsi necə bağlanılır?

Cavab: Bildiyimiz kimi, əmək münasibətləri yazılı formada əmək müqavilələri bağlandıqdan sonra yaranır. Əmək müqavilələrinin iki tərəfi olur: işəgötürən və işçi. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanılır və qabaqcadan müddəti müəyyən edilmədən, yəni müddətsiz və ya 5 ilədək müddətə, yəni müddətli şəkildə olur.
Sual-cavab  Sual: Əmək müqaviləsi necə bağlanılır?
Əmək müqavilələrində başqa hal nəzərdə tutulmazsa, o zaman əmək müqaviləsi imzalandığı gündən qüvvəyə minir. Fəaliyyət qabiliyyəti olmayan şəxslərlə əmək müqaviləsi bağlana bilməz. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən, onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı olmalıdır.
Əmək müqaviləsi işçinin müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamalıdır (dövlət qulluqçularına şamil edilmir). Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Sınaq müddətində özünü doğrultmamış işçi ilə əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Səbirə Hacıyeva,
“R Legal Consultation” MMC-nin vəkili,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Şərh Yaz